İlham Hüseyn
Fəzail Ağamalı deyib ki, Əli Kərimli və ətrafındakılar prezidentin qarşısında baş əyib, üzr istəməlidir.
Əvvəla onu deyim ki, deputatlıq seçkiylə deyil, təyinatla olanda belə “şedevr”lərin yaranmağı təbiidir.
Amma məsələnin açar nöqtəsi var və o nöqtəyə diqqət edək. Biz “rus qoşunları ölkədən çıxarılsın” deyəndə, səhv tələb qoymuşduq ki, indi də çıxarıldığına görə üzr istəyək? Əgər bu gün rus qoşunlarının ölkədən çıxarılmasını hökumət sözçüləri fərəhlə tirajlayırlarsa, deməli, bizim tələbimiz haqlı imiş. Deməli, bu qoşunların ölkəmizdə olmağı mənfi, təhlükəli hal imiş.
Fəzail Ağamalının ağlıyla düşünsək, biz Xankəndinin alınmasına görə də üzr istəməliyik. Çünki, Fəzailkimilər “münaqişə bitib” deyəndə, biz “münaqişə bitməyib, ərazibütövlüyü təmin edilməyib” deyirdik. Zaman da göstərdi, hökumət də etiraf etdi ki, biz haqlı olmuşuq. Biz doğru addıma “doğrudur, yanlış addıma “yanlışdır” deyirik. Rus qoşunlarının “sülhməramlı” adı altında ölkəyə gətirilməyi yanlış idi, ölkədən çıxarılmağı isə düzgün addımdır.
Amma bu da var ki, o qoşunları hökumətin qətiyyəti deyil, Rusiyanın razılığı ölkədən çıxardı.
Fəzailin məntiqinə görə, sabah uşaq pulu verilsə, biz hökumətdən yenə üzr istəməliyik. Çünki uzun illərdi bu tələbi səsləndiririk. Göründüyü kimi Fəzail Ağamalı absurdun fəzasında gəzişir.
Amma üzr istəmək söhbəti gündəmə gəlibsə, gərək yaxın keçmişə nəzər salaq.
Ölkənin milyardlarını offşorlara daşıyanlar, Tərtər terroruna göz yumanlar, 300-ə yaxın ləyaqətli insanı şərləyib, zindana salanlar, vətəndaşın seçmək haqqını oğurlayanlar, onlarla qazini intihara sürükləyənlər, ölkəni şəxsi bostanına çevirənlər üzr istəməlidir. Seçkili orqanda təyinatla oturanlar isə ikiqat üzr istəməlidir.