Köçəryanın daxili işlər naziri intihar edib

Ermənistanın sabiq polis rəisi, Robert Koçaryanın prezidentliyi dövründə daxili işlər naziri olmuş Hayk Harutyunyanın cəsədi onun Kotayk vilayəti Bjni kəndindəki evində tapılıb, Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti bildirib.

İlkin məlumatlara görə, 23 sentyabr gecə yarısı hadisə yerinə gedən operativ-istintaq qrupu Harutyunyanın başından güllələnmiş cəsədini aşkar edib.

“Şahidlər dindirilib. Əldə edilən məlumata görə, hadisə axşamı Hayk Harutyunyan çoxlu spirtli içki içibmiş”, – məlumatda deyilir.

Daha sonra İstintaq Komitəsi hadisə yerində qan izləri və PMS tipli tapança və 1 ədəd giliz tapıldığını bildirib.

Ermənistan Cinayət Məcəlləsinin 110-cu maddəsinin (intihara çatdırma) 1-ci hissəsi üzrə cinayət işi başlanıb.

“Cinayət işi çərçivəsində keçmiş polis rəisinin həyətindəki və Bjni kəndində yerləşdirilmiş videokameraların yazıları öyrənilib. Hadisə günü ərəfəsində evdə olan iki nəfərdən başqa heç kəs daxil olmayıb”, – İstintaq Komitəsinin mətbuat katibi Naira Hrutyunyan öz Facebook səhifəsində qeyd edib.

Hayk Harutyunyan keçmiş prezident Robert Koçaryanın “1 mart 2008-ci il” cinayət işi üzrə şahid idi.

Daha əvvəl hayeli.am informasiya saytı Harutyunyanın ölümdən qabaq onunla evdə olan şəxsə (adı və cinsi bildirilmir – red.) guya demişdi ki, onu “Robert Koçaryana və Geğam Petrosyana (sabiq polis qoşunlarının kimandiri – red.) qarşı yalan ifadə verməyə məcbur edirlər”.

İstintaq Komitəsinin mətbuat katibi Facebook-da öz ikinci yazısında “hadisə zamanı onunla birlikdə evdə olan şəxsin dindirildiyini” bildirib.

“O şəxs 1 mart hadisələri ilə bağlı və hər hansı təzyiq barədə heç bir söhbət olmadığını deyib”, – Naiara Harutyunyan yazıb.

64 yaşlı polis general-polkovniki Hayk Harutyunyan 1999-2003-cü illərdə Ermənistan daxili işlər naziri, 2003-cü ildən Ermənistan Polisinin rəisi (faktiki eyni statusda qalıb, nazirliyin adı və struktur tabeliyi dəyişib – red.) vəzifəsində çalışıb.

BBC Azərbaycanca