Orxan Baxışlı
Bugünlərdə Bakıda “Azərbaycanda məhkəmə hüquq islahatları” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən dövlət rəsmiləri bildiriblər ki, bu sahədə böyük islahatlar həyata keçirilib. PA-nın nümayəndəsi Vüsal İsayev isə bildirib ki, ölkədə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı mühüm addımlar atılıb. Qeyd edib ki, bi sahədə aparılan islahatlar nəticəsində CM-yə 300-ə yaxın dəyişiklik edilib və bunun nəticəsində 1800 nəfərin cəzası yüngülləşdirilib, yaxud azadlığa buraxılıb
Reallıq isə göstərir ki, heç bir islahatdan söhbət gedə bilməz. Sadəcə olaraq kosmetik dəyişikliklər və imitasiya siyasəti həyata keçirilib. Rəqəmlərə nəzər salsaq görərik ki, məlum fərmandan sonra dustaqların sayında azalma deyil, artım baş verib. Buna görə də dövlət rəsmiləri azadlığa çıxanların sayını göstərsələr də, həbs olunanların sayını demirlər. Qulağa xoş gələn sözlər danışsalar da, hər yerdə müstəntiq, prokuror, hakim istədiyi kimi hərəkət edir.
Bəli, rüşvət aldıqları üçün nə istintaq prosesi ədalətli aparılır, nə də hakimlər ədalətli qərar qəbul edir. Ədaləti bərpa etmək əvəzinə, ittiham aktını rəsmiləşdirməklə məşğuldular. İndiki reallıqda məhbusu azadlığa buraxmaq yox, istintaq prosesini şəffaflaşdırmaq vacibdir.
Digər dövlət rəsmisi Gündüz Kərimov isə deyir ki, məhkəmə-hüquq sistemində islahatların aparılmasına ictimaiyyət də cəlb olunancaq. Amma ictimaiyyətin necə cəlb olunacağnı demədi.
Onu da qeyd edim ki, Prezident Aparatına müstəntiqlərlə, hakimlərlə, prokurorlarla bağlı minlərlə şikayət məktubu göndərilir və bunlar baxılmamış qalır. Ona görə də məsələni kökündən həll etmədikdən sonra, heç bir amistiyanın, əfv sərəncamının önəmi qalmır və bunu humanizm kimi təqdim etmək olmaz.
Əslində dövlət özü şəffaflıqda maraqlı olmalıdır. Çünki kimlərinsə tamahı nəticəsində məhbus sayı artır və dövlət büdcəsinin xərcləri çoxalır
Həbsdə olduğum dövrdə yüzlərlə məhbusla tanış oldum və hamı ilkin istintaqdakı qanunsuzluqdan danışır. Ona görə də islahat söhbətləri, müəyyən sərəncamlar hamıda gülüş doğurur. İlkin istintaqa nəzarət olunmasa, bütün addımlar mənasızdır.
İslahatlar ilk növbədə müstəntiqlərin işindən başlamalıdı. Belə olan halda məlum olacaq ki, minlərlə insan müstəntiqlərin özfəalliyəti nəticəsində məhbusa çevrilib. Minlərlə iş yenidən istintaqa qaytarılmalı və bütün ədalətsizliklərə son qoyulmalıdı. İnsan taleyi ilə alver edənlər cəzalandırılmalıdır. Əks halda, heç bir məhkəmə-hüquq islahatlarından danışmaq olmaz