«The Guardian»: «Ankaranın Qərbdən üz çevirməsinin ciddi nəticələri ola bilər»
Ərdoğan ordu və təhlükəsizliyə nəzarəti öz tabelyinə keçirmək istəyir
Türkiyə baş naziri Binəli Yıldırımın sədrliyi ilə Ankarada, Çankaya sarayında keçirilən Ali Hərbi Şuranın 5 saat davam edən iclasında mühüm qərarlar qəbul olunub. Iclasda dövlət çevrilişinə cəhd, Silahlı Qüvvələrə yeni təyinatlar, güc strukturlarında islahatlar və digər məsələlər müzakirə edilib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, milli müdafiə naziri Fikri Işıq və digər güc strukturlarının komandanlarının iştirak etdiyi iclasdan sonra prezident Rəcəb Tayyib Ərdoğanın adından Şura üzvlərinin şərəfinə ziyafət verilib.
Şuranın iclasında qəbul olunan qərarlar prezident tərəfindən təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanıb.
Ali Hərbi Şura nəyə qərar verdi?
Türkiyə Silahlı Qüvvələrinin yenidən təşkilatlanması ilə əlaqədar açıqlama verən Türkiyə prezidentinin müşaviri Ibrahim Kalın bildirib ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, Quru Qoşunları komandanı, ordu generalı Salih Zeki Çolak, Dəniz Qüvvələri komandanı, ordu generalı Rəcəb Bülent Bostanoğlu və Hava Qüvvələri Komandanı, ordu generalı Abidin Ünal vəzifələrinin icrasına davam edəcəklər. Ordu generalları Yaşar Gülər və Ümid Dündar müvafiq olaraq Candarma Qüvvələri komandanı və Baş qərargah rəisinin müavini vəzifələrinə təyin olunublar.
Ərdoğan dünən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akarı və Ali Hərbi Şuranın üzvlərini qəbul edib. Prezident sarayında keçirilən və mətbuata qapalı olan qəbul təxminən yarım saat davam edib. Iclasda nələrin müzakirə olunduğu açıqlanmasa da, Silahlı Qüvvələrin Baş Qərargahı və Milli Kəşfiyyat Təşkilatının ölkə prezidentinin tabeliyinə veriləcəyi gözlənilir.
Ankaradakı təyyarə bazası bağlanır
Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi zamanı qiyamçıların istifadə etdiyi, Ankaranın Akıncı bölgəsində yerləşən 4-cü əsas qırıcı təyyarə bazası bağlanacaq. Bunu baş nazir Binəli Yıldırım Ankaradakı Kazan meydanında çıxışı zamanı deyib: “Iyulun 15-də Türkiyə xalqı çevrilişə cəhd edənlərin qarşısında möhkəm dayandı. Xainlərin istifadə etdikləri Akıncı hərbi bazası bağlanacaq və ora şəhidlərin xatirəsinin yaşadılacağı bir yer olacaq. Bu xalqın pulu ilə alınan təyyarələrdən, helikopterlərdən bombaları mərhəmətsizcə xalqın üzərinə atanlar cəzalarını alacaqlar”.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar dövlət çevrilişinə cəhd zamanı qiyamçılar tərəfindən məhz bu bazada girov saxlanılırdı.
“ABŞ hərbi çevrilişə cəhddə əlaqəsi olan Fətullah Güləni dəstəkləmək əvəzinə, demokratiyanı müdafiə etdiyinə görə Türkiyəyə minnətdar olmalıdır”.
Bunu prezident Ərdoğan ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının generealı Cozef Votelin qiyamçı türk generalların “Birləşmiş Ştatların dostları” olması barədə bəyanatını şərh edərkən deyib. Onun sözlərinə görə, xalq Gülən hərəkatının Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş fitnələrini unutmayacaq.
Müdafiə nazirinin müavini ölkədən qaçdı
Türkiyənin müdafiə naziri Fikri Işıkın köməkçisi polkovnik Tevfik Gök ölkədən qaçıb. Trend-in NTV telakanalına istinadən verdiyi məlumata görə, bunu F.Işık deyib. Onun sözlərinə görə, köməkçisi Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində dindirildikdən sonra Türkiyədən qaçıb.
Nazir onu da qeyd edib ki, Türkiyədəki hərbi təhsil müəssisələri bağlana bilər. Onun sözlərinə görə, hərbi akademiyalar fəaliyyət göstərməyə davam edəcək. Hazırda ölkədə 4 hərbi təhsil müəssisəsi fəaliyyət göstərir.
Türkiyənin Kayseri vilayətində isə “Boydak Holding”in Direktorlar Şurasının rəhbəri Mustafa Boydak saxlanılıb. Bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat verir. Məlumata görə, holdinqin Idarə Heyətinin üzvü Şükrü Boydak da həbs olunub.
Hazırda saxlanılanların yaşayış yeri üzrə axtarışlar aparılır. Qəzetin verdiyi məlumata görə, həmin şəxslər Fəthullah Gülənin terror təşkilatına maliyyə yardımı ayırmaqda ittiham olunaraq saxlanlılıblar.
Həlak olanların ailələrinə təzminat ödənəcək
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb. Dövlət çevrilişinə cəhd zamanı həlak olanların ailələrinə kompensasiya qismində 88 min lirə, yaralılara isə 17 min lira ödəniləcək. Həlak olanların ailələri 3 min 203 lirə həcmində aylıq müavinət alacaqlar.
“The Guardian” yazır ki, Türkiyənin xarici işlər və ədliyyə nazirləri Fətullah Gülənin ekstradisiyasına dair danışıqlar aparmaq üçün Birləşmiş Ştatlara səfər etməyə hazırlaşır. BBC-nin xəbərinə görə, Türkiyə hökuməti Güləni 265 insanın həyatına son qoymuş hərbi çevriliş cəhdinin təşkilində ittiham edir: “Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib ki, çevriliş cəhdinin qarşısı alınmasaydı, Gülən Türkiyəyə qayıdacaqdı. Nazir xəbərdarlıq edib ki, artıq uzun illərdir ABŞ-da sürgün həyatı yaşayan Fətullah Gülən Avstraliya, Meksika, Kanada, Cənubi Afrika və ya Misirdən sığınacaq istəyə bilər. Türkiyə rəsmiləri deyirlər ki, Gülənin çevriliş cəhdindəki roluna dair çoxsaylı dəlillər var və onun ekstradisiyasından imtina edilməsi Türkiyə-ABŞ diplomatik münasibətlərinə uzunmüddətli ziyan vura bilər.
Çevrilişə görə ABŞ generalı ittiham olunur
ABŞ Türkiyədə baş vermiş uğursuz çevriliş cəhdindən əvvəl bu plan barədə heç bir məlumata malik olmadığını bildirir. Lakin Ankara deyir ki, çevrilişçilərin arasında ABŞ-ın Türkiyədəki Incirlik hərbi hava bazasında xidmət edən zabitlər də olub. Türkiyədə bir sıra media qurumları Əfqanıstandakı ABŞ qoşunlarının komandanı postundan təqaüdə çıxmış general Con Kempbellin çevrilişə rəhbərlik etdiyini iddia edir. ABŞ bu iddiaları absurd adlandırıb. Birləşmiş Ştatlar Gülənin təhvil verilməsi üçün Türkiyədən onun çevrilişlə əlaqəsinə dair tutarlı sübutlar tələb edib”.
“The Guardian” yazır ki, ABŞ-dan kiminsə ekstradisiya edilməsi üçün hökmü məhkəmə verməlidir: “Amerikalılar türklərin təqdim edəcəkləri sübutlara şübhə ilə yanaşırlar və bildirirlər ki, Fətullah Gülən bir zamanlar prezident Ərdoğanın müttəfiqi olub.
“Gün kimi aydın”
Türkiyənin Londondakı səfiri Abdurrahman Bilgic “The Guardian” qəzetinə deyib ki, bu terrorçu qrup və onun lideri Fətullah Gülən barədə türk dostlarına uzun müddət xəbərdarlıq ediblər: “Səfir bildirib ki, iyulun 15-də baş vermiş hadisə təkcə qəsd yox, həm də yüzlərcə insanı öldürmüş və minlərlə insanı yaralamış terror aktıdır. Bilgic deyib ki, çevrilişdə iştirak edən zabitlərin Gülən təşkilatı ilə bağlı olmaları gün kimi aydındır”.
“The Guardian” qəzetinin yazdığına görə, ABŞ Türkiyənin Güləni təslim etmək tələbinə qarşı Ankaranın ölüm cəzasını bərpa etməyə hazırlaşdığı arqumentini qoya bilər: “Prezidentliyə namizəd Hillary Klinton ABŞ-da ölüm cəzasının ləğvini vəd edib. Amerika onu da xatırladır ki, Türkiyə NATO üzvüdür və onun Qərbdən üz çevirməsinin ciddi nəticələri ola bilər. “The Guardian” diqqəti ona da çəkir ki, son həftələrdə prezident Ərdoğanın Putinə daha çox meyllənməsi müşahidə olunur. Lakin Ankara rəsmiləri deyirlər ki, Moskva ilə yaxınlaşma prosesi çevriliş cəhdindən əvvəl başlamışdı”.
16 min adam həbs olunub, 50 min adam işdən çıxarılıb
“The Guardian” xatırladır ki, üç aylıq fövqəladə vəziyyət elan ediləndən bəri Türkiyədə yalnız çevrilişçilər həbs olunmayıb. Son həftə ərzində ölkədə jurnalistlər, müəllimlər və diplomatlar da daxil 16 min insan həbs edilib və daha 50 min nəfər işdən çıxarılıb: “Təkcə cümə axşamı 89 jurnalistin həbsinə order verilib, 131 media qurumu bağlanıb. Bundan bir gün əvvəl, çərşənbə günü isə ordunun 1700 hərbçisi rüsvayçılıqla rütbələrindən məhrum edilib”.
Məqalədə deyilir ki, Türkiyə prezidenti ordu və təhlükəsizliyə nəzarəti parlamentdən alıb öz tabelyinə keçirməyi planlaşdırır: “Türkiyə orduya qarşı repressiyalara görə artıq Qərb siyasətçiləri tərəfindən kəskiin tənqid olunur. Məsələn, Londonda Liberal Demokrat Partiyası Türkiyənin NATO-dan xaric edilməsinə çağırıb”.