Ilham Şaban: «Iran Azərbaycanın qaz nəqli ilə bağlı cəlbedici təklifini qəbul etmədi»
Sülhəddin Əkbər: «Azərbaycan hökuməti Iranın bu dostyana olmayan hərəkətini nəzərə almalı və mövqeyinə yenidən baxmalıdır»
Ermənistan üzərindən Iran qazının Gürcüstana nəqli ölkənin “mavi yanacağa” olan tələbatının dörddə birini ödəyəcək və Azərbaycandan asılılığını azaldacaq. Hazırda Gürcüstan qaza olan tələbatının 80%-ni Azərbaycanın hesabına ödəyir.
Bu barədə Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun direktorunun müavini Aleksey Qrivaç bildirib. Qrivaç iddia edir ki, mövcud infrastruktur ucbatından Gürcüstan Iran yox, Rusiya qazını alacaq: “Müqavilənin şərtləri ilə tanış deyiləm. Lakin bir şeyi dəqiq bilirəm ki, sözügedən sxem üzrə nəql ”Qazrpom”un icazəsi olmadan baş tuta bilməz. Çünki Ermənistanın qaz kəməri yoxdur, oradan keçən kəmər isə Rusiyaya məxsusdur. Bu səbəbdən, faktiki olaraq, Iran qazının Gürcüstana tranziti mümkünsüzdür. Belə çıxır ki, söhbət svop əməliyyatdan gedir: Iran Ermənistana 500 milyon kubmetr qaz nəql edir, əvəzində Rusiya həmin həcmdə qazı Gürcüstana satacaq. Bu yolla Ermənistan qaz nəqlinin təhlükəsizliyini də artırır. Çünki Gürcüstanadək uzanan kəmərin 30-dan çox yaşı var, dağlıq ərazidən keçir və istismara yararsız hala düşüb. Beləliklə, Gürcüstan Azərbaycanın ona verə bilmədiyi əlavə qaz həcmini alır. Azərbaycan neft hasilatını dəstəkləmək üçün qaz hasilatını azaltmağa məcburdur. Buna görə, Gürcüstan yeni təchizatçı axtarır. Məlum siyasi səbəblərdən Gürcüstan Rusiyadan qaz ala bilmir. Iranla svop əməliyyatı hesabına Gürcüstan qaz defisiti problemini həll edə bilər”.
Bundan öncə xəbər verdiyimiz kimi, Iranın neft naziri Bican Namdar Zənganə Ermənistanın energetika və təbii sərvətlər naziri Levon Yeolyanla keçirdiyi görüşdə bildirib ki, Iran Ermənistana qaz nəqlini 3 dəfə artırmaq niyyətindədir: “2018-ci ilin sonunadək Irandan Ermənistana ixrac olunan qazın həcmi 1 milyon kubmetrdən 3 milyon kubmetrədək artırılacaq”.
O əlavə edib ki, ermənistanlı həmkarı ilə Ermənistan üzərindən Iran qazının Gürcüstana nəqlini müzakirə edib.
Öz növbəsində Ermənistan tərəfi danışıqlar prosesində Iran qazının tranzit olaraq Gürcüstana qlobal olunması üçün birgə müəssisənin yaradılmasını təklif edib. Yeni yaradılacaq müəssisə tranzit qaz nəqli ilə məşğul olacaq. Bildirilir ki, Iran tərəfi təklifi müsbət dəyərləndirib. (apa)
Iranın qaz nəqli üçün Azərbaycanı deyil Ermənistanı seçməsi bir sıra suallar doğurur. Iqtisadi tərəfdaş kimi Azərbaycan Ermənistandan daha cəlbedicidir. Digər tərəfdən Azərbaycan Rəşd-Astara dəmiryol xəttinin tikilməsi üçün 200 milyon manatlıq xərci üzərinə götürür. Amma bu jestin müqabilində belə Azərbaycan Iranın yeni layihəsində yer almır. Bəs bunun iqtisadi və siyasi səbəbləri nədir?
Məsələnin iqtisadi tərəfinə aydınlıq gətirməyə çalışdıq. Iran üçün Ermənistanı Azərbaycandan daha cəlbedici edən səbəblər hansılardır?
Ekspert Ilham Şaban bildirdi ki, Ermənistanın tranzit ölkəsi kimi seçilməsinin iqtisadi səbəblərini yalnız Iran açıqlaya bilər. Ekspertin fikrincə, baş verənləri təkcə iqtisadi amillərlə izah etmək düzgün deyil. Qaz nəqli üçün Ermənistanla Gürcüstan arasında infrastrukturun olmadığını vurğulayan ekspert bildirdi ki, bu o anlama gəlir ki, bura investisiya yatırılmalıdır: “Amma Azərbaycanla Gürcüstan arasında belə bir infrastruktur mövcuddur. Hətta Azərbaycan belə bir təkliflə də çıxış etmişdi ki, Iranın Naxçıvana verdiyi 400 milyon kub metr qaz Tehran tərəfindən verilir. Və Azərbaycan da bunun müqabilində 400 milyon kub metr qazı Gürcüstana ötürür. Bu həddindən artıq cəlbedici təklif idi. Iranın bunu qəbul etməməsi kommersiya səbəblərindən irəli gəlmir”.
Baş verənlərin siyasi tərəfinə gəlincə isə Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Iranın qaz nəqlində Ermənistanı seçməsi regionda Rusiya və Ermənistanla birgə hərəkət etməsinin təzahüridir: “Bu müstəqil Azərbaycana qarşı Rusiya və Ermənistanla birgə koordinə olunmuş siyasətdir. Azərbaycan hökuməti də Iranın bu dostyana olmayan hərəkətini nəzərə almalı və mövqeyinə yenidən baxmalıdır”.
Xəyal