Dövlət maraqlarının şəxsi maraqlara qurban verilməsi faktların dili ilə
Dəfələrlə yazmışıq ki, Azərbaycan hökumətinin antiQərb siyasəti sırf demokratiya məsələləri ilə bağlıdır. Ölkə bşçısı Ilham Əliyevin xarici səfərləri, yaxud Avropa nümayəndələrinin Azərbaycan səfərləri zamanı müşahidə olunub ki, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əməkdaşlıq yüksək səviyyədədi və yalnız demokratiya məsələsində ziddiyyətlər var. Yəni Azərbaycan hökuməti sırf şəxsi maraqlara görə dövlətin maraqlarını qurban verir. Və bütün bu anti-milli siyasəti, Avropanın qərəzi, ikili standartları, islamafobiyası, ksenofobiyası kimi təqdim etməyə çalışıblar.
Amma dediklərimizi növbəti dəfə faktlarla sübuta yetirə bilərik. Bu faktlar isə “president.az” saytından götürülüb. Bəli, prezidentin saytında müxtəlif səfərlər zamanı tərəflərin bəyanatları yerləşdirilib.
1.2014-cü ilin iyul ayında Avropa Komissiyasının Sədri Joze Manuel Barrozo Azərbaycan səfər etdi və Ilham Əliyev bu səfəri belə dəyərləndirdi: “Avropa Ittifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ixrac haqqında danışsaq, bizim ixracın 80 faizi Avropa Ittifaqının payına düşür. Iqtisadi əməkdaşlığımızın böyük potensialı vardır. Xüsusilə, bu yaxınlarda Avropa istehsalçıları ilə enerji və qeyri-enerji sektorunu əhatə edən bir neçə milyard dollar həcmində müxtəlif mühüm sazişlər imzalanmışdır. Elə həmin səbəbdən yaxın zamanlarda iqtisadiyyat sahəsində daha böyük fəallıq olacağını düşünürəm”.
Borrozo isə ölkəmiz səfəri haqqında bunları dedi: “Biz bundan sonra da bu istiqamətdə demokratiya və birgə dəyərlər, xüsusilə də fundamental azadlıqlar üzərində qurulmuş uzunmüddətli əməkdaşlığı davam etdirmək niyyətindəyik. Mən prezident Əliyevə açıq şəkildə bildirdim ki, çoxpartiyalı demokratiya, açıq cəmiyyət, açıq iqtisadiyyat davamlı sülh və sabitliyin əldə olunması üçün ən yaxşı vasitədir. Biz hesab edirik ki, çiçəklənən vətəndaş cəmiyyəti demokratiya üçün çox vacib məsələdir və uzunmüddətli sabitliyi təmin edir, müasir dövrdə dövlətlərin və cəmiyyətlərin müasirləşməsinin mühüm elementidir”.
2.2015-ci ilin yanvarında Ilham Əliyev Almaniyaya səfər etdi və kansler Angela Merkellə görüşdü. Həmin səfərlə bağlı Ilham Əliyevin mətbuata açıqlaması: “Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir. Biz onların fəaliyyətini dəstəkləyirik. Hesab edirəm ki, Almaniya şirkətləri gələcəkdə həm podratçı kontraktor, həm investor kimi Azərbaycanda daha da böyük işlər görə bilərlər. Bir daha demək istəyirəm ki, mən bugünkü səfərimi çox yüksək qiymətləndirirəm. Almaniya-Azərbaycan əlaqələri böyük potensiala malikdir. Bu gün qəbul edilmiş qərarlar, aparılan diskussiya bu əlaqələrin inkişafına böyük töhfə verəcəkdir”.
Və Angela Merkelin açıqlaması: “Biz Azərbaycan Prezidenti ilə müxtəlif mövzular ətrafında fikir mübadiləsi apardıq. Xüsusən də Azərbaycanda insan hüquqlarının vəziyyəti, həmçinin regionda baş verən geosiyasi vəziyyət haqqında danışdıq. Biz Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi apardıq. Almaniya da münaqişənin həllində vasitəçi olmaq istəyir. Düşünürük ki, Avropa Şurası, Avropa Ittifaqı bu istiqamətdə bir təşəbbüslə çıxış edərək, münaqişənin həllinə müəyyən töhfəsini verə bilər”.
3.2015-ci ilin avqustunda isə Avropa Ittifaqı Şurasının prezidenti Donald Tusk Bakıya səfər etdi və hər iki prezident səfər yekunları ilə bağlı mətbuata açıqlama verdilər. Donald Tuskun Bakı səfəri ilə bağlı Ilham Əliyev bunları deyir: “Biz iqtisadi əməkdaşlığımızı müzakirə etdik. Avropanın əsas ticarət tərəfdaşımız olması bizi çox məmnun edir. Xarici ticarət dövriyyəsinin, demək olar, yarısı Avropa Ittifaqının üzvü olan ölkələrlə aparılır. Avropa Ittifaqı ölkələri əsas investorlarımızdır. Xarici sərmayələrin 50 faizi Avropa Ittifaqından daxil olur. Investisiyalar və digər iqtisadi fəaliyyətlər vasitəsilə bu əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı potensial mövcuddur. Sizin səfəriniz Avropa Ittifaqı ilə Azərbaycan arasında əlaqələr üçün böyük əhəmiyyət kəsb edir. Avropa Ittifaqı ilə Azərbaycan arasında uzun illərdir davam edən fəal əməkdaşlığın böyük dəyərə malik olmasından çox məmnunuq”.
Donald Tusk isə qəti şəkildə deyir: “Mən insan hüquqları və əsas azadlıqlara yüksək önəm verdiyimizi vurğuladım. Avropa Ittifaqı açıq cəmiyyətlərin uzunmüddətli sabitlik və çiçəklənmənin qarantı olduğuna inanır. Mən cənab Prezident ilə burada hüquq müdafiəçilərinin həbs olunması ilə bağlı narahatlığımızı müzakirə etdim. Icazə verin təkrarlayım ki, Avropa Ittifaqı Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. Avropa Ittifaqı və ona üzv olan ölkələr ”Dağlıq Qarabağ Respublikası”nı tanımır. Status-kvo qəbulolunmazdır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa Ittifaqı üçün prioritet olaraq qalır”.
Bir daha qeyd edirik ki, yuxardakı sitatlar prezidentin saytından götürülüb. Göründüyü kimi, həm Angela Merkel, həm Monuel Borrozo, həm də Donald Tusk birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edirlər və hər üç şəxs demokratiya məsələsinin prioritet olduğunu bildirir.
Ölkə başçısı Ilham Əliyev də hər üç görüşdə Avropa ilə əməkdaşlıqdan məmnun olduğunu, ixracın 80 faizinin Avropa Ittifaqının payına düşdüyünü etiraf edir. Yəni Ilham Əliyev bu görüşlərdə Avropadakı faşizmdən, ikili standartlardan, islamafobiyadan, ksenofobiyadan söhbət açmır.
Bir daha aydın olur ki, Avropa ilə münasibətlərin korlanması sırf demokratiya və insan haqlarına görədir. Azərbaycan hökuməti öz avtoritar idarəetməsini möhkmələndirmək üçün həm Qarabağ məsələsini, həm ölkə iqtisadiyyatını, həm də dövlətin imicini qurban verib. Bütün faktlar onu göstərir ki, beynəlxalq təşkilatlar Azərbaycan hökumətindən demokratik islahatlar tələb edir. Milli Məclisdəki həngamənin, telekanllardakı antiQərb havasının, mətbuatda Avropanın söyülməsinin yeganə səbəbi budur.
Yuxarıda sadalanan faktlar göstərdi ki, hakimiyyətin Avropaya qarşı “Qarabağ” aruqmenti əsassızdır, “güclü iqtisadiyyatımız var” təbliğatı Avropanın sayəsində mümkün olub. Sadəcə olaraq hökumətin “cığal uşaq” siyasəti ölkəni uçuruma sürükləyir, inkişaf potensialını sıfıra endirir.
Akif