Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyev 5 il azadlıqdan məhrum edilib. Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası onunla birlikdə mühakimə olunan digər iki nəfərə – Vəfadar Axundov ilə Yusif Əliyevə isə şərti cəza verib.
V.Axundov məhkəmə zalından azadlığa buraxılıb, Y.Əliyev isə məhkəmə gedən müddətdə də həbsdə deyildi.
Hakimlər hökmdən öncə AXCP fəalına son sözünü deməyə də imkan verməyib. E.Əliyev son sözə hazırlaşmaqdan ötrü məhkəmədən vaxt istəyib. Hakim Leyla Əsgərova-Məmmədova bildirib ki, ona vaxt verilmir və vaxt istəməsi son sözdən imtina kimi anlaşılır.
Cinayət işinin materiallarında iddia olunur ki, sadalanan təqsirləndirilən şəxslər Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini çıxarışı olmadan, bələdiyyə sənədi ilə Ramo Şükürova 57 min manata satmaqla dələduzluq ediblər.
“Deyirdi ki, sən torpaq tap, adamım var”
Y.Əliyev satılan torpağın sahibidir, E.Əliyev daşınmaz əmlak alqı-satqısında vasitəçiliklə məşğul olurdu. V.Axundov da bu işdə vasitəçilikdə suçlanır.
Adları çəkilən şəxslərin heç biri dələduzluq ittihamını qəbul etmir.
E.Əliyev siyasi baxışlarına görə şərləndiyini, öncədən planlanmış təxribat nəticəsində həbs edildiyini deyir. Həbsindən öncə daşınmaz əmlak alqı-satqısı ilə məşğul olduğunu söyləyən AXCP fəalının sözlərinə görə, R.Şükürov özü günlərlə zəng edərək ondan israrla torpaq sahəsi tapmasını istəyib: “Deyirdi ki, “sən torpaq tap, adamım var, sənədləşməyə kömək edəcək, özüm çıxarış alacağam”. Bu torpaq sahəsi də sahibinə bələdiyyənin qərarı ilə verilmişdi, o da satırdı. Ondan beh istəniləndə pulun hamısını verməsi də sübut edir ki, bu bir oyun imiş. Dərhal sonra da gedib şikayət etdi. Qurulmuş plan tam icra olundu”.
E.Əliyevin vəkili Nemət Kərimli də aprelin 1-dəki çıxışında müvəkkilinin təqsirsiz olduğunu, siyasi baxışlarına görə cəzalandırıldığını deyib. Vəkil vurğulayıb ki, baş verənlər E.Əliyevin həbsi üçün hazırlanmış təxribatdır: “Bu, məhkəmə prosesində də göründü. Hətta baş verənlərin gerçək alqı-satqı olduğunu qəbul etsək belə, Elxan Əliyevin əməlində cinayət tərkibi yoxdur. Biri torpaq satır, o biri də alır. Mübahisə varsa belə, mülki qaydada həll olunmalı idi. Üstəlik, bu adam özü gəlib Elxan Əliyevi tapıb”.
N.Kərimli müvəkkilinin insult keçirməsi, himayəsində üç azyaşlı övladının olması və s. məsələləri də hakimlərin diqqətinə çatdırıb.
Vəkil əvvəlki məhkəmə iclaslarında E.Əliyevin həbsindən bir neçə gün öncə çəkdiyi və sosial şəbəkələrdə yayılmış videonu təqdim etmişdi. Cəbhəçi fəal orada bildirir ki, bir nəfər ona israrla zəng edir, ev və ya bağ sahəsi tapmasını istəyir: “Zəng edir, əl çəkmir. Deyir ki, mənə ev tap, bağ tap. Birini tapdım, xoşuna gəlmədi. Yenə əl çəkmir, indi zəng edib ki, gedək çörək yeyək, yaxından tanış olaq. Bilmirəm ki, hakimiyyətin bir oyunudur, nədir…”.
Azadlıq radiosu