“Sezarın haqqı Sezara, Tanrının haqqı Tanrıya!”

Səadət Cahangir

Amerika prezidenti Co Baydenin həyatını oxuyuram. İnsan həyatında nə qədər ağır zərbələr alıb, amma 80 yaşına qədər cəsur dayanıb, ləyaqətlə ayaq üstə qalıb, sonda da əsas hədəfinə çatıb. Həyatındakı iki əsas məqam insanı çox təsirləndirir. 30 yaşında həyat yoldaşını və bir yaşlı qızını avtomobil qəzasında itirib(2015-ci ildə oğlu beyin xərçəngindən ölüb). 1988-ci ilin prezident seçkilərində isə ona qarşı böyük bir haqsızlıq edilib. Prezidentliyə böyük şansı olduğu halda, çıxışının sözlərinin Nil Kinnokdan (Avropa Komissiyasının o zamankı sədr müavini) oğurluq olduğu bəhanəsiylə böyük qaralama kampaniyası ilə üz-üzə qalıb.
Kinnokun danışığının bir hissəsi ağaşıdakı kimi idi:
“Niyə min nəsil sonra universitetə gedə bilən ilk Kinnok mən oldum? Niyə Qlinis (həyat yoldaşı) ailəsindəki min nəsil sonra universitetə gedə bilən ilk qadın oldu?”

Baydenin danışığının bir hissəsi isə ağaşıdakı kimi idi:
“Buraya gələrkən düşünməyə başladım ki, niyə Co Bayden ailəsində universitetə gedən ilk şəxs idi? Niyə orada – izləyicilərin içərisində oturan həyat yoldaşım ailəsində universitetə gedən ilk şəxs idi?”

Bu kampaniyadan sonra Bayden namizədliyini geri çəkmək məcburiyyətində qaldı. Amma tarix göstərdi ki, bəzən birinə qarşı edilən haqsızlıqla bütünlükdə bir ölkə, hətta dünya itirmiş olur. Bəlkə, doğrudan, o zaman Bayden prezident seçilmiş olsaydı, indi tamam başqa dünyada yaşayırdıq? Bəlkə Tanrı onun haqqını doğru zamanda, doğru yerdə olması üçün bu günə saxlamışdı? Bəlkə həm də ona görə saxlamışdı ki, siyasətə maraq dairəsi kimi baxan Tramp kimi təsadüfi adamlardan sonra onun dəyəri daha yaxşı bilinsin?

Bunu həm də gözünün qarşısındakı intellektli, ləyaqətli, qətiyyətli siyasət adamlarını qoyub, kənar qüvvə axtaranlara dərs olsun deyə yazdım. Belə insanların dəyərini bilin, onlara qarşı haqsızlıq etməyin. Çünki onlarla bərabər edilən haqsızlığın acısını siz də yaşayacaqsınız, necə ki, 30 ildi yaşayırsınız. Əmin olun ki, o insanlar gec-tez siyasətdə layiq olduqları yerə gələcək və nə qədər tez gəlsələr, bundan qazanan siz olacaqsınız. Ortada sizin üçün on illərdir ölüm-dirim savaşı verən AXCP, Milli Şura nümunəsi var. Ədalətli olun, haqqı nahaqqa verməyin! Necə deyərlər -“Sezarın haqqı Sezara, Tanrının haqqı Tanrıya!”