İlham Hüseyn
Erix Frommun ölümündən 44 il ötür. Mart ayında doğuldu, mart ayında da dünyaya vida etdi. O, sosioloq, psixoloq, filosof, psixoanalitik idi. Freyd və Marksın fikirlərini birləşdirərək, freydomarksizmi yaratmışdı. Məncə, ən məhşur əsəri “Psixoanaliz və din” dir. Amma mən onun adını “Sağlam cəmiyyət” əsərinə görə tanımışam. Deyirdi ki, sosial terapiya metodları ilə cəmiyyəti humanistləşdirmək lazımdır. Qeyd edirdi ki, sağlam insan yaradılmayınca, sağlam cəmiyyət yaratmaq da mümkün deyil. O, sağlam cəmiyyətin qurulmasını bəşəri dəyərlərə istiqamətlənməkdə görürdü.
Əslində, Frommu yada salmaqda məqsədim, onun məhşur fikirlərindən bir neçəsini diqqətinizə çatdırmaqdı. Əlbəttə, onun fikirləriylə razılaşmamaq da, əksini iddia etmək də olar. Amma istənilən halda, maraqlı, düşündürücü fikirlərdi.
- İnsanlar maddi istehlakla məşğul olduqlarından, öz əsas mahiyyətlərini unudublar. Maddi olan hər şey insanı depressiyaya salır.
- İnsan özünü həyata atılmış hiss edir. Qorxur. Tək olduğunu hiss etdikcə əzab çəkir. Ona gorə də bu əzabı bir çox yollarla dəf etməyə çalışır. Bu yollardan biri də sevgidir.
- Psixologiya bizə insanın nə olmadığını göstərə bilər. O bizə insanın, bizim hər birimizin, nə olduğumuzu göstərə bilməz. İnsan ruhu, hər fərdin özünəməxsus, individual nüvəsi əsla yetərincə anlaşılıb sözlərlə təsvir edilə bilməz. Ancaq insan sirrinin öyrənilməsinin başqa bir yolu var, bu düşüncə yolu deyil, sevgi yoludur.
- Sevgi başqa insana elə nüfuz etməkdir ki, burada mənim bilmə arzuma birləşmə arzusu tərəfindən son qoyulur. Birləşmə aktı zamanı mən səni, özümü, hər kəsi tanıyıram və mən heç nə “bilmirəm”.
- Tanrı haqqında yeganə mümkün bilgi onun nə olmadığı haqda bilgidir.
- Bizim xoşbəxtliklə bağlı təsəvvürümüz sonsuz istehlakdan ibarət olmamalıdır. Xoşbəxtlik həqiqilik, intensivlik, yaradıcı əlaqələr, özünə qarşı, təbiətə qarşı, başqa insanlara, bütün həyata qarşı diqqətlilik və hissiyyatlılıqdır. Xoşbəxtlik kədəri istisna etmir. İnsan kədərlənə də bilər, əsas odur o ətraf aləmə reaksiya verə bilir.
- Sevgi bizimçün nadir hadisəyə çevrilib. Biz özümüzü duyğusallığa, aşiqliyə bürüyürük, sevgi illuziyasına qapılırıq, ancaq əsl, dərin sevgini yaşamırıq. Bunun səbəbi odur ki, beynimiz daim əşyalara qarışıqdır və hədəfimizə çatmaq üçün uğur, pul, vəsait toplamaq dərdindəyik. Kapitalist cəmiyyətini işlə təmin etmək üçün, biz təhsilli, ağıllı ancaq içi tamam boş insanlardan ibarət təbəqə yaratdıq.