Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov altı sutkadır 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edir.
Partiyadan Turan-a bildiriblər ki, bu gün Penitensiar Xidmətin Əməliyyat Rejim İdarəsinin rəisi Fikrət Qafarov onunla görüşərək bir saatdan artıq müddətə söhbət edib, bütün problemlərini dinləyib qeydlər götürüb. Məsələni aidiyyatı orqanlara çatdıracağını deyib.
Bu gün həmçinin təcridxananın tibb-sanitar hissəsində Həsənovu müayinə ediblər və məlum olub ki, onun arterial təzyiqi 80/60-a düşüb.
Partiya yoldaşları Həsənovu aclığı dayandırmağa razı salmağa çalışsalar da, o quru aclığı davam etdirir.
Həsənov aprelin 18-də məhkəmədə çıxış etmək üçün hazırladığı qeydlərin götürülməsinə etiraz olaraq aclıq elan edib.
*Elnur Həsənov 28 noyabr 2023-cü ildə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) ilə həbs edilib. Fəal hesab edir ki, həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.
Turan