Moskva ətrafındakı konsert zalına hücumda azı 40 nəfərin həlak olduğu xəbər verilir

Son məlumat

Baza saytının adı çəkilməyən mənbələrinin verdiyi məlumata görə qurbanların sayı ən azı 62-dir.

Hadisədən bir neçə saat sonra Rusiya mediası xəbər verib ki, konsert zalına hücum edənlər hələ də ələ keçirilməyib.

Reuters və başqa agentliklər xəbər verirlər ki, İslam Dövləti (İD) ekstremist təşkilatı ona bağlı teleqram kanalları vasitəsilə bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İD-in bəyanatında deyilir ki, hücumu həyata keçirənlər “sağ və salamat öz bazalarına qayıdıblar”.

Azərbaycan XİN Moskvada baş verən silahlı hücumu pisləyib

Azərbaycanın Xarici İşlər Nazirliyi Moskva ətrafındakı “Crocus City Hall” konsert kompleksində baş verən silahlı hücumu pisləyib.

Bu barədə nazirliyinin X sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşımda deyilir:

“Moskvada “Crocus City Hall”a edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiya Federasiyasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralıların tezliklə sağalmasını arzu edirik.”

Azadlıq radiosu