Gəncə hadisələrinə görə həbs olunanlar bir neçə qrupa bölünüb. İki qrupa artıq hökm oxunub, onların şikayətinə hazırda apellyasiya məhkəməsi baxır. Hər biri 8 nəfərdən ibarət daha iki qrupun mühakiməsi isə davam edir. Bu qruplardan birindəki 8 nəfər mayın 23-də məhkəmədə iştirakdan imtina edib. Bu, Sabunçu Rayon Məhkəməsində Gəncənin Kəpəz Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi Şahin Musayev dindirilərkən baş verib. İşə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır.
Ş.Musayev ötən il iyulun 10-da Gəncədə mərkəzi meydandakı aksiya, polislərin öldürülməsi barədə danışıb. Onun dediklərinə şüşə kabinədə olan təqsirləndirilən şəxslərdən Bəkrəm Əliyevetiraz edib. Hakim Dadaş İmanov onun məhkəmə zalından çıxarılmasına göstəriş verib. Bu zaman digər təqsirləndirilənlər də buna etiraz olaraq, ayağa qalxıblar. Hakimin «kim istəyir, gedə bilər» deməsindən sonra digərləri də məhkəmə zalından gediblər. Hakim B.Əliyev istisna olmaqla, digərləri haqqında akt tərtib etdirib.
Polis rəisi deyib ki, hadisə günü meydanda Bəkrəmi görüb. Ş.Musayev iddia edib ki, Bəkrəm həmin vaxt polisə badalaq vurub yıxıb.
Ş.Musayevin dindirməsi başa çatandan sonra təqsirləndirilən şəxslər məhkəmə zalına qaytarılıblar.
8-nəfərlik digər qrupun məhkəməsində polis əməkdaşı Səbuhi Şammədli deyib ki, aksiya iştirakçılarının əllərində daş, taxta parçaları, sellofan torbalarda qazanlar vardı. O, istintaqa ifadəsini təsdiqlədiyini bildirib. Onun istintaqa ifadəsində isə təqsirləndirilən şəxslərin əleyhinə olan fikirlər yer alıb, onlar iğtişaş törətməkdə ittiham olunub.
Təqsirləndirilən Oqtay Hüseynzadə şahid polisi yalançı şahidlikdə ittiham edib.
S.Şammədlinin sualların bir qisminə «xatırlamıram» cavabı verməsinə təqsirləndirilən şəxslərin məhkəmə zalında olan yaxınları etiraz edib. Bu zaman məhkəmədə tərəflər arasında gərginlik yaranıb.
Hər iki məhkəmə prosesi mayın 24-də davam edəcək.
Azadlıq radiosu