Allahu-Əkbər sədalarının zalımdan başqa heç kimi təhdid etmədiyi təsdiqləndi
Bu il bütün dünya silsilə ərəb inqilablarına şahidlik etdi. Yanvar ayından başlayaraq dünyanın ən nüfuzlu telekanallarının baş xəbəri ərəb inqilabları haqda olur. Əminəm ki, müasiri olduğumuz bu inqilablar bəşər tarixində yeni bir mərhələ açacaq. Baş vermiş tarixi hadisələrin təsirini hələ çox hiss edəcəyik. Hələ bundan sonra da 10 illiklər ərzində bu inqilablar müzakirə, təhlil predmeti olacaq. Cəbhəçi gənclərin təklifi ilə mən də ərəb inqilablarını və onların gələcəyə təsirini təhlil edəcək yazılar yazmaq qərarına gəldim.
I yazı
Inqilabların qlobal təsiri
Soyuq müharibə bitəndən sonra dünyanın gələcəyi ilə bağlı filosof və siyasətşünaslar arasında mübahisə yenidən qızışmışdı. Demokratik dünyanın bu savaşda əldə etdiyi qələbə qətidirmi? Qərbin tapındığı liberal demokratik sistemə alternativ varmı? Doğrudanmı müsəlmançılıq və demokratiya antoqonistdir? Sivilizasiyalar arası qarşıdurma qaçılmazdırmı, yoxsa fiksiyadır? Neftlə zəngin müsəlman ölkələrində “çiçəklənən” və çox sabit görünən diktaturalar Qərbin inandığı liberal demokratik sistemə alternativ ola bilərmi? (Türkiyə, Indoneziya, Pakistan kimi böyük islam dövlətlərinin demokratiya sahəsindəki nailiyyətləri də bu arqumentləri tam sıradan çıxarmırdı. Islamın beşiyi olan ərəb dünyası daha mühafizəkar sayılırdı və antiislamçılar ərəb ölkələrindəki vəziyyətlə öz mövqelərini arqumentləşdirirdilər).
Demokratiya insanların 21-ci əsrdə də uğrunda ölə biləcəyi ümumbəşəri dəyərdir
Ərəb inqilabları sübut etdi ki, demokratiya, azadlıq, ədalət universal, hamıya aid olan, insanların 21-ci əsrdə də uğrunda ölə biləcəyi, ümumbəşəri dəyərlərdir. Yalnız «seçilmişlərin» imtiyazı deyil. Mühafizəkar mentalitet, islam dini avtoritar, totalitar idarəetmə üçün aqrument ola bilməz. Zor gücünə yaradılan sabitlik müvəqqətidir. Rejimlər nə qədər repressiv olursa, insanların azadlıq eşqi də o qədər güclü olur.
Qapalı sistemlər, hansı bəhanə, ideologiya ilə olursa-olsun, azadlıqların məhdudlaşdırılması insanın təbiətinə ziddir. Insan, hətta maddi təminatlar müqabilində də (xüsusilə Liviya nümunəsi) ləyaqətli, azad yaşamaq istəyindən daimi olaraq imtina edə bilməz.
Demokratiyanı əzmək üçün mentalitetə, xalqın hələ demokratiyaya hazır olmamasına, “suveren” demokratiyaya, terrorçularla mübarizə və “sabitliyi qorumaq” zərurətinə istinadlar inandırıcılığını, ciddiliyini itirdi, ikrah hissi yaratdı. Diktaturaların ideoloji aparatı bir neçə ayın içində tam iflas etdi.
Islamın demokratiyaya zidd olmadığı isbatlandı
XXI əsrin əvvəllərində “Əl-Qaidə”nin fəallaşması Şərqin bütün diktatorlarına yaxşı fürsət yaratdı ki, öz zorakı hakimiyyətlərini Qərb qarşısında «terrorla mübarizə» arqumenti ilə əsaslandırsınlar. Açıqca belə bir təbliğat aparılırdı ki, müsəlman diktatorların tək alternativi guya, radikal islamçı cərəyanlardır. Misirin qoca diktatorunun bu kəşfindən Bəşər Əsəddən Ilham Əliyev və Islam Kərimova qədər bütün müsəlman ölkələrin avtoritar liderləri məmnuniyyətlə istifadə edirdilər. Hər yerdə islamçıları radikallığa sövq edib, dünyaya “bunlarla başqa cür davranmaq mümkün deyil” mesajını verirdilər. Bir tərəfdən islamçıları müxtəlif təxribatlarla radikallaşdırıb, zorakı mübarizəyə sövq edirdilərsə və bu yolla da geniş kütlələrdən qoparırdılarsa, digər tərəfdən də demokratik qüvvələri «terrorçularla iş birliyi» şantajı ilə islamçı qüvvələrdən məsafədə saxlayıb zəiflədirdilər.
Ərəb baharı sübut etdi ki, müsəlman ölkələrində də güclü demokratik potensial var. Avtoritar liderlərin də alternativi məhz demokratiya və azadlıqdır. Ərəb inqilabçıları və xalqların azadlıq istəyi bir tərəfdən diktatorları sosial bazadan, sonra hakimiyyətdən məhrum etdisə, digər tərəfdən bölgədəki radikal islamçı cərəyanların da sosial bazasını daraltdı. Gənclər kütləvi şəkildə demokratiyanı seçdilər, hətta müəyyən radikal keçmişi olan islamçı siyasi cərəyanlar da dəyişməyə başladı. Liviyada vaxtı ilə “Əl-Qaidə” ilə əlaqəsini gizlətməyən bir islamçı qruplaşma öz ideologiyasını da, adını da dəyişdi. Indi bu qrup özünü “Dəyişikliklər uğrunda hərəkat” adlandırır. Misirdəki “Müsəlman qardaşlar” belə, xalqın demokratikləşmək arzusuna cavab olaraq dəyişməkdə – daha mütərəqqi olmaqdadır. Indi onlar Türkiyədəki AKP tipli partiya yaratmağı düşünürlər. Beləliklə, xalq meydana çıxıb hər iki radikal qüvvəni sarsıtdı. Diktatorları birdəfəlik gömdüsə, onların uzun müddət özlərinə alternativ kimi təqdim etdikləri radikal islamçı cərəyanları da ya zəiflətdi, ya da islahata məcbur etdi. Məlum oldu ki, Şərq diktatorlarının da (Qərbdə olduğu kimi) alternativi xalq hakimiyyəti, demokratiyadır.
Beləliklə, islamın demokratiyaya zidd olmadığı, əksinə həqiqi inanclı insanın zalıma qarşı daha qətiyyətlə mübarizə apara bildiyi isbatlandı. Müsəlmanın da digərləri kimi ümumbəşəri dəyərlərə can atdığı, azad olanda başqa dinlərə də hörmətlə yanaşdığı, Allahu-Əkbər sədalarının zalımdan başqa heç kimi təhdid etmədiyi təsdiqləndi.
Bütün əzilən xalqlar diktaturalara qarşı əllərində çox kəsərli silah olduğuna əmin oldular
Ərəb inqilablarından sonra xalqların kütləvi dinc mübarizəyə inamı daha da artdı. Ərəb inqilablarına qədər dinc mübarizə yolu ilə iyirmidən artıq ölkədə köklü dəyişiklik olmuşdu. Bəşəriyyətin dinc mübarizə tarixinin ən parlaq səhifələrini Mahatma Qandinin liderliyi ilə hind xalqı, Martin Lüter Kinqin liderliyilə ABŞ-da yaşayan afroamerikalılar, Lex Valensanın liderliyi ilə Polşanın “Həmrəylik” həmkarlar ittifaqı, Çilidə, Argentinada, Fillipində və s. ölkələrdə demokratiya uğrunda hərəkatlar yazmışdı.
Amma Ərəb inqilablarına qədər xalqların dinc mübarizəsinin siyasi dəyişikliklərə nail olmaq üçün bütün situasiyalarda, universal və ən səmərəli vasitə olduğu mübahisəli idi. Belə ki, bir çoxları iddia edirdilər ki, Qandi və Kinq hərəkatları özlüyündə nə qədər mükəmməl olsalar da, hər halda onların opponenti birinci halda (imperiya olsa belə) mədəni və seçkili ingilis hökuməti, ikinci halda isə (irqçi olsa belə) seçkili və konstitusiyalı ABŞ hökuməti idi . Yəni, bu seçkili hökumətlər zoru da bir həddə qədər istifadə edə bilərdilər. Onlar tamamilə özlərini məsuliyyətdən azad hiss edə bilməzdilər.
Şərqi Avropada dissident hərəkatlarının qələbəsi də onunla izah olunurdu ki, əvvəla, məsələn, Polşa və Çexiyanın o zamankı kommunist hökumətləri təkpartiyalı, totalitar sistemin hökumətləri olsa da, hər halda minlərlə insanın öldürülməsinə qərar verəcək qədər despot deyildilər, ikincisi, hətta bu ölkələrdə də dinc mübarizə yalnız o zaman qələbə qazandı ki, yenidənqurmadan sonra SSRI özü dəyişməyə başladı. Yəni, olduqca əlverişli beynəlxalq şərait Şərqi Avropa dissidentlərinə heç bir itki vermədən rejim üzərində qələbə qazandırdı.
Amma açıq desək, ərəb inqilablarına qədər dünya tarixində heç bir xalq qeyri-məhdud hakimiyyətə malik, qəddarlığına görə orta əsr despotlarını xatırladan, dişinə qədər silahlı rejimlərlə yalın əllə üz-üzə gəlib, qələbə qazanmamışdı. Ərəb diktatorları arsenallarında olan bütün silahlı qüvvələrdən, nəinki əliavtomatlı polisdən, hətta tankdan, təyyarədən, topdan, gəmidən də (Suriyada) dinc əhaliyə qarşı istifadə edir.
Yeri gəlmişkən, yazılarımın birində Misir inqilabını Fransa inqilabından və Rusiya fevral burjua inqilabından sonra dünya tarixinə ən ciddi təsir göstərəcək inqilab adlandırmışdım. Indi isə vurğulamaq istəyirəm ki, bəşəriyyət Suriya xalqının demokratiya naminə etdiyi fədakarlığa tay ola biləcək fədakarlıq görməyib. Beş aydan artıqdır Əsəd diktaturasına qarşı dinc mübarizəyə başlamış suriyalılar avtomat, top, tanklara qarşı yalın əllə dayanırlar. 10 milyonluq ölkədə 2200-dən artıq insan mitinqlərdə öldürülüb. Amma suriyalılar yenə də ayaqdadır, mübarizə davam edir. Əsəd diktaturasının isə hiss olunur ki, sayılı günləri qalır.
Ərəb inqilabları dinc mübarizə nəzəriyyəsinə çox ciddi ştrixlər əlavə etdi. Praktikada təsdiq olundu ki, həqiqətən də məğlubedilməz diktatorlar yoxdu. Diktatorun ən qəddarını, ən qansızını, ən güclüsünü də xalqlar dinc mübarizə ilə məğlub edə bilir. Əsarətdən xilas olmaq haqda hamılıqla qərar vermiş xalq isə məğlubedilməzdir.
Növbəti dəfə və tam olaraq sübut olundu ki, ən müasir və dağıdıcı silahlar da insan iradəsinin qarşısında gücsüzdür. Dinc mübarizə isə nəinki hansısa səbəblərdən zəifləmiş rejimləri, hətta ən qəddar, qansız, zalım diktatorları da məğlub edə bilir. Bütün əzilən xalqlar diktaturalara qarşı əllərində çox kəsərli silah olduğuna əmin oldular. Qaldı bu “silah”dan mükəmməl istifadə etməni mənimsəmək.
Yazı Əli Kərimlinin şəxsi bloqundan www.akarimli.wordpress.com götürülüb