O, mülki işə ədalətli baxılmasını tələb edir
Bakının Xətai rayonu, Gəncə prospekti, ev 54, 113 saylı mənzildə yaşayan Sevinc Bənnayeva “Azadlıq”a müraciət edib. Müraciət müəllifi üzləşdiyi problemdən bəhs edib:
“Konstitusiyanın 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qanunla qorunan hüquqlarımın məhkəmə tərəfindən kobud surətdə pozulması, müddətsiz və tam qanuni əsaslarla istifadəmdə olan yaşayış sahəmdən cüzi miqdarda kompensasiya ödənilməklə Xətai rayon məhkəməsinin hakimi Namidar Misirzadə tərəfindən çıxarılmış qətnamə ilə küçəyə atılmağım məhkəmələrdə hazırkı mübahisəyə ədalətli və qərəzsiz baxılacağına ümidimi itirib.
Xətai rayon məhkəməsinin hakimi Namidar Misirzadə dövlətin ona etimadından sui-istifadə edərək 22.05.2015-ci il tarixli qətnaməsiylə anam Elmira Hüseynovanın mənə qarşı qaldırdığı iddiası əsasında 1974-cü ildə atam Əliağa Hüseynova order əsasında dövlətin verdiyi, 40 il daimi qeydiyyatda olmaqla yaşadığım mənzildən çıxarılıram. Mənim razılığımla anamın adına olan, özəlləşdirilmiş dəyəri 140 000 manat, ümumi sahəsi 110 kvm, yaşayış sahəsi isə 59,85 kvm olan mənzilə dair istifadə hüququma 15.000 manat məbləğində kompensasiya ödənilməklə faktiki olaraq küçəyə atılıram. Hakim belə bir nəticəyə gələrkən qanunsuz olaraq 01.09.2001-ci ildən qüvvədə olan AR MM-nin 152.5 və 228.2-ci maddəsinə əsaslanıb. Halbuki, mübahisənin predmeti olan mənzilə dair anamla aramızda hüquqi münasibətlər 1997-ci ildə mənzilin özəlləşdirilməsi nəticəsində yarandığından 26.01.1993-cü il tarixdən qüvvədə olan AR Mənzil Fondunun özəlləşdirilməsi haqqında qanunun tələbləri əsas götürülməli idi. Hakim məlum qətnamədə təsdiq edir ki, mübahisəli mənzilə dair mənə istifadə hüquqi 1974-cü il tarixli 136443 saylı order əsasında dövlət tərəfindən verilib. Həmin ildən 1997-ci ilədək anamla mənim bərabər istifadə hüquqlarımız olub. Anamın mülkiyyət hüququ 1997-ci ildə razılığımla özəlləşdirilmə əsasında yaranıb və mən əmlakdakı mülkiyyət payımdan anama etimad göstərərək onun xeyrinə imtina etmişəm. Digər tərəfdən isə, qərəzli şəkildə 01.09.2001-ci ildən qüvvədə olan AR MM-nin 152.5 və 228.2-ci maddələrinə əsaslanır. Halbuki, AR MM-nin 7.1-ci maddəsinin tələblərinə görə mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə minəndən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Ən azından, məhkəmə mübahisəli mənzilə dair istifadə hüququnun verilməsiylə bağlı anamla aramızda notariat kontorunda bağlanmış hər hansı bir razılaşmanın olmamasına və belə bir razılaşma olmadığı halda, anamın istifadə hüququnun kompensasiya ilə əvəz etməyi tələb etmək hüququnun olmamasına əhəmiyyət verməyib. Mənzil Fondunun özəlləşdirilməsi haqqında qanunun 1, 5 və 12-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 21.12.2012-ci il tarixli qərarına əsasən, mülkiyyətçi mənzilə dair mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək mənzilin onun adına özəlləşdirilməsinə razılıq verən ailə üzvlərinin hüquq və qanuni mənafeyinə xələl gətirməməlidir. Eləcə də mənzildə yaşamaq hüququndan məhum etməməli, orada yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməməlidir.
Mənzillə bağlı sərəncam, istifadə və vəsiət edilməsi məsələlərində mülkiyyətçiyə həlledici təsir imkanları var. Anamın mənə qarşı qaldırdığı iddia qanunvericiliyə görə mübahisəli mənzilə dair istifadə hüquqlarımın məhdudlaşdırılması, pozulması kimi qiymətləndirildiyindən, anama qarşı qaldırdığım mübahisə edilən “mənzilin özəlləşdirilməsinin ləğv edilməsi, 20.11.1997-ci il tarixli 114490 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə” dair qarşılıqlı iddiamı həmin qətnaməylə hakim Namidar Misirzadə təmin etməyib.
Hazırda istinad edilmiş qətnamədən verdiyim apellyasiya şikayətiylə bağlı mülki iş Apellyasiya Məhkəməsinin hakimi Ilham Əsədovun icraatındadır. Apellyasiya məhkəməsi də Xətai rayon məhkəməsinin qanunsuz qətnaməsini qüvvədə saxlasa, mənim sosial statusum “bomj” olacaq. Ədalətli və qanuni qərar çıxarılması üçün ilkin iddianın ləğv edilməsini, qarşılıqlı iddiamın təmin edilməsini məhkəmədən xahiş edirəm”.
Sosial şöbə