Qeyri-müstəqil siyasətin azad sözə «qayğı»sı
Məhkəmənin qərarı ilə ANS telekanalının fəaliyyətinə xitam verildi. ANS-in fəaliyyətinin dayandırıldığı ilk gündən bu məsələyə münasibətimizi bildirmişik və telekanala qarşı ittihamları absurd hesab etmişik. Əlbəttə, ANS “dəqiq, qərəzsiz, vicdanlı” şüarına xilaf çıxdı, saxta “Hesabat”lar verdi, hökumətin sözçüsünə çevrildi və buna görə də cəmiyyətin dəstəyindən məhrum oldu. Yəni, ANS müstəqil qala bilmədi, rejim kanalına çevrildi, böyük səhvlərə yol verdi.
Amma biz həmişə haqsızlığın qarşısında olmuşuq, obyektiv münasibət sərgiləmişik və “yıxılana balta çalmaq” prinsipi ilə yaşamamışıq. Faktiki olaraq ANS-in gülünc bir ittiham əsasında qapadılıb və heç bir demokratik, hüququn üstün olduğu ölkədə belə hal baş verə bilməz. ANS-in Fətullah Güləndən müsahibə alması, Ərdoğanı tənqid etməsi, məsələyə öz münasibətini sərgiləməsi heç bir qanuna zidd deyil. Bu məntiqlə yanaşsaq, dünyanın nüfuzlu telekanalları çoxdan qapadılmalı idi. Çünki, həmin nüfuzlu telekanallarda Bin Ladendən tutmuş, IŞID liderinə qədər müxtəlif terrorçuların səs yazısı, görüntüsü yayımlanıb. Jurnalistlər bütün tərəflərdən açıqlama almaq, bütün tərəfləri işıqlandırmaq üçün canfəşanlıq edirlər. Indiki halda ANS Sarkisyandan müsahibə götürüb, Ermənistan hakimiyyətini tərifləməyib. Fətullah Güləndən müsahibə alıb, baş verənlərə onun da mövqeyini öyrənmək istəyib. Bu müsahibənin arxasında hansı niyyətin durmasından asılı olmayaraq, belə müsahibələr cəmiyyət üçün də maraqlıdır.
Ümumiyyətlə, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı, azad sözə sayğı olsaydı, ANS belə gülünc ittihamla qarşılaşmazdı. Həm də ANS bu hökumətin siyasətinə zidd heç bir addım atmayıb. Əksinə, həmişə hökumətin üzərindəki qara ləkələri yumağa cəhd edib. Sadəcə olaraq Əliyev hakimiyyəti Türkiyə hökuməti qarşısında günahını yumaq üçün ANS-i qurban verdi. Hətta ANS səhvə yol vermiş olsaydı belə, töhmət, şiddətli töhmət vermək olardı, kanalı cərimələyə bilərdilər və s.
ANS-in bağlanması birinci onun etirafıdır ki, “müstəqil siyasət yürüdürük”, “heç kim bizim daxili işimizə qarışa bilməz” təbliğatı nağıldı, sabun köpüyüdü, ağ yalandı.
Ikincisi, bir daha sübut olundu ki, bu hökumətə xidmət acı sonluqdan sığortalamır. Əgər zərrə qədər sağ-sol etdinsə, zərrə qədər kənara çıxdınsa, səni qurban verəcəklər. ANS də bu dəfə müstəqil telekanal kimi hərəkət etmək istədi və hökumət bunu fürsət bildi.
Üçüncüsü, ANS-in qapadılması bir daha sübut etdi ki, hökumətin “azad mətbuat”, “azad sözə qayğı” təbliğatı yalnız görüntüdür və hökumət azad sözü böyük təhlükə hesab edir. Bugünlərdə milli mətbuatın 141 illiyi qeyd edildi və hökumət sözçüləri media azadlığından, azad sözə yaradılan şəraitdən danışdılar. Bir həftə sonra isə ölkənin ən böyük telekanalı balaca azad olmaq istədiyi üçün qapadıldı. Bəli, ANS hökumətin “azadlıq çərçivəsi”ni cızdığı üçün cəzalandırıldı.
Istənilən halda ANS-in belə absurd ittihamla qapadılması bu ölkənin eybəcər vəziyyətə salınmasının, hökumətin orta əsrlərdə qalmasının göstəricisidir. Həm də hakimiyyət üçün qarşıdakının kim olması önəmli deyil. Şəxsi maraqlar varsa, ona xidmət edənin də, ona sədaqətli olanın da üstündən asanlıqla xətt çəkə bilir. Qapadılana qədər Əli Həsənov, Novruz Məmmədov, Rövnəq Abdullayev və digərləri tez-tez “Hesabat”ın qonağı olurdular. Amma vəziyyət o həddə çatdı ki, ANS-ə hesabat vermək, günahsızlığını sübut etmək imkanı da tanımadılar. Mehriban Əliyevanı “ilin adamı” seçənləri, “pis adam” kimi xəttlədilər.
Bu da Ilham Əliyevin azad sözə “qayğı”sının bariz nümunəsi.
Samir