Yaşadığımız ölkənin “səhhət”i getdikcə ağırlaşır. Bu ağır vəziyyətdə olan “xəstə”ni mütləq müalicə etmək və ayağa qaldırmaq lazımdı. Məsələ burasındadır ki, xəstəni müalicə etməyə hər “həkim”in cəsarəti çatmır. Çünki, ölkəni ağır xəstəliyə yoluxduranlar, bu xəsətəliyi müalicə etmək niyyətinə düşənləri cəzalandırır. Amma belə bir məqamda AXCP “təcili yardım” rolunu oynayır və xəstəni diri tutmağa çalışır. Sentyabrın 27-də keçirilən möhtəşəm qurultay da “ağ xalatlılar”ın siyasi hippokrat andı idi.
Yad səslərin batması
AXCP-nin qurultayını möhtəşəm edən təkcə kütləvilik deyildi. Bu qurultayın qürurverici tərəfi odur ki, AXCP növbəti mərhələyə də DIRI keçdi. Yəni, bu qədər “ölüm mələyi”nin olduğu ölkədə missiyanı, əqidəni, mübarizəni diri saxlamaq ən böyük hesabatdı. Digər tərəfdən uzun müddətdi AXCP ətrafında “ssenari”lər cızılır və xeyli “aktyor”lar bu ssenaridə “baş rolu” ifa edir. Onlar cəmiyyətə AXCP-nin dağıldığını, daxili monolitliyin pozulduğunu, partiyanın dublikatının yaradıldığını, bir sözlə AXCP-nin yarımcan olduğunu göstərməyə çalışırdılar. Amma qurultay göstərdi ki, AXCP nəinki bu dövr ərzində “çəki atmayıb”, əksinə “kökəlib”, “ətə-qana” gəlib. Bəli, aramsız zərbələr AXCP-dən qan çıxardıb, yara izi qoyub amma partiyanın dizin yerə qoymaq mümkün olmayıb. Ən önəmlisi isə budur ki, AXCP-nin qurultayı ona qarşı səsləndirilən ittihamların qərəzli olduğunu və yürüdülən siyasətin düzgünlüyünü göstərdi. Əgər ölkənin 70 rayonundan cəbhəçilər bu qurultaya gəlibsə, qurultayda coşqu yaradırsa, illərin ağır sınaqları, maddi ehtiyaclar azadlıq eşqini öldürməyibsə, mübarizəyə inam, liderə sədaqət davam edirsə, deməli hədəfdən yayınma yoxdur. Dünənə qədər ciyiltisi başımızı aparan yad səslər, bu qurultayın coşqusu qarşısında batdı.
Alternativlərin seçdiyi adam
Təvazökarlıqdan uzaq görünsə də bir həqiqəti yazmaq lazımdı. AXCP-nin qurultayı çoxları üçün əlçatmaz arzudur. Çünki, bu ölkədə əksər partiyların tərkibi partiya sədrindən, və ya 5-10 nəfərdən ibarətdi. Daha yaxşı vəziyyətdə olanlar isə keçmişdəki nəticələri təkrarlaya bilmir. AXCP bu gün real və virtual aləmdə alternativsizdi. Həm də bu alternativsizlik heç bir resursun olmadığı şəraitdə təmin edilir. Bir siyasi partiyanın ən çox ehtiyacı olan qərargahdır ki, AXCP uzun illərdi bu zəruri faktordan məhrumdu. Yəni, AXCP bu qədər “zədə”yə rəğmən növbəti dəfə “rinq”ə çıxır və qalib gəlir.
Amma bəzi adamlar bu boyda fədakarlığa kor olub və qurultaydan sonra “ciddi analiz”lər aparmaq üçün “göz açıb”. Sən demə AXCP-də bu illər ərzində alternativlər yetişdirilməyib, seçkinin açıq şəkildə keçirilməsi qeyri-şəffaf imiş və s.
Əvvəla, bu günə qədər və bu şərtlər daxilində AXCP-nin mübarizə meydanının ön cəbhəsində olması partiyadakı alternativlərin çoxluğu ilə bağlıdır. Əgər partiyada qabiliyyətli, liderlik bacarığı olan, sədləri aşmağın yolunu bilən adamlar çox olmasaydı, bu gün AXCP tarixin arxivində çabalayardı. Sadəcə olaraq AXCP-də olan alternativlər də Əli Kərimliyə səs verir. Deməli, Əli Kərimli həm də alternativlərin seçimidir.
Səsverməyə gəlincə, bunun şərhə ehtiyacı yoxdur. Əgər Əli Kərimli və rəhbərlikdə təmsil olunanlar gizli səsvermənin olmasına israr etsəydilər, bu qurultay nümayəndələrinə qarşı ədalətsizlik olmazdımı? Belə çıxır ki, Əli Kərimli mandatlı nümayəndələrin seçimini heçə sayıb, öz istəyini diktə etməliydi? Fotolardan da görünür ki, gizli səsvermə üçün də tədbirlər görülmüş, kabinalar quraşdırılmış, şəffaf qutular gətirilmişdi. Sadəcə olaraq birmənalı şəkildə açıq seçkinin keçirilməsi tələb olundu. Əslində, Əli Kərimli üçün qapalı seçki daha keçərli idi. Həm nəticədən narahat deyildi, həm də kənardan “mız” qoyanların arqumneti olmazdı.
Sərt rejimə qarşı, sərt mübarizə
Təbii ki, AXCP qeyri-bərabər döyüşdədi və buna görə də siyasi qələbənin bayrağını zirvəyə sanca bilməyib. Bütün resurslar hakimiyyətin əlində cəmləşib və tərksilah etdiyi qüvvə ilə ən amansız şəkildə mübarizə aparır. Daha kobud şəkildə ifadə etsək AXCP avtomatın qarşısına bıçaqla çıxıb və 20 ildən artıqdır ki, bu “bıçaq” avtomat güllələrini dəf edə bilir. Bir an da olsun “ağ bayraq” qaldırmaq, “atəşkəs” imzalamaq fikrində olmayıb. Mütəmadi olaraq döyüş meydanında olan əsgərə “ayaqabın niyə təmiz deyil”, “köynəyin niyə bulaşıb” səhvi tutmaq olarmı? Həm də bu ittihamları o adamlar səsləndirir ki, nə güllə yarası görüb, nə düşmən mühasirəsinə düşüb, nə də əlinə “bıçaq” alıb. AXCP sərt rejimə qarşı heç vaxt mülayim münasibət sərgiləməyib. Hədəfdən yayınmaq üçün səngər dəyişməyib. Əksinə, ən ağır döyüşlərdə də optimzimini, qələbəyə inamını itirməyib və əqidəni “gülləkeçirməz jilet” kimi geyinib. Əslində arxa cəbhədə gəzişənlər ön cəbhədə olanları ittiham etmək əvəzinə, “əsgər paltarı” tikməklə məşğul olmalıdılar.
Bu qurultayın əsas mesajı
Qurultayın sonunda partiya sədri bildirdi ki, mənim kitabımda fərarilik, səngəri qoyub qaçmaq yoxdur. Bəli, həm cəmiyyətə, həm də hökumətə o mesaj verildi ki, mübarizə davam edir və missiya tamamlana qədər dayanmaq bizə haramdı. Başqa mühüm bir mesaj bu idi ki, “haqq nazilər, amma üzülməz” deyimi həqiqətdir və AXCP-nin dik dayana bilməsi, uzun illərdən sonra eyni inamla addımlaması da bu həqiqətin təsdiqidir. Qurultay eyni zamanda “rejim partizanları”na da “zəhmətiniz yenə də hədər getdi” mesajını göndərdi.
Ən mühüm mesaj isə tarixin səhifəsinə göndərildi. AXCP bütün dövrlər üçün “real düstur” müəyyənləşdirdi. Təsdiq olundu ki, azadlıq eşqi ən böyük stimuldu, ən ağır problemlərin üzərinə gülərək getmək mümkündür, 20 ildən artıq mühasirədə qalıb, müqavimət göstərmək olar və dəmir iradənin keçə bilməyəcəyi sədd yoxdur.
Beləliklə, AXCP-nin qurultayı mübarizənin çiçəklənməsinin, ittihamların solmasının və şər təbliğatının dəfn edilməsinin nümayişi oldu.
İlham Hüseyn