Beynəlxalq tribunalardan məhrum olmaq nə vəd edir?
Uzun müddətdi Azərbaycan hakimiyyətinin yanlış xarici siyasət yürütdüyünü və bu prosesin dövlətin maraqlarına zərbə vurduğunu yazırıq. Bu məsələni təkrar-təkrar yazmaq vacibdi və oxucular da əmin olmalıdır ki, bu “qatar” sərnişinləri mənzil başına çatdırmayacaq.
Xüsusən son dövrlər beynəlxalq təşkilatların Azərbaycan həqiqətlərini açıq ifadə etməsi, Avropa Parlamentinin məlum qətnaməsi və ATƏT-in seçki müşahidəçiliyindən imtinası Azərbaycanın demokratik dünyadan təcridinə start verdi. Hakimiyyət uzun illər manevr etdi, “balanslı siyasət” adı altında mətləbdən yayındı və beynəlxalq öhədəliklərə əməl etmədi. Üstəlik, ölkədə sərt avtoritarizm bərqərar oldu. Yəni beynəlxalq aləmin Əliyev hakimiyyətinə güzəştləri yekunlaşdı və hakimiyyət bütün xətləri keçdi. Məsələ burasındadır ki, baş verənlər hakimiyyətin cəmiyyətə ötürdüyü mesajları da təkzib edir. Belə ki, Azərbaycan hökuməti beynəlxalq birliklərdə təmsilçiliyin daha çox Qarabağ həqiqətlərini dünyaya çatdırmaq, Ermənistanın birtərəfli təbliğatının qarşısını almaq məqsədilə atıldığını bəyan edirdi. Ölkə başçısı da bildirmişdi ki, Avropa Şurasına qoşulmaqda məqsəd bu meydanı ermənilərin ixtiyarına verməmək, erməni yalanlarını ifşa etməkdir.
Indiki halda isə beynəlxalq qətnamələri “kağız parçası” adlandırmaq, prosesi sanksiyalar həddinə qədər gətirib çıxarmaq, Azərbaycanın bu qurumlardakı akkreditasiyasını şübhə altına alır. Yəni Azərbaycan üçün beynəlxalq tribunalar qapadılır və təbliğat imkanı məhdudlaşır. Bu isə daha çox Ermənistanın xeyrinə işləyir. Onsuz da ermənilər xarici siyasətdə, təbliğat məsələlərində Azərbaycanı üstələyib. Azərbaycan hökuməti isə milyardlarla neft pulunun olduğu, beynəlxalq tribunalarda təmsil olunduğu vaxtda bu təbliğatı qura bilməyibsə, indiki şərtlər daxilində, ümumiyyətlə, məğlub duruma düşəcək.
Demək istəyirik ki, hakimiyyət şəxsi maraqlara, hikkəyə görə dövlətin marqlarını ayaqlar altına atıb. Ancaq şəffaf seçki keçirmək, siyasi məhbusları azad etmək, söz azadlığına şərait yaratmaqla dövlətin imicini yüksəltmək olardı.
Bir sözlə, hakimiyyətin yarıtmaz siyasəti nəticə etibarilə ermənilərin xeyrinə, dövlətin zərərinə işlədi.
Samir