Lakin dövlət orqanları bunu təkzib edir
Azərbaycanın daxili bazar və dükanlarında satılan “Qualiko” adlı toyuq məhsullarının insan orqanizmi üçün təhlükəli olması cəmiyyətdə narahatlıq yaradıb. Xatırladaq ki, bu məhsul Ukraynadan idxal olunur.
“APA-Economics”in Dövlət Gömrük Komitəsindən verdiyi xəbərə görə, ölkə ərazisinə idxal edilən bütün növ mal və nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlər yoxlanılandan, müvafiq ekspertiza və laborator müayinələrdən sonra gömrük rəsmiləşdirilməsindən keçirilir. Məlumatda bildirilib ki, “Qualiko” toyuq əti məhsullarını idxal edən xarici iqtisadi fəaliyyət iştirakçıları da tələb olunan sənədləri – Dövlət Baytarlıq Xidmətinin idxala icazə sənədini, Səhiyyə Nazirliyinin gigiyenik sertifikatını, Ukraynanın Beynəlxalq Gigiyenik sertifikatını, mənşə sertifikatını müvafiq gömrük orqanına təqdim edib. Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsində müvafiq ekspertiza aparılıb və məhsulun təyin olunmuş normativlərə uyğun olduğu müəyyən edilib. İdxalatçı şirkətin İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasına təqdim etdiyi nümunənin kimyəvi analizi də aparılıb. Laboratoriyanın sınaq nəticələrinə dair protokolunda nəmliliyin normaya uyğun olduğu göstərilib.
AİB sədri Eyyub Hüseynov deyir ki, sözügedən məhsulun təhlükəli olmasına dair xəbər müvafiq dövlət orqanının Quşçular Cəmiyyətinə rəsmi məktubundan sonra yayılıb. Yəni İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Komissiyası ekspertiza keçirərək toyuq məhsullarında normadan artıq baytarlıq preparatları aşkar edib. Laborator müayinələr nəticəsində bu ət məhsulunun insan həyatı üçün təhlükəli olması təsdiqlənib. Həmin sənədlər də Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə göndərilib:
“Bu xəbər rəsmi dövlət orqanının məlumatından sonra yayılıb. İstehlakçılar hazırda mənə müraciət edərək məsələnin paradoks şəkil aldığını deyirlər. Yəni bir dövlət orqanı məhsulun təhlükəli olduğunu, digər dövlət orqanları isə məhsulun təhlükəsiz, sənədlərinin düzgün olduğunu deyir. Bu, bir-biriylə ziddiyyət təşkil edən məsələdir. Amma bizdə belə məsələlərin necə tənzimləndiyi hamıya məlumdur”.
Doğrudan da, tərkibində insan həyatı üçün zərərli olan baytarlıq dərmanı qalıqları, naməlum mayelərin normadan artıq olduğu həmin məhsulun təhlükəsi böyük olub ki, onun idxalı və satışının qarşısının alınması üçün Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə və digər dövlət orqanlarına rəsmi müraciət edilib.
AİB sədri deyir ki, istehlakçılar ona həmin toyuq məhsulunun qutusunu təqdim ediblər. Qututun üstündə yalançı “Halal” nişanı var ki, Eyyub bəy Ukraynada bunun heç cür mümkün olmadığını vurğulayır. Həmçinin, “Qualiko” qutusunun hər birinin etiketində ingilis, rus, qazax , erməni, özbək, ərəb dillərində informasiyalar olsa da, Azərbaycan dilində heç bir məlumat yoxdur:
“Lakin dövlət orqanları həmin məhsula sertifikat verir. İstehlakçıların təhlükəsizliyinə baxan yoxdur. Nəticədə belə təhlükəli mallar istehlakçıların boğazına tıxanır”.
azadlıq.info