Paşinyan Azərbaycana qaytarmaq üçün nəzərdə tutulan kəndləri sadalayıb

Onun sözlərinə görə, Yerevan sərhədin Ermənistan tərəfdən Bağanis kəndi yaxınlığında yerləşən hissəsində delimitasiyaya hazırdır. Azərbaycan tərəfdən kəndin qarşısında Bağanis Ayrım kəndi yerləşir.

Sonrakı hissədə erməni tərəfdən Voskepar kəndi, onun qarşısında isə Azərbaycan tərəfdən Aşağı Əskipara kəndi yerləşir.

Növbəti hissədə erməni tərəfdən Kirants kəndi, Azərbaycan tərəfdən isə Xeyrimli kəndi yerləşir.

Sonra Berkaber kəndi (erməni tərəfdən), qarşısında isə Qızıl Hacılı kəndi (Azərbaycan tərəfdən) yerləşir.

Baş nazir qeyd edib ki, Azərbaycanın bu kəndləri anklav deyil, Bağanis, Voskepar, Kirants, Berkaber kəndləri isə “hər zaman Ermənistanın xəritəsində qalacaq”.

Paşinyan Voskepar kəndinin sakinlərinin haqlı olduğunu etiraf edib. Onlar bildiriblər ki, Aşağı Əskipara kəndinin Azərbaycana qaytarılması ilə Voskepar sakinlərinin təhlükəsizlik problemləri olacaq. Anklav kəndlərin qaytarılmasından sonra logistika problemlərinin həlli üçün Ermənistan yeni yollar çəkmək və boru kəmərlərini yenidən inşa etmək niyyətindədir.

Baş nazir vurğulayıb ki, Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı sovet dövründə də Ermənistanın xəritəsindən kənarda olub, Aşağı Əskipara və Qızıl Hacılı kəndləri isə hazırda Azərbaycanın nəzarəti altındadır.

Onun sözlərinə görə, erməni tərəfi bildirib ki, delimitasiya prosesinin siyasi əsasını 1991-ci il Alma-Ata bəyannaməsi təşkil edir. Paşinyanın sözlərinə görə, delimitasiyanın aparılacağı xəritələrlə bağlı Yerevanla Bakı arasında hazırda heç bir razılaşma yoxdur.

Martın 9-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Bakının Yerevandan tələb etdiyi sərhəd kəndlərinin adlarını çəkib. Bakı səkkiz kənd arasında Qazax rayonunun yeddi yaşayış məntəqəsini və Naxçıvan Muxtar Respublikasına məxsus bir kəndi göstərib.

Martın 18-də Paşinyan Tavuş vilayətində Voskepar sərhəd kəndi sakinlərilə görüşdə Azərbaycan tərəfinin təklifləri barədə danışıb və qeyd edib ki, Ermənistan hakimiyyəti yeni müharibəyə yol verməməyə çalışır.

Erməni tərəfi danışıqlarda cavab olaraq Azərbaycan ordusunun guya işğal etdiyi 31 kəndin ərazisinin azad edilməsini tələb edir. Ancaq məlum olduğu kimi, 1992- ci ildə hərbi əməliyyatlar zamanı Azərbaycan ordusu təkcə Ermənistanın Artsvaşen kəndinin (Başkənd -Azərbaycanın Gədəbəy rayonu) ərazisinə daxil olub və indiyədək  oranı saxlayır.

Turan