«2 aprel»çilərin arqumenti hakimi divara dirədi
Fuad Qəhrəmanlı: «Suçumuz bu ölkə üçün ədalət, firavanlıq istəməyimizdir»
Ictimai Palatanın 2 aprel aksiyasını təşkil etməkdə təqsirləndirilənlər – Müsavat Partiyasının Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidli və Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının işi üzrə dünən Səbail Rayon Məhkəməsində proses davam etdirildi.
Mülki iddia: adı var, özü yox
Proses başlayan kimi vəkil Nemət Kərimli təqsirləndirilən şəxslərə qarşı irəli sürülən mülki iddia ilə bağlı vəsatət verdi. O bildirdi ki, mülki iddianın surəti hələ də tərəflərə təqdim edilmədiyindən prosessual məcəllə tələb edir ki, iddia ərizəsi geri qaytarılsın. O biri vəkillər də vəsatəti müdafiə etdilər və bildirdilər ki, 2 aprellə bağlı yekunlaşan başqa prosesdə eyni mülki iddiaya baxıldığından burda onun müzakirəsi düzgün deyil. Hakim Famil Nəsibov vəsatəti müzakirəsiz rədd etdi.
“Biz Hüsnü Mübarəkdən qatı cinayətkar deyilik”
Fuad Qəhəmanlının vəsatəti prosesdə foto çəkişi ilə bağlı oldu. O xatırlatdı ki, ötən prosesdə hakim video və audioyazıya qadağa qoyarkən həmin materialların mediada olduğu kimi əksini tapacağına qarantiya olmadığını əsas gətirərək icazə verməyib. Fuad Qəhrəmanlı öz adına qarantiya verirdi ki, fotoçəkilişə icazə verilsə, onlar mətbuatda olduğu kimi çap ediləcək. Hakim icazə verilməyəcəyini bildirəndə Fuad Qəhrəmanlı etiraz edərək dedi ki, onlar heç bir halda Hüsnü Mübarəkdən artıq cinayət törətməyiblər, buna baxmayaraq Misirin eks-prezidentinin məhkəməsindən canlı yayımlar verilir.
Hakim qanunu pozub
Ötən prosesdə vəkillərin də audioyazıdan istifadə etməsinə hakimin qoyduğu qadağaya Osman Kazımovdan etiraz gəldi: “Bu qadağa qanunsuzdur, konkret olaraq Cinayət Prossesual Məcəllənin 310-cu maddəsinin pozulmasıdır”. Vəkil hakimi qanunun tələbinə əməl etməyə çağırdı. Hakim isə bir daha bildirdi ki, o, vəkillərə də audioyazı aparmağa imkan verməyəcək.
Siz çəkin, biz baxaq…
Vəkil Anar Qasımlı isə vəsatət verdi ki, bir halda ki, tərəflərin çəkiliş və audioyazı aparmasına imkan verilmir, onda məhkəmə özü çəkiliş, audioyazı işini aparsın. Vəkil dedi ki, onlar sonra heç bu çəkiliş və audioyazının üzünü də istəməyəcəklər, sadəcə onlara baxıb müdafiə çıxışı hazırlayacaqlar.
Müdafiə hüququ pozulur
Hakim bu vəsatəti də müzakirəsiz rədd edəndə Arif Hacılı və Məhəmməd Məcidli onun bu hərəkətini öz müdafiə imkanlarını məhdudlaşdırmaq kimi dəyərləndirdilər. Vəkil Anar Qasımlı bu zaman məhkəmə zalının divarına quraşdırılan kameranı göstərib hakimdən soruşdu ki, çəkilişə qadağa varsa, bəs onda bu çəkiliş nə üçündür? Hakim heç bir əsaslı izah tapa bilmədi..
“Ittihamı aydınlaşdırın, sonra sual verin”
Növbə Tural Abbaslının sərbəst ifadə verməsinə çatdı. O bildirdi ki, ötən proseslərdə hakim və prokurordan ittihamın mahiyyətini ona izah etməyi dönə-dönə xahiş etsə də bu, edilməyib, ona görə də o nə haqda danışacağını bilmir. Abbaslı dedi ki, ittihamın mahiyyətini ona aydınlaşdırsınlar, o da bütün sualları cavablasın.
Tural Abbaslının bu izahını hakim ifadə verməkdən imtina kimi qiymətləndirsə də, vəkillər buna etiraz etdilər. Belə olanda prokuror Turala 10-dək sual verdi. T.Abbaslının bütün suallara cavabı eyni oldu: “Ittihamın mahiyyəti mənə aydın olmadığından bu sualı cavablamayacağam”.
“Qordi düyünü”nü açmağa alimlər dəvət edilir
Prokurorun sualından sonra Tural Abbaslının vəkili Anar Qasımlı bir daha vəsatətlə çıxış etdi ki, ittihamın mahiyyəti onlar üçün aydınlaşdırılmalıdır. Bu aydınlaşdırmanı prokuror və hakim bacarmadığından vəkil BDU-nun cinayət prosesi üzrə iki elmlər doktorunun mütəxəssis kimi prosesə dəvət edilməsini tələb etdi. O, eyni zamanda ittihamı tərtib edən Fazil Həsənəliyev və Əziz Seyidovun da prosesə çağırılması ilə bağlı vəsatət verdi. Hakim yenə də vəsatətləri müzakirəsiz rədd etdi.
500 min manatlıq girovdan imtina
A.Qasımlının növbəti vəsatəti Tural Abbaslının məhkəmə prosesi müddətində girov müqabilində şərti azadlığa buraxılması ilə bağlı oldu. O, girovun T.Abbaslının anasına məxsus 500 min manatlıq ev olduğunu dedi. Vəkil əlavə etdi ki, ana girovla bağlı ərizəsində hətta göstərib ki, oğlu prosesə 5 dəqiqə geciksə, əmlakının dövlət hesabına keçirilməsinə razıdır. Vəkil Elçin Namazov da bu vəsatəti dəstəkləyərək hakimi müşavirə otağına çəkiləndə vicdanı ilə söhbət etməyə çağırdı. Dövlət ittihamçısı isə dedi ki, mülkün dəyəri ilə bağlı qiymətləndirmə sənədi olmadığından vəsatət rədd edilməlidir. Vəkillər isə, problem təkcə qiymətləndirməylə bağlıdırsa, bunu bir saata həll edəcəklərini desələr də, hakim buna əhəmiyyət vermədi. Vəkil Osman Kazımov isə zərərçəkənlərə üzünü tutub dedi:
– Sizlərə dəyən ziyanı ödəməyə razıyıq. Amma dövlət ittihamçısının sözündən belə çıxdı ki, o bunu istəmir. Bu şəxslərə qarşı 30 min manatlıq iddia var. Ev dustaqlığı üçün 500 manatdan 1000 manatadək girov tələb olunur. Biz artıqlaması ilə ödəyirik. Tural məhkəməyə 5 dəqiqə geciksə, evin dövlət hesabına keçirilməsinə də razıyıq. Qarşıdan amnistiya gözlənilir. Bu maddə üzrə girov tətbiq edən ilk hakim kimi tarixə düşə bilərsiniz”. Müşavirəyə gedən hakim geri rədd qərarı ilə döndü.
“Davam edir 37″
Bundan sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sərbəst ifadəsi dinlənildi. F.Qəhrəmanlı onlara qarşı yönələn ittihamnaməni siyasi sifarişlə 1937-ci il ritorikası əsasında yazılan səfsəfə adlandıraraq geniş çıxış etdi.
O bildirdi ki, bu gün onların məhkəmə önündə dayanmasına səbəb hakimiyyətin və onların cinayət anlayaşına fərqli baxışlarıdır: “Biz xalqın heç sayılmasını, korrupsiyanı, seçkinin saxtalaşdırılmasını, vətəndaşların sosial haqlarının tapdalanmasını cinayət hesab edirik. Hakimiyyət isə insanların öz haqları uğrunda meydana çıxmasını, qanunun iradəsinin məmurların iradəsindən üstün olmasını tələb etməsini süngüylə qarşılayır…”.
F.Qəhrəmanlı dedi ki, tarixən tərəqqinin yolu zorun üzərindən keçib, insanlıq yaranandan xeyirlə-şərin mübarizəsi gedib. Indi onlar da xeyirin təmsilçisi kimi ittiham olunmalarından qətiyyən narahat deyillər: “Bu mübarizədə onların müttəfiqləri Bin Əlilər, Mübarəklər, Qəzzafi və Lukaşenkolardır. Bizim müttəfiqlər isə daha çox sayda olan mütərəqqi bəşəriyyət, tarixin ümumi qanunauyğunluğudur”.
Ifadənin bu yerində hakim Fuad Qəhrəmanlıya ittihamın mahiyyəti üzrə çıxış etmədiyi barədə xəbərdarlıq etdi. F.Qəhrəmanlı və vəkili isə xəbərdarlıqla razılaşmayaraq bildirdilər ki, bu proses siyasi problemlərin nəticəsi olaraq aparılır, ona görə siyasi məqamlara diqqət ayrılmalıdır.
“Suçumuz normal, ədalətli cəmiyyəti istəməyimizdir”
Fuad Qəhrəmanlının çıxışından epizodlar: “…Bizim gücümüz polisdə deyil, əqidəmizdə, inamımızdadır. Biz tək özümüz üçün yox, burda oturan hakim və prokurorun da firavan, azad yaşayışı üçün mübarizə aparırıq. Bizim mübarizə övladlarını xoşbəxt görmək istəyən hər kəs üçündür”.
“…Burda Arif Hacılı ilə məni ikinci dəfədir müttəhim kürsüsündə oturdurlar. Bundan sizlər nəticə çıxarmalısınız; o baxımdan ki, bu cür cəza ilə tərəqqinin yolunu kəsmək mümkün deyil. Bizim suçumuz normal, ədalətli cəmiyyəti istəməyimizdir…”.
“…Prokuror ittihamın mahiyyətini açıqlaya bilmədi. Çünki bu zaman rejimin mahiyyətindən danışmalı olacaqdı. Biz təşkilatçı kimi prosesə cəlb olunmuşuq. Başqa bir məhkəmə bizim cinayətkar olduğumuza dair hökm çıxarıb. Heç bir işgəncə insanın inandığı həqiqətdən güclü ola bilməz. Mən 23 yaşımda tutulmuşdum, Cabbar 19 yaşında həbs olunub. Mübarizə yaşı cavanlaşır. Biz bu yolu şüurlu şəkildə seçmişik. Bizim təşkilatçı olmağımızla bağlı saxta şahid ifadəsi də yoxdur. Bu aksiya IP-in qərarı ilə keçirilib. Qərar qəzetlərdə yazılıb. Qərarı oxuyan hər kəs aksiyaya qoşulub. Üzünü görmədikləri Elnur Isrəfilovu Yevlaxdan tapıb gətirirlər… Şüşəsındıranın şəkillərini də istintaqa təqdim etmişik. Amma bu adamları üzə çıxarmırlar. Biz bilirik ki, şüşə sındırmaqla, avtobus sürücüsünün üstünə qışqırmaqla rejimi dəyişmək mümkün deyil. Bütün bu məhkəmə prosesi 1937-ci ilin ritorikası ilə yazılmış səfsəfədən başqa bir şey deyil. Elementar ədalət naminə Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndəsi bura çağırılmalı idi. Meriyanın verdiyi qərar qanunsuz idi. Hətta prokuror da icazəsiz aksiya sözünü işlədir. Halbuki qanunda belə bir ifadə yoxdur. Bu məhkəmə prosesi ssenariləşdirilmiş prosesdir və heç bir perspektivi yoxdur. Bizə qarşı ittiham qondarmadır və heç bir məntiqə sığmır”.
Hakimin ikili yanaşması
Fuad Qəhrəmanlının çıxışı vaxtı məhkəmədə skandal yarandı. Vəkil Elçin Namazov qəfil ayağa qalxaraq katibin Qəhrəmanlının çıxışını audioyazıya köçürməsinə etiraz etdi və hakimi bu hala münasibət bildirməyə çağırdı. Vəkil xatırlatdı ki, audioyazıya qadağa haqda az öncə məhkəmə qərarı var. Hakim isə bir az əvvəl böyük qalmaqalla qəbul etdiyi qərara hörmətsizlik edərək dedi ki, katib audio qeyd götürə bilər. Daha sonra Fuad Qəhrəmanlı dövlət ittihamçısının və vəkillərin suallarını cavabladı.
Əli əzilib, amma necə, nə cür, bilmir
Bundan sonra zərərçəkən kimi tanınan, aksiyada sol əlindən xəsarət aldığını iddia edən polis işçisi Mais Əliyev ifadə verdi. O ifadəyə başlayanda vəkil Ilqar Musayev hakimə dedi ki, bu şəxs ötən məhkəmə iclaslarında andını pozub, məhkəməyə yalan ifadələr verib, məhkəmə bunu nəzərə alsın. Mais Əliyev 2 apreldə əlinin əzildiyini desə də, bunu kimin və hansı şəraitdə etdiyini xatırlamadığını söylədi.
O, təqsirləndirilən şəxslərin heç birinin onu vurmadığını, kimisə vurmağa təhrik etdiyini görmədiyini də ifadəsində göstərdi. Məhəmməd Məcidli “zərərçəkəni” güclü arqumentlə divara dirədi: “Sizi asayişi qorumaq üçün mitinq keçiriləcək yerə göndərirlər. Deyirsiniz ki, mitinqçilər sizi vurub qaçdılar. Özünüzü qoruya bilmirsinizsə, bizi necə qoruyacaqdınız?”.
Vəzifəsi ilə bağlı vəkillərin verdiyi suala M.Əliyevin cavabı orijinal oldu: “Mən bütün qanunsuz aksiyanın hamısında iştirak etmişəm”.
“Aksiyaya icazə verilsəydi, sakitçilik olardı”
M.Əliyev məhkəməyə ifadəsində dedi ki, ona mitinqi dağıtmaq əmrini Səbayel rayon polis idarəsinin rəis müavini Kamal Vəlişov verib. Əliyev dedi ki, qabaqlar da Bakıda bir çox aksiyalarda ictimai asayişin qorunmasında iştirak edib və onlarda heç zaman 2 apreldəki kimi insident yaranmayıb: “Bütün bunlar ona görə baş verdi ki, aksiyaya icazə verilməmişdi. Biz də adamları qovurduq ki, Fəvvarələr meydanına girməsinlər”.
Ziddiyyət göz deşir
Xəsarəti ilə bağlı M.Əliyev bildirdi ki, o ancaq DIN-in hospitalında 4 gün xəstəxana şəraitində müalicə olunub. Ancaq o, özünə verilən ekspertiza rəyi ilə tanış olmadığını və ümumiyyətlə, belə bir ekspertizanın keçirildiyi barədə heç nə bilmədiyini də dedi. Mais Əliyevin vəkillərin sualı qarşısında acizliyini görən dövlət ittihamçısı vəkillər sual verdikcə M.Əliyevi işarələrlə yönləndirirdi. Hakim də prokurorun qanundankənar əməlinə göz yumurdu. Istintaqa ifadəsində M.Əliyev sol əli ilə yanaşı belindən də xəsarət aldığını deyib. Amma o, məhkəməyə ifadəsində bunu təkzib etdi və belə bir şey olmadığını dedi.
Polis qeyri-etik ola bilər
Polis vəkil Namazovla mübahisə edərkən arxadan “başına iki şillə vurun başa düşsün” deyə replika atdılar. M.Əliyev hirsləndi. Arxaya dönüb hakimdən həmin şəxsi zaldan çıxarmasını istədi. Sonra məlum oldu ki, replikanı atanlar polislər imiş. M.Əliyev dedi ki, polisin o sözü demək ixtiyarı var. Vəkillərin təkidinə baxmayaraq hakim etikasız polislərə qarşı heç bir tədbir görmədi.
Məhkəmə sentyabrın 7-nə saat 10:30-a təxirə salındı.
Natiq