23 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb. Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfi Hacıyev, nazir müavini Qurban Namazəliyev, Prezident Aparatında şöbə müdiri Osman Mirzəyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov kimi Azərbaycanın yüksək rütbəli dövlət rəsmiləri vardı. Həlak olanlardan 3-ü – jurnalist Alı Mustafayev, işıqçı Arif Hüseynzadə və operator Fəxrəddin Şahbazov isə AzTV-nın çəkiliş qrupunun üzvləri idi.