Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov QHT-lərin fəaliyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib. “Qrant haqqında” qanuna edilən dəyişikliklərin vacib olduğunu düşünən F.Ələsgərov hesab edir ki, yerli QHT-lərin fəaliyyəti tam şəffaf sayıla bilməz. Və qanunvericiliyə edilən dəyişikliklər də şəffaflığı artırmağa xidmət edir.
F.Ələsgərov “Azərbaycan” qəzetinə müsahibəsində vurğulayıb ki, şəffaflığın təmin edilməsi ilə bağlı tədbirlər sadəcə dövlət sektorunu deyil, vətəndaş cəmiyyəti institutlarını da əhatə etməlidir: “Qanunvericiliyə edilmiş dəyişikliklərə görə, qeyri-hökumət təşkilatları korrupsiya hüquqpozmalarının, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər. Mühüm məsələlərdən biri qeyri-hökumət təşkilatları tərəfindən alınan qrantların Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsidir. Qeyri-hökumət təşkilatı aldığı qrantı qeydiyyatdan keçirmədikdə onunla bağlı bank əməliyyatını və ya hər hansı digər əməliyyatı həyata keçirə bilməyəcək”.
QHT-lərin fəaliyyəti ilə başqa bir qanunvericilik aktına – “Qrant haqqında” qanuna edilən dəyişikliklərə gəlincə, F.Ələsgərov hesab edir ki, vətəndaş cəmiyyəti iştirakçılarının, xüsusilə qeyri-hökumət təşkilatlarının fəaliyyəti də tam şəffaf deyil və burada da korrupsiya, çirkli pulların yuyulması hallarına rast gəlinir. F.Ələsgərov bundan sonra vurğulayıb ki, Azərbaycan dövləti xaricdən gələn qrantların dayandırılması müqabilində özü QHT-ləri maliyyələşdirə bilər.
Natiq Cəfərli: “Korrupsiyanın araşdırılmasında belə maraqlıdırlarsa, tikintiyə ayrılan milyardlarla maraqlansınlar”
REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli “Turan”a bildirib ki, F.Ələsgərovun yanaşması doğru deyil: “Bu gün bir çox dövlət və hökumət məmurları, deputatlar QHT sektorunda korrupsiyadan, yeyintilərdən danışıblar. Afərin, düz edirlər, amma, anlamırlar ki, QHT-lər Avropa və ABŞ vergi ödəyicilərinin hesabına formalaşan vəsaitlərlə maliyyələşdirilir. Əgər QHT Azərbaycan büdcəsindən, dövlət vəsaitləri hesabına maliyyələşirsə, problem deyil, xərclərin düzgün olub-olmamağını yoxlaya bilərlər, yoxlamalıdırlar da, xarici donorlardan maliyyələşən QHT-lərlə bağlı dövlət yalnız vergi məsələlərinə müdaxilə edə, vergi ödəmələrini yoxlaya bilər.
Məmurlar və deputatlar korrupsiya və yeyintilərin olmağında belə maraqlıdırlarsa hər il təmir-tikintiyə ayrılan milyardlarla manat vəsaitin aqibəti ilə maraqlansınlar, nazirlik və dövlət komitələrində olan yeyintiləri aşkarlasınlar. Bu, dövlətimizin birbaşa vəzifəsi və borcudur. Yoxsa xaricdən maliyyə vəsaiti alıb, tutalım, onun bir hissəsini müqaviləyə uyğun olmadan xərcləyibsə, qoy bunun dərdini Avropa və ABŞ dövlətləri, fondları çəksinlər ki, onların vergi ödəyicilərinin hesabına formalaşan fondları azərbaycanlılar “basıb-yeyiblər”. Nə isə, sadə məntiq bunu deyir, ayıbdır, ildə cəmi 2-3 milyon dollarlıq dövriyyəsi olan QHT sektoruna belə hücum etmək məntiqsizlikdir, orta və uzun vədədə dövlətimizin özünə ciddi ziyan vuracaq. Çünki, vətəndaş cəmiyyəti məhdudlaşdırılanda mütləq radikal qrupların sayı və nüfuzu artır, bunu tarix dəfələrlə sübut edib”.
Mirvari Qəhrəmanlı: “Mövcud qanunvericilik QHT sektorunun çöküşünə start verib”
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə hesab edir ki, QHT sektoru ilə bağlı Azərbaycandakı mövcud durumu bu sektorun müstəqilliyinin əlindən alınması kimi dəyərləndirmək olar: “Ölkənin demokratikləşdirilməsi sütunları olan siyasi partiyalar, müstəqil mətbuat, müstəqil QHT-lər sıradan çıxarılır, bu halda hökumət düşünməlidir ki, bu boş qalan meydana hansı qüvvələr çıxa bilər.
M.Qəhrəmanlı bildirib ki, bu sahədə qanunvericiliyin sərtləşdirilməsi şəffaflığı və QHT-dövlət münasibətlərinin sadələşdirilməsini təmin etməyib. Hüquq müdafiəçisinə görə, mövcud qanunvericilik əslində QHT sektorunun çöküşünə start verib.
Mehman Əliyev: “Nəyə görə indiyə qədər Ilham Əliyevin korrupsioner məmurlar barəsindəki hədələri nəzərə alınmayıb”
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, QHT sektoruna qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur. Indiyə qədər QHT-lərin normal fəaliyyət göstərdiyini və Vergilər Nazirliyindən heç bir irad almadığına diqqəti yönəldən M.Əliyev vurğuladı ki, nəyə görə indiyə qədər I.Əliyevin korrupsioner məmurlar barəsindəki hədələri nəzərə alınmayıb. Həmin məmurlar cəzalandırılmayıb: “Burada belə bir sual yaranır əgər dövlətin QHT-ləri maliyyələşdirmək imkanları varsa, nəyə görə dövlətin ayırdığı vəsaitlər xarici dövlətin ayırdığı vəsaitlərdən bir neçə dəfə az olub. O da etiraf olunub ki, dövlətin maliyyələşdirdiyi layihələr media tərəfindən işıqlandırılmır. Azay Quliyev özü dəfələrlə bu açıqlama ilə çıxış edib”.
Xəyal