Türkiyə prezidenti Recep Tayyip Erdoğanın xüsusilə 15 iyul hadisələrində şübhəli bilinənlərin məhkəmədə “tək növ geyim ilə iştirakı” təklifi ilə bağlı mübahisələr və işlər davam edir.
Məhkumların geyimləri ilə bağlı dünyada fərqli qaydalar tətbiq olunur.
Erdoğan 15 iyul hadisələrinin ildönümü münasibətilə təşkil edilən tədbirdə etdiyi çıxış zamanı Fethullah Gülenlə əlaqədə şübhəli bilinənlərin məhkəməyə “Guantanamo həbsxanasında olduğu kimi tək növ geyimlə çıxarılmasına” çağırış etmişdi.
Prezidentin bu çağırışından sonra Ədliyyə Nazirliyi məsələ ilə bağlı işə başlayıb.
Dünyada isə bu məsələdə fərqli tətbiqlər mövcuddur.
Aralarında ABŞ kimi inkişaf etmiş ölkələr də daxil olmaqla, bəzi yerlərdə məhkumlar üçün tək növ geyim tətbiq olunur.
Bəzi ölkələrdə isə bunun məhkumların islah olunmasına kömək etmədiyi, ya da insan haqlarına zidd olduğu səbəbiylə illər əvvəl ləğv edilib. Beynəlxalq aləmdə isə hansısa məcburi tənzimləmə yoxdur.
Geyimlər “təhqiredici və alçaldıcı” ola bilməz
Bununla bağlı ən geniş tənzimləmələrdən biri kimi BMT-nın 2016-cı ilin yanvar ayında baş qərargahda yeni variantda qəbul etdiyi Məhkumlara Davranışda Standart Minimal Qaydalar başlıqlı qərar durur.
“Nelson Mandela qaydaları” kimi tanınan bu tənzimləmədə məhkumların öz geyimlərinə izin verilmədiyi təqdirdə iqlimə və sağlamlıq qaydalarına uyğun geyimlərin tədarük edilməsi, bu geyimlərin də “təhqiredici və alçaldıcı olmamasının” lazım olduğu bildirilib. Məhkumlara öz geyimlərini geyinmələrinə icazə verildiyi halda da bunları təmiz saxlamalarını təmin edəcək şəraitin yaradılmasına çağırış edilib.
İki müharibə arasında geyimlər dəyişdirildi
Akademik Juliet Ash cəza-edam sistemiylə bağlı ən geniş islahatların 19-cu əsrdə aparıldığını, həm memarlıq quruluşunda, həm de geyim kimi bır sıra sahədə dəyşikliklər edilərək əvvəlki əsrdə görülən xaosun ortadan qaldırıldığını söyləyir.
Ash “Dəmir barmaqlıqlar arxasında geyim-keçim: Cinayət elementi olan həbsxana geyimləri” adlı kitabında digər islahat dalğasının iki dünya müharibəsi arasında baş verdiyini və burada da tək növ geyim tətbiqi davam etsə də uniformaların dəyişdirildiyini söyləyir.
Ash “Tək növ geyim tətbiqində cəzalandırılan şəxsin geyim-keçimi də cəzanın bir hissəsi olaraq qəbul edilir. İnsanın şəxsiyyətinə və özünə olan inamı aradan qaldırmaq məqsədi daşıyır” deyir.
“Narıncı kombinzonlar”
21-ci əsrdə məhkumların tək növ geyim geyinməsi tətbiqində başı bəlalı olan ölkələr arasında Erdoğanın da çıxışında misal gətirdiyi ABŞ durur.
Xüsusilə, 11 sentyabr 2001-ci ildəki hadisələrdən sonra “terrorla əlaqəli” olduğundan şübhəli bilinən insanlara məhkumluq zamanı “narıncı kombinzonlar” geydirildi.
Geyim-keçimin həyatda “müvəffəqiyyət” qazanmağa təsir edən amillərdən biri olmasına dair 1975-ci ildə yazdığı kitabla tanınan John T.Molloy 2014-cü ildə araşdırma aparıb.
O, ABŞ-da məhkəməyə məhkumların məhkum geyimlərilə gəlməsinin hakimlər heyəti tərəfindən günahkar elan edilməsi ehtimalını artıqdığını bildirib.
Məhkumlar və məhbuslar üçün tək növ geyimin tətbiq edilməsini müdafiə edənlər isə bunun həbsxanalarda intizamı artırdığını və bərabərliyin təmin edilməsinə kömək etdiyini irəli sürüblər.
Bundan başqa onlar həbsdən qaçanların müəyyən edilməsinin tək növ geyimlə daha asan olacağı fikrini müdafiə edirlər.
Böyük Britaniya 2013-cü ildə məhkumların həbsxanalarda keçirdikləri ilk iki həftə ərzində həbsxana uniforması geymələrini zəruri hala gətirmişdi.
O dövrün ədliyyə naziri Chris Grayling bu qərarın həbsxanaların “rahat bir yer olmadığını” göstərmək üçün qəbul edildiyini bildirmişdi.
Bəzi ölkələrdə həbsxanalarda tətbiq edilən geyim-keçim qaydaları belədir:
- ABŞ: Həbsxanalarda tək növ geyim tətbiqi geniş bir şəkildə həyata keçirilir. Əyalət, açıq və ya qapalı kimi həbsxana növündən asılı olaraq tətbiq edilən qaydalar fərqlənir. Bəzi yerlərdə geyim-keçim tətbiqi cəzalandırma müddətinin bir hissəsi olaraq qəbul edilir və bu da kişi məhkumlara çəhrayı alt paltarı kimi mübahisəli qaydaların tətbiq edilməsinə səbəb olur.
- Böyük Britaniya: Həbsxanalarda zəngin ilə kasıb arasındakı fərqi aradan qaldıraraq daha bərabər bir mühit yaratmaq məqsədiylə 19-cu əsrdə tək növ geyim tətbiq edilib.
- Almaniya: Həbsxanaların əhəmiyyətli bir qismində tək növ geyim tətbiqi yoxdur. Lakin bu tətbiqin həyata keçirildiyi və məhkumların forma geyməsinin məcburi olduğu az sayda türmələr vardır. Bundan başqa maddi imkanı olmayan məhkumlara da uniforma verilir.
- Çin: Tək növ geyim tətbiq olunur. Məhkumlara parça ayaqqabı və həbsxanaya uyğun geyimlər verilir. 2005-ci ildə həbsxana şəraitinin yaxşılaşdırılması üçün peşə təhsili, psixoloji dəstək və cəmiyyət xidmətləri kimi bir sıra yeniliklər qəbul edilməsinə baxmayaraq forma tətbiqi ləğv edilməyib.
- Qazaxıstan: 2011-ci ildə törədilən cinayətlərin dərəcəsinə görə rəngli kombinzon tətbiq edilməyə başlanıb. Buna səbəb kimi məhkumların törətdikləri cinayətə görə fərqləndirilməsi, həm də həbsxanadan qaçarkən daha tez yaxalanması göstərilib.
- İsveç: Aparılan islahatlar nəticəsində uniforma geymə məcburiyyəti aradan qaldırılıb, məhkumlar da universitet yataqxanalarına bənzər bir quruluşda qalmağa başlayıblar. (BBC azeri)