Ölkəmizdə nə baş verir?

Xaliq Bahadır

(Ölkəmizlə bağlı nə baş verir demək daha düzgün olardı)

Ulusal, etnik, sosial kimliyindən asılı olmayaraq, istənilən yurddaş üçün olduqca önəmli sorudur, deyilmi? Duyuruq, sezirik, nəsə baş verdiyini anlayırıq, ancaq nə baş verir – bilmirik. Siz də bilmirsiz, bir çox tanınmışlar da bilmir, mən də bilmirəm. Mən – hələ Sovet dönəmindən özünün ideyalarına, ideallarına bağlanaraq komsomoldan, kompartiyadan uzaq duran, uzaq durmaqla qalmayıb o çağın gırıçəklərinə uyğun olaraq Sovet rejimi ilə barışmaz olan, indiyədək saysız politoloji yazılar yazan, böyük çoxluğu doğrulan proqnozları ilə tanınan birisi – bu gün ölkədə nə baş verdiyini bilmirəm, bu üzdən bizi gözləyənlərlə bağlı proqnoz verməkdə çətinlik çəkirəm. Necə bilirsiz, bəlkə, mənim ağlım azalıb, analiz bacarığım itib? Yox da yox! Suç məndə, ölkədə nə baş verdiyini anlamayan yurddaşlarımızda, eləcə də belə durumda olan sosial-politik yönümlü tanınmışlarda deyil. Suç dədə-bala Əliyevlərin qurduqları büsbütün qapalı, üstəlik, bir sıra yaxın-uzaq güclərdən asılı rejimdədir.
Corc Oruel deyirdi: “Diktaturada ən başlıcası demokratiyanın köklü dəyərlərindən uzaqlaşmaqdır”. Demokratiyanın köklü dəyərlərindən biri AÇIQ hökumətdir. Əliyevlər özləri üçün, öz çıxarları üçün, ölkəni öz bildikləri sayaq, kefləri istəyən kimi soyub-yağmalamaq üçün büsbütün qapalı rejimdə çalışan OĞRU-KORRUPSİONER hakimiyət qurublar. Onların bütünlüklə yiyələndikləri televiziyalar, qəzetlər, saytlar xalqın-dövlətin puluyla yaşayan, varlığını sürdürən qurumlar olaraq XALQIN BİLMƏK HÜQUQUNU gerçəkləşdirmək yerinə, faktiki olaraq Əliyevlərin qurduqları antidemokratik (qapalı) sistemin – korrupsioner hakimiyətin! – muzdlu əlaltıları rolunda çıxış edirlər. Demokratik jurnalistlərin yasasal hüquqları pozulmaqla, övlət qurumlarından hansısa bilgi (informasiya) almaq olanağı olmadığından burada alınan, əldə edilən faktların yorumu, yorumdan çıxan doğru-düzgün proqnoz vermək olanağı da itirilmiş olur.
Uzun illər bundan irəli (2006-ci ildə) dış jurnalistlər qarşısında çıxış edən İ.Əliyev özünü dünyaya super demokrat kimi göstərərək demişdi: “Azərbaycan xalqında demokratiya mədəniyəti olmadığı üçün biz ona Avropanın, Şimali Amerikanın demokratiyasını tətbiq edə bilmərik”. Yüz il qabaq Avropaya, Amerikaya örnək demokratiya qurmuş Xalqı İ.Əliyev azaacıq da qaypınmadan beləcə aşağılamaqla yalan danışırdı.
Elə o il – 2006-cı ildə – İ.Əliyev ölkənin demokratikləşdiriməsi ilə bağlı ona basqı göstərən Avropaya, eləcə də Azərbaycan xalqına kələk gələrək, yalan danışaraq demişdi: “2008-ci ildən Azərbaycan demokratiyaya qapılarını açacaq”. Aradan uzun illər keçib, o qapılara – demokratiya qapılarına!- İ.Əliyev yüz yerdən qıfıl vurub, 2008-ci ildə – neft pullarının sel kimi axıb gəldiyi çağda- o, parlament tribunasından demişdi: “Biz pullarımızı o qədər çoxaldacağıq ki, heç müharibəyə də ehtiyac qalmayacaq”. Sonra nə oldu? Bir sıra uzmanların sayımına görə, ölkəyə bircə neftdən az bir arada 350 milyard dollar gəlir gəldi. Pullar necə oldu? “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” adına 100 milyarda yaxın pul çoxu mənimsənməklə daşa-divara yaxıldı; çoxu mənimsənməklə çeşidili infrastruktur projelərə səpələndi; SOKAR başda olmaqla dövlət büdcəsini doldurmalı olan bir çox dövlət qurumlarının “bocrclarını” ödəməyə yönəldildi. Bir də, bilindiyi kimi, milyarddların daşınıb yerləşdirildiyi ofşorlar var…
41 manata başa gələn qaz Azərbaycan xalqına 200 manata satılır. Türkiyəyə 5 qəpiyə (Ərdoğan Əliyevlərə Türkiyədə geniş biznes olanaı yaradıb, üstəlik, Əliyevlərin keçirdikləri bütün saxta seçkilərə Bakıdan AŞ PA-yadək “demokratik” don geydirir); Gürcüstana 7 qəpiyə satılır; Türkə-Azərbaycana nifrət ideologiyasının başında dayanan erməni kilsələrinə… pulsuz verilir!
İndiyədək bir çox çıxışlarında “Azərbaycan dövləti sosial dövlətdir, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları durur” deyən İ.Əliyevdən soruşan gərək: təhsili pullu, səhiyəsi pullu dövləti necə sosial dövlət adlandırmaq olar? Çox ünlü M.Abbaszadə deyir: “Sınaq imtahanları keçirməyə maddi imkanımız yoxdur”. Min bir yolla soyduqları xalqı indi sınaq imtahanları ilə də soyurlar. Bunun harası sosial dövlət oldu? Yüksək təhsil puluna görə sənin universitetlərindən 4-5 ildə 20 min (iyirmi min!) öyrənci qovulursa, sən hansı sosial dövlətdən danışırsan? Bir belə resursa baxmayaraq, bu ölkədə uşaqlar 1000 manat ( min manat!) borcla doğulursa, başqaları bir yana, müəllimə, həkimə verdiyin aylıq, pensiyaçıya verdiyin pensiya ayın üçdə birinə belə çatmır, ödünc olmursa, necə dilin gəlir deyirsən: “Öz vətəndaşlarına belə qiymət verən ikinci ölkə yoxdur”. Yox, bu, sosial dövlət deyil, Azərbaycan xalqına diz çökdürməyə yüklənmiş SOYĞUNÇU dövlətdir! Belə dövlətdədə nə olur olsun xalqla hakimiyət bir ola bilməz, ancaq İ.Əliyev televiziyaları ilə birlikdə elə hey “xalq-hakimiyət birliyi” ilə bağlı propaqanda aparır. O propaqanda eləcə gerçəkliyi ört-basdır etmək üçündür- hamının gördüyü, bildiyi gerçəkliyi!
Ən azı hamımız üçün ağrılı-acılı Qarabağ sorununa görə hakimiyətlə xalqın bir olmasını çox istərdik, bu yöndə bacardığımızı edərdik. Xalqla hakimiyətin birliyi propaqnda ilə olmur, ola bilməz. Yalnız xalqdan gələn, xalqı sevən, xalqa bağlı hakimiyət xalqla bir ola bilər. Bu xalqa sayğısızlıqdan, bu xalqı sevmədiyinizdən siz xalqa bağlı hakimiyət yerinə xalqa yağı hakimiyət qurdunuz. Ortadakı ANTİMİLLİ hakimiyətin iç üzünü putinçi jurnalist V.Solovyovla sorğulamada İ.Əliyev özü açıb göstərir. Solovyov ölkədəki çoxsaylı repressiya faktlarının nədən qaynaqlandığını soruşurkən İ.Əliyev deyir: “Bizim camaat belədir, özbaşına buraxsan, aləmi qatıb-qarışdırar, gərək onların üstündə sərt kontrol olsun. Onları tutub içəri atmaq, qorxutmaq gərəkdir”. Bir dövlət başçısının xalqı bundan daha artıq AŞAĞILAMASI ola bilərmi? Elə bil danışan dövlət başçısı deyil, residivistlərlə dolu bir türmənin rəisidir. Söz qonusu da, sanasan, yolagəlməz (islaholunmaz), ipə-sapa yatmaz dustaqları karsa salmaqdır.
Rejimin istədiyi kimi deyil, başqa cür düşünən, yetkin gənclik durmadan şərlənib türmələrə doldurulur. Gəncliyə yönəlik açıq, ardıcıl repressiya faktları ilə bağlı İ.Əliyev deyir: “Siyasi baxışlarına görə şərlənib həbs olunanlara görə məsuliyət daşımıram”. Saqatlı rayonundakı 21 kilometrlik Qarayevkənd-Smadakənd yolunun 11-ci kilometrinin açılışına ŞƏXSƏN MƏSULİYƏT DAŞIDIĞI üçün Bakıdan durub rayona gedir, ancaq Bakıda şərlənib tutulan siyasi dustaqlara görə MƏSULİYƏT DAŞIMIR. Bir çox bu sayaq antidemokratik, yasadışı faktlar nədənilə 15 illik hakimiyəti boyunca demokratik jurnalistlərlə qarşılaşmadan yayınan İ.Əliyev hakimiyətin indiki çətin durumunda, “xalqın prezidenti” görüntüsü yaratmaq gərəyi qaçılmazlığa çevriləndə belə, seçim üstünlüyünü hansısa az-çox demokratik jurnalistə deyil, müxalifətə-xalqa açıq antipatiyası ilə tanınan Mirşahinə verir. Beləcə, prezident administrasiyasında yazılıb ötürülmüş sorulara elə oradaca düzülüb-qoşulmuş qarşılıqlar verilir. 25 illik korrupsiya rejimi dəyişməz, korrupsiya komandası toxunulmaz qalırkən “çox böyük, çox önəmli islahatlardan” danışmaq bu xalqı qanmaz yerinə qoymaqdır! “Çoxillik, ardıcıl islahatların” doğurduğu başlıca sonuclar bunlardır: korrupsiya-repressiya rejiminin daha sərt xarakter alması ilə qanunçuluğun ayaqaltı edilməsi, tapdanması. Ölkə bu başdan o başa durğunluq rejimində, durğunluq durumundadır – Brejnev dönəmindəkindən qat-qat ötkün, yıxıcı-əzici durğunluq durumunda!

Hakimiyətdə son günlər özümlü bir dinamika görünməkdədir. Başlanğıcda biz bunu bütünlüklə 19 yanvar mitinqi ilə bağlayırdıq, ancaq, görünür, elə deyil. Düzdür, 19 yanvar mitinqi onlarda qorxu doğurdu, ancaq qorxunun yalnız 19 yanvar mitinqi ilə bağlı olmadığı getdikcə bəlirlənməkdədir. Bizim bilmədiyimiz nələrsə baş verir. 25 il bu xalqı azacıq da saymayan, 25 il bu xalqa üstdən aşağı baxan Ailə indi ölkəyə yayılıb “xalqla qardaşlaşma, doğmalaşma” görüntüləri sərgiləməkdədir. Baxırsan, kövrəlirsən. Axı, 25 il büsbütün başqa görüntü sərgiləyiblər: soyub-yağmaladıqları, uşağından böyüyünə, qadınından kişisinə, gəncindən qocasına hüquqsuz duruma gətirdikləri xalqa açıq-açığına yadlıq-antipatiya görüntüləri! Diktatura rejimləri üçün xarakterik olmayan bu sayaq kəskin dönüşlər, belə desək, 180 dərəcə çevrilmə elə-belə, öz-özünə olmur; aşırı tərpənişə, durğunluğa tərs dinamikaya nədən olan qorxulu nəsə baş verir.
Çox ola bilsin, Ailəni xalqla yaxınlaşmaya, “doğmalaşmaya” sürükləyən indiki qorxu daha çox ATƏT-in Parisdəki sərt diktəsinə bağlıdir: “gedin xalqlarınızı barış bağlaşmasına hazırlayın!”.
Erməni hökumətinin ATƏT dövlətlərinin diktə etdikləri barış bağlaşması ilə bağlı görəcəyi elə bir iş yoxdur: 1) çox-çox illər öncədən planlaşdırdıqlarna uyğun olaraq, bir neçə rayonu qaytarıb qalan işğal zonasında de-yure bərkinməklə (az qala 30 il sürdürməklə daşlaşdırılan de-faktodan sonra!) ermənilər böyük uğur qazanmış olacaqlar; 2) ATƏT dövlətlərinin (Azərbaycan coğrafiyasında qanlı qırğın, terror yoluyla “Ermənistan” yaratmış keçmiş Antanta dövlətləri!) Əliyevlərin əlilə gerçəkləşdirməyə çalışdıqları barış projesi yüz il qabaqdan tasarlanmış “Böyük Ermənistan” projesiniun indiki aşamasıdır. Bu aşama-bağlaşma indilikdə erməniliyə də, onlara arxa duran imperialist güclərə də indilikdə əlverişlidir. (“Sonrasına sonrakı aşamada baxarıq”).
Yeri gəlmişkən, Qarabağla bağlı indiki barış projesini regionda BUFER dövlətlər (üç bufer dövlət!) yaratmaq strategiyası ilə ortaya atılmış “Böyük Orta Doğu” Baş projesinin bir bölümü saymaq olar.
“Azərbaycan istənilən vaxt öz ərazi bütövlüyünü bəra edə bilər”; il başlarında “bu il doğma ata-baba ocağınıza qayıdacaqsız” kimi yalanlarla uzun illər xalqı aldadan Əliyevlərin üzərinə indilikdə çox böyük yük düşür. Onlar nə etməlidirlər? Başlanğıc olaraq indiyədək yağıcasına davrandıqları xalqla yeni ilişkilər qurmalıdırlar. Başqa cür desək, xalqı ermənilərlə yenilgən-uğursuz barışığa “hazırlamaq” öncəsi istəməsələr belə, başladıqları “quc-quc, maç-maç” görüşlərini genişləndirməklə 25 il boyunca xalqla öz aralarında yaratdıqları uçurumu ən azı dayazlaşdırmağa çalışmalıdırlar. Bu isə, göründüyü kimi, asanlıqla aradan qaldırılacaq sorun deyil. İstər Beyləqanda, istərsə də Gəncənin Xan bağında baş tutan “gözlənilməz” görüşlərin gözlənilməz olmadığı, qabaqcadan öyrədilmiş adamlardan düzülüb-qoşulduğu hamıya bəllidir.
2016-cı ildə İ.Əliyevin belə bir çıxışı olmuşdu: “Böyük dövlətlər dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün bizə təzyiq edirlər”. Böyük dövlətlər, bəlli olduğu kimi, xalqa bağlı demokratik hakimiyətlərə deyil, xalqdan uzaq diktatura rejimlərinə istədikləri kimi basqı göstərirlər – istədiklərini əldə etmək üşün!
“Azərbaycan istənilən vaxt öz ərazi bütövlüyünü bərpa edə bilər; bizim hərbi büdcəmiz Ermənistanın dövlət büdəcindən böyükdür, istəsək 1 saatın içində İrəvanı dağıdarıq” kimi çoxillik yalanlarla Azərbaycanı dağıtdınız, dövləti, dövlətçiliyi neft-qaz resurslarını, Qarabağı BÖYÜK DÖVLƏTLƏRLƏ alver obyektinə çevirdiniz, indi qalır 25 il boyunca yaratdığınız dağıntının, uçuntunun altından çıxmaq…

Sözardı. Görünür, ATƏT dövlətləri (“böyük dövlətlər”) ortaya iki dirənişli, vazkeçilməz variant qoyublar: 1) ermənilərlə barışığa getməli; 2) hakimiyətdən getməli.
Dışdan da, içdən də gözləndiyi kimi, klanın birinci varianta üstünlük verdiyi görünür.