Ukraynanın Zaporojye şəhərində yerləşən ən böyük su elektrik stansiyası (SES) olan – “Dnepr”ə martın 22-nə keçən gecə Rusiya zərbələri nəticəsində ciddi ziyan dəyib.
“Ukrhidroenerqo”nun direktoru İqor Sirotanın sözlərinə görə, Dnepr SES-ə iki birbaşa zərbə olub. Stansiyanın ikinci enerji bloku – SES-2 “kritik vəziyyətdədir” və onun işləyə biləcəyi məlum deyil. “Biz stansiyanı itiririk”, – Sirota deyib.
O aydınlaşdırıb ki, bir raket SES-2-nin dayağına düşüb və kranın tirləri sıradan çıxıb. Onun deməsinə görə, maşın zalı və avadanlıqlar da məhv edilib, SES-1 də zədələnib.
“Ukrhidroenerqo”dan amma bəndin dağılma təhlükəsinin olmadığı bildirilib.
Dnepr SES 1930-cu illərdə tikilib, stansiya SSRİ-də sənayeləşmə zamanı məşhur tikililərdən biri sayılıb. Stansiyanın bəndi 1941-ci ildə (İkinci Dünya müharibəsində) sovet qoşunları geri çəkilərkən dağıdılıb, müharibədən sonra bərpa edilmişdi.
Azadlıq radiosu