“WikiLeaks” ailənin maliyyə sirlərini də faş etdi
ABŞ səfiri iqtidardaxili gücləri aşkarladı
Azərbaycan rəhbəri amerikalı diplomata İran prezidenti haqda nələri deyib?
“WikiLeaks” saytının Azərbaycanla bağlı açıqladığı sənədlərin dərcini davam etdiririk. ABŞ-ın ölkəmizdə səfiri olmuş Rino Harnişin 2006-cı il martın 16-da yazdığı məxfi məktubunda Azərbaycan hökumətinin iqtisadi siyasəti, hakimiyyətdaxili güclərin çıxarılan qərarlara təsir imkanları və s. pərdəarxası məqamlar öz əksini tapıb.
***
Ilham Əliyev Azərbaycanda aparıcı iqtisadi və siyasi qərarlar qəbul edən şəxs olmasına baxmayaraq, atdığı addımlarında hakimiyyətdaxili qruplara, özünə yaxın biznes elitasına və yüksək vəzifəli məmurları narazı salmamağa daha çox üstünlük verir. Azərbaycanda yüksək səviyyəli iqtisadi qərarlar hakim dairələrin ümumi razılığına əsaslanır. Ilham Əliyev hər hansı iqtisadi qərar verdiyi zaman öncə özünün şəxsi biznes maraqlarını üstün tutur.
Azərbaycanda əksər dövlət məmurları iri oliqarxlardır və onlar ölkənin ən iri biznes imperiyalarını idarə edirlər. Bu isə hökumətin şəffaf iqtisadi qərarlar qəbul etməsinə ciddi təsir göstərir. Iqtisadi elita ilə Azərbaycan hökuməti arasında qərarların qəbulu haqda gizli razılaşmanın olduğu da söylənilir. Ayrı-ayrı məmurların hökumətdə sərbəst şəkildə qərar qəbuletmə səlahiyyəti olması daha çox ethtimal edilir. Azərbaycanda maliyyə və iqtisadi qərarlar gözlənilmədiyi halda verilir. Heç bir strategiya və uzunmüddətli zaman üçün planlaşdırılmır.
Heydər Babayevin “yüksəlişi”
Iqtisadi inkişaf naziri Heydər Babayev Ilham Əliyevin şəxsi dostudu. O, hazırda hökumətin iqtisadi qərarlarının qəbulunda mühüm təsiri olan məmurlardan biridir. Bir çox dövlət məmuru kimi Heydər Babayevin də ailəsi Azərbaycanda böyük holdinqi idarə edir. Bir neçə filiala sahib olan “ABU Holding”, “Bank Standart” və “ABU petrol” yanacaqdoldurma məntəqələri Babayev ailəsinin nəzarətindədir. Heydər Babayev, həmçinin sələfi Fərhad Əliyevin həbsxanaya salınmasından da xeyir götürdü. Fərhad Əliyevin və qardaşının nəzarətindəki şirkətlər, “Azpetrol” yanacaqdoldurma məntəqələri, bank biznesindəki hissələrin bir qismi onların həbsindən sonra Babayevlər ailəsinin nəzarətinə keçdi. Deyilənlərə görə, Babayev hakim ailənin biznes şəbəkəsinə, gələn gəlirlərinə cavabdeh olan şəxsdir.
Kəmaləddin Heydərovun Gömrük Komitəsində apardığı “islahatlar”
Bundan əlavə, biz güman edirik ki, hazırkı fövqəladə hallar naziri, dövlət gömrük komitəsinin keçmiş sədri Kəmaləddin Heydərovun da Ilham Əliyevlə sıx əlaqələri var. Heydərov da birbaşa olmasa da, dolayı yollarla hökumətin verdiyi iqtisadi qərarlara təsiretmə gücünə sahibdir. Doğrudur, Heydərovun indiki vəzifəsi iqtisadi qərarların qəbuluna güclü təsir etmək imkanı yaratmasa da, onun Ilham Əliyevə yaxınlığı, sahib olduğu nüfuz və nəhəng biznes imperiyası fövqəladə hallar nazirinə hökumətin iqtisadi-maliyyə siyasətinə təsir etmək imkanı verir. Kəmaləddin Heydərov keçmiş ölkə başçısı Heydər Əliyev onu Gömrük Komitəsinin rəhbəri postuna təyin etdikdən sonra güc mərkəzinə çevrilməyə başlayıb. O, rəhbərlik etdiyi qurum daxilində rüşvət və korrupsiyanı sistemləşdirdi. Özündən sonra isə gömrük komitəsinə müavini Aydın Əliyevin təyin edilməsinə nail oldu. Əliyevin bu posta gəlişindən sonra gömrükdəki “haqların” 15 dəfə artması haqda məlumatlar dolaşır. Kəmaləddin Heydərovun yeni yaradılan Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə gətirilməsinin və bir sıra mühüm qurumların həmin nazirliyin tabeçiliyinə verilməsinin Heydərovun daha da güclənməsinə, onun siyasi gücünün artmasına yol açacağı qaçılmazdır.
“Əvəz Ələkbərov və Elman Rüstəmovun siyasi ambisiyaları yoxdur”
Maliyyə Nazirliyi və Milli Bank maliyyə siyasətinin müəyyənləşdirilməsində mühüm rola sahibdirlər. Həm maliyyə nazir Əvəz Ələkbərov, həm də Milli Banka rəhbərlik edən Elman Rüstəmov hakim komandanın çoxdankı üzvləri olsalar da, onların siyasi ambisiyalarda və nəhəng biznes imperiyaları qurmaqda maraqlı olmadıqları görünür. Onlar vəzifələrini yerinə yetirməyə çalışan iki istedadlı bürokratdır.
“Valeh Ələsgərov Ilham Əliyevin sifarişlərini yerinə yetirir”
Parlamentin sədr müavini Valeh Ələsgərov əvvəllər dövlət neft şirkətində şöbə müdiri vəzifəsində çalışıb. O, ölkənin enerji siyasətinin müəyyənləşdirilməsində, bu sahədə qərarların qəbulunda kifayət qədər nüfuza sahibdir. Ələsgərov Bakı-Tbilisi-Ceyhan neft kəməriylə bağlı aparılan danışıqlarda əsas fiqurlardan biri olub. Səfirlik mənbələri qeyd edir ki, Valeh Ələsgərov birbaşa olaraq Ilham Əliyevin sifarişlərini yerinə yetirir.
Azərbaycanın enerji siyasətində və bu sahə üzrə qərarların qəbulunda mühüm fiqurlardan biri də ölkə başçısına yaxınlığı ilə tanınan ARDNŞ prezidenti Rövnəq Abdullayevdir. O, bu vəzifəyə təyin olunduqdan sonra müavin və qurumdakı bütün mühüm postlara öz yaxınlarını təyin etdi. Abdullayevin prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla sıx əlaqələr var. Abdullayev də daxil olduğu klanın gücündən istifadə etməklə enerji siyasətinin müəyyənləşməsinə, qərarların qəbuluna güclü təsir edə bilir.
“Ofsayd”da qalmış hökumət üzvü
Energetika və sənaye naziri Natiq Əliyev bu vəzifəyə gətirilməzdən öncə ARDNŞ-nin prezidenti olub. Onun yeni posta təyinatından məmnun qalmadığı bildirilir. Əliyev hökumətdə “ofsayd”da qalmış kadrlardan sayılır.
Azərbaycanın enerji siyasətində mühüm fiqurlardan biri də neft fondunun icraçı direktoru Samir Şərifovdur. ABƏŞ prezidenti Devid Vudvordun fikrincə, Şərifov ölkə başçısı Ilham Əliyevin enerji siyasəti üzrə strateji müşaviridir.
Bütün bunlarla yanaşı Ilham Əliyev makroiqtisadi vəziyyəti yaxından izləyir və son iqtisadi qərarı qəbuletmə gücünü özündə saxlayır.
Əliyev qərarlar verərkən hansı maraqları güdür?
Əliyev qərarlar verərkən öncə öz ailəsinin şəxsi və biznes maraqlarını hesablayır. Onun həyat yoldaşı Mehriban Əliyeva ölkənin siyasi və iqtisadi baxımdan ən güclü Paşayevlər ailəsinin üzvüdür. Mehriban Əliyeva Ilham Əliyevin bütün məxfi maliyyə və biznez imperiyasını idarə edir. Ilham Əliyev 2003-cü il seçkilərinə namizədliyini irəli sürərkən gəlirləri haqda deklorasiyasında əlavə qazanc mənbələrinin olmadığını göstərmişdi. Ancaq azərbaycanlıların əksəriyyəti güman edir ki, Ilham Əliyev bütün varidatını həyat yoldaşı Mehriban Əliyevanın adına keçirmişdi.
Əliyev hansı müşavirinə qulaq asmır?
Əliyevin təcrübəli məsləhətlərə qulaq asması haqda deyilənlər inandırıcı görünmür. Çünki o, dəfələrlə bəyan edib ki, verdiyi qərarlarında müstəqildir. Əliyevə məsləhət verən nazir və digər hökumət üzvləri iqtisadi qərarların qəbulunda öz maraqlarının təmin olunmasına çalışırlar. Ilham Əliyevin müşavirləri olsa da, onun onlara qulaq asmadığı deyilir. Heydər Babayev bildirib ki, Ilham Əliyev iqtisadi köməkçilərindən biri Əli Əsədova qulaq asmır.
Ramiz Mehdiyevi Rusiya ilə hansı tellər bağlayır?
Hökumətin qərarlarının qəbulunda başqa bir nüfuzlu şəxs Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Ramiz Mehdiyevin Rusiyanın “Lukoil” neft şirkəti ilə sıx əlaqələri var. Rusiya hakim elitasında və biznes dairələrində geniş imkanlara sahibdir. Mehdiyevin də güclü biznes imperiyasına sahib olduğu deyilir. Onun nəzarətində son illər ölkəni bürümüş tikinti işlərini həyata keçirən bir neçə şirkət var. Mehdiyev həm də güclü siyasi fiqurdur. Hökumətdəki nüfuzlu nazirlərdən bəziləri onun tabeliyindədir.
Ilham Əliyev Əhmədinejatı terrorçuların hamisi kimi təqdim edib
WikiLeaks-in sonuncu dəfə yaydığı ABŞ diplomatlarının məxfi yazışmaları içərisində Azərbaycanla bağlı olanlardan birində də ölkə başçısı Ilham Əliyevin Iran və onun prezidenti Mahmud Əhmədinejat haqda maraqlı fikirləri əksini tapır. Sənədlərdən biri 2007-ci il 11 aprel tarixində ABŞ-ın Bakıdakı o zamankı səfiri Enn Dersinin göndərdiyi məktubdur. Məktubda Ilham Əliyevin səfir və Nümayəndələr Palatasının üzvü Piter Xoekstra ilə görüşdə dedikləri qeyd olunub.
Sənəddə deyilir ki, Əliyev Azərbaycanın “unikal geosiyasi vəziyyətdə – iki keçmiş müstəmləkəçi Iran və Rusiya arasında sıxılmış halda” olduğunu bildirib. Əliyev deyib ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra Iranın Azərbaycana təsiri sürətlə artmağa başlayıb. Iran qəsdən teokratik milliyyətçiliyin ixracı ilə məşğuldur. Əliyev Iranın təsiri baxımından Azərbaycanda vəziyyətin 90-cı illərin əvvəllərindən daha pis olduğunu, lakin son 15 ildə dəyişdiyini bildirib. Əliyev Azərbaycanda həyatın Irandan daha yaxşı olduğunu, buna görə də Iran vətəndaşlarının Azərbaycana gəldiyini deyərək, bunu “qadınların hicab örtməməsi, kişilərin isə diskotekalarda rahat oynamaq və içmək imkanı olması” ilə izah edib.
Əliyev Irana qarşı mümkün hücumdan niyə narahatdır?
Əliyev ABŞ nümayəndəsinə Irana qarşı mümkün hərbi əməliyyatlardan narahatlığını da bildirib. O deyib ki, Irana qarşı hərbi əməliyyatlar Azərbaycan üçün faciə ilə nəticələnəcək. Əliyev qeyd edib ki, ABŞ-ın Iraqdakı müharibəsi regionda mənfi reaksiya doğurub, lakin olan olub. Irana hücum olacağı təqdirdə isə bu, Azərbaycan üçün faciə ilə nəticələnəcək. Əliyevin sözlərinə görə, Əhmədinejat ona deyib ki, hansı ölkənin ərazisindən Irana hücum təşkil olunsa, Iran da o ölkəni vuracaq.
ABŞ-ın Iran məsələsində hansı mövqe tutmalı olduğuna gəlincə, Əliyev onu da əlavə edib ki, ABŞ danışıqlar prosesində güzəştə getsə, Iranın mövqeyi güclənəcək.
Əliyevin fikrincə, Rusiya Iran-Amerika qarşıdurmasından dividentlər əldə etməyə maraqlıdır: “Prezident Putin dedi ki, Rusiya heç bir tərəfi dəstəkləmək istəmir və o, səmimi idi”. Əhmədinejatın Iranın dini rəhbərləri ilə ümumi baxışları bölüşdüyünü, lakin hər iki düşərgə arasında “qıcıqlanmanın” artdığını deyən Əliyev Iran prezidentinin “sadəlövh və axmaq olmadığını” vurğulayıb.
Əliyev müsəlman dünyası haqda nə düşünür?
Əliyevin sözlərinə görə, Əhmədinejatla ikitərəfli görüşlərin gedişində Iran prezidenti “öz sələflərindən fərqli olaraq” daim müharibə və hərbi məsələlər haqqında danışır. Bir dəfə Əliyev Əhmədinejata beynəlxalq arenadakı çıxışlarının “faydasız və həyəcanlandırıcı” olduğunu deyib, Iran prezidentindən isə “Sən buna sevinməlisən, mənim sözlərimə görə neftin qiyməti qalxır” cavabını alıb.
Sənəddə deyilir ki, Əliyev ABŞ-ın müsəlman dünyasını islah etməyə səy göstərməməli olduğunu düşünür. Azərbaycanın Qərblə müsəlman dünyası arasında özünü rahat hiss etdiyini bildirən Əliyev “müsəlman dünyasında islahatların yalnız Həmasa və Hizbullaha gətirib çıxaracağ”ını deyib. Bundan başqa, o, ABŞ-ın demokratiyanı Iraq və ya Yaxın Şərqin başqa bir ölkəsinin “boynuna qoymaq” cəhdlərini səhv addım kimi dəyərləndirib.
2009-cu ilin oktyabrında göndərilən başqa bir məktubda da Əliyevin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydenau ilə Iran mövzusunda söhbəti əksini tapıb. Əhmədinejatın Əliyevdən terrorçuları buraxmaq tələbi fonunda Kaydenau Əliyevə Azərbaycanın terrora qarşı mübarizədə göstərdiyi əməkdaşlığa görə təşəkkürünü çatdıraraq Bakıda Israil səfirliyini partlatmağa cəhd edərkən tutulan “Hizbullah” terrorçuları Əli Məhəmməd Kərəki və Əli Hüseyn Nəcməddinin məsələsini xüsusi qeyd edib. Cavabında Əliyev bildirib ki, həmin şəxslərin həbsdə qalması məsələsi ilə şəxsən məşğul olub. Lakin bu iş asan başa gəlməyib. “Əliyev bildirib ki, iranlılar bu terrorçuların azadlığa buraxılması üçün ona müntəzəm təzyiq göstərir. O cümlədən Iran prezidenti dəfələrlə bunu istəyib. Həmçinin Iran xarici işlər nazirinin müavini, Prezident Administrasiyasının rəhbəri belə tələblərlə Bakıya müraciət ediblər. O, həmçinin qeyd etdi ki, Iran bir neçə Azərbaycan vətəndaşını bu terrorçuların həbsinə cavab olaraq girov saxlayıb. Əliyev daha sonra deyib: ”Bu terrorçuların arxasında həddən artıq çox qüvvələr var. Indi bir qədər tezdir, ancaq nə vaxtsa mən açıqlayacam ki, bizə daha kimlər təzyiq ediblər. Bunlar təkcə iranlılar deyil”, – deyə sənəddə bildirilir.
Siyasət şöbəsi