Nemət Əliyev: «Beynəlxalq Bankdakı neqativ proses ümumilikdə bank sektoruna mənfi təsir göstərəcək»
Azərbaycan Beynəlxalq Bankında (ABB) ciddi ixtisarların aparılacağı barədə xəbər vermişdik. Maliyyə naziri Samir Şərifov bildirib ki, bankda qənaət rejiminin tətbiqi ilə bağlı bankın kollektivinin 25-30%-i ixtisar olunacaq. Bankın saytından əldə etdiyimiz məlumata görə, bankın 1200 işçisi var. Otuz faizlik ixtisar isə təqribən 400 nəfərin iş yerini itirməsi deməkdir.
Bu ilin ilk yarısında Rusiyada fəaliyyət göstərən banklar 35 391 nəfər, yaxud işçi heyətinin 6,4%-ni ixtisar edib. Bu, ötən ilin ikinci yarımili ilə müqayisədə 8 dəfə çoxdur. Ixtisarların 53,6%-i “Home Credit” və “Russkiy Standart” banklarında aparılıb. Ümumilikdə isə ixtisarlar 30 bankı əhatə edib.
“Russkiy Standart” bu ilin ilk altı ayı ərzində işçi heyətinin 35,5%-ni və ya 6 039 nəfərini, “Home Credit” isə 41,4%-ni və ya 12 946 nəfərini ixtisar edib.
Universal banklardan ən çox işçi ixtisar edən isə 9,4% və ya 3 080 nəfər olmaqla “Rosselxozbank” (Russian Agricultural Bank) olub. Işçi heyətində faiz payı üzrə ixtisara görə isə 26,1% və ya 1 763 nəfərlə “Ural Bank for Reconstruction and Development” birinci yeri tutub.
Azərbaycanın da bank sektorunda ixtisarlar bir müddətdir ki, başlayıb. Beynəlxalq Bankda gözlənilən ixtisarın digər kommersiya banklarına da sıçrayacağı istisna deyil.
Belə olan Azərbaycanın bank sektorunu nə gözləyir?
Bu arada Beynəlxalq Bank S.Şərifovun verdiyi açıqlamaya münasibət bildirib. Bankdan “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, ABB-nin yeni strukturunun və ştat vahidlərinin sayı artıq təsdiqlənib: “ABB-nin həm strukturu, həm də ştat vahidləri indiki mərhələdə bank qarşısında duran tələb və vəzifələrə uyğunlaşdırılıb. Eyni zamanda, xərclərə mümkün qədər qənaət prinsipi də vacib amillərdən biri kimi nəzərə alınıb. Bu cür optimallaşdırma tədbirləri fəaliyyətin səmərəliliyinin, faydalı iş əmsalının artırılmasına, bankda korporativ idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir. Bankda institusional inkişaf prosesləri davam etdirilir. Bu prosesdə strateji baxımdan perspektivli sayılan istiqamətlərə dəstək verildiyi kimi, az səmərəli sahələr üzrə adekvat tədbirlərin həyata keçirilməsi də istisna deyil”.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, Beynəlxalq Bank həm likvidlik göstəricisinə, həm əldə olunan gəlirlərin səviyyəsinə, həm də müştərilərdəki kreditlərinə görə ölkənin öndə olan bankı olub. N.Əliyevin sözlərinə görə, Beynəlxalq Bank həm də işçilərin sayı baxımından fərqlənib: “Bu bank kredit resurslarının təxminən 50 faizdən yuxarısına sahiblik edib. Beynəlxalq Bank Azərbaycanın bank sistemində bir dominantlıq missiyasını yerinə yetirib. Amma nəticədə bəlli oldu ki, Beynəlxalq Bankın bu qədər problemləri mövcuddur. Beynəlxalq Bankın başına gətirilənlər ölkənin ümumi bank sisteminin başına gətirilənlərlə eynidir. Əsas ağırlıq bu bankın üzəində olubsa, bu bankda cəryan edən hadisələri ümumi bank sisteminə aid etmək olar”.
N.Əliyevin fikrincə, Beynəlxalq Bankın işçilərinin 30 faizinin ixtisarı bu sektorda işsizlərin sayını artıran faktordur. Amma bankın problemləri yalnız işsizlərin artması ilə bitmir. Beynəlxalq Bankdakı neqativ prosesin ümumilikdə bank sektoruna mənfi təsir göstərəcəyini deyən N.Əliyev bildirdi ki, son dönəmlər ölkənin kreditləşməsi, demək olar, dayanıb: “Mərkəzi Bank bankların fəaliyyətini əks etdirən maliyyə hesabatlarını yanvarın sonundan dayandırıb. Bu haqda məlumatlar açıqlanmır. Amma bu və ya digər formada əldə etdiyimiz məlumatlara görə, bankların fəaliyyəti, demək olar, dayanıb. Bankların da işçilərinin əksəriyyəti öz hesabına məzuniyyətə yolanıb. Bu, ölkənin bank sektorunun acınacaqlı durumda olduğunun göstəricisidir”.
N.Əliyev onu da bildirdi ki, S.Şərifovun açıqlaması bank sektorunun yaxın gələcəkdə necə olacağının anonsudur.
Xəyal