Bakı metrosunda qraffiti çəkən əcnəbilərə qarşı cinayət işi açılıb

Metro qatarların deposuna gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vurmaqda ittiham olunan xarici vətəndaşlara cinayət işi açılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. 

DİN-dən qeyd olunub ki, araşdırmalarla Avstraliya İttifaqının vətəndaşı P.Han Paul, Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent və Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo martın 30-da gecə saatlarında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurmalarına dair şübhələr müəyyən edilib. 

Vurğulanıb ki, əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində fakta görə cinayət işi başlanıb.

Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs, digərləri barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məsələ ilə bağlı təqsirləndirilən şəxslərin və onların vəkillərin münasibətini öyrənmək mümkün olmayıb. 

Turan