Cılız hisslərlə nəyə nail olmaq olar?
Azərbaycan hakimiyyətinin bütün dünya ilə konfrontasiya vəziyyətində olduğu danılmazdır. Yerli telekanallar, hökumətyönlü media mütəmadi olaraq ABŞ və Avropa əleyhinə kampaniya aparır. Son dövrlər isə mötəbər təşkilatlar, nüfuzlu nəşrlər Azərbaycandakı vəziyyətə birmənalı münasibət bildirir və hakimiyyəti demokratik islahatlara səsləyirlər. Azərbaycan hakimiyyəti isə dövlət maraqlarını deyil, şəxsi maraqları üstün tutduğu üçün yaranmış uçurumu daha da dərinləşdirir. Bugünlərdə baş vermiş hadisə isə hakimiyyətin nə qədər cılız olduğunu və münasibətləri hansı səviyyəyə gətirib çıxardığını göstərdi. Belə ki, hər il iyulun ilk günlərində ABŞ səfirliyi Amerikanın müstəqillik günü münasibətilə ənənəvi ziyafət təşkil edir.
Xatırlatmaq yerinə düşər ki, 90-cı illərdə mərhum prezident Heydər Əliyev hakimiyyətdə olanda özü bu tipli tədbirlərdə iştirak edirdi. Son illərdə isə adətən bu qəbildən olan tədbirlərdə Azərbaycan hökumətini maliyyə naziri Samir Şərifov təmsil edirdi. Bu dəfə isə ABŞ səfirliyinin təşkil etdiyi ziyafətdə Azərbaycan hökuməti gənclər və idman nazirinin müavini səviyyəsində təmsil olundu.
Guya, hakimiyyət adekvat münasibət sərgiləyir və ABŞ-ı cəzalandırır. Deməli, ABŞ-da Azərbaycanla bağlı dinləmə keçirilir, dərhal Milli Məclisdə ABŞ əleyhinə dinləmələr keçirilir. ABŞ-ın nüfuzlu bir qəzeti Azərbaycan hakimiyyətini tənqid edir, dərhal rejim mətbuatı Barak Obamanı hədəf alır. Yəni hakimiyyət iradlardan, haqlı tənqidlərdən nəticə çıxarmaq əvəzinə, ölkəni hisslərlə idarə edir.
Axı bu addımarla ABŞ-a nə etmək olar? Guya Azad Rəhimovun müavini ziyafətə getməklə ABŞ-ın imici korlanacaq? Yəqin hakimiyyətdəkilər “bərabərhüquqlu siyasət” deyəndə, ABŞ-ın bütün ittihamlarına “özünsən” cavabını verməyi nəzərdə tuturmuş.
Amma məsələnin başqa bir tərəfi də var. Belə ki, Bakıda ABŞ-a “əzələ” göstərənlər ABŞ-ın nüfuzunu qazanmaq üçün milyardlarla pul xərcləyiblər. Burda antiABŞ kampaniyası aparıb, sonra lobbiçilər tutub əfv olunmaq istəyirlər.
Əslində ölkələr arasında münasibət, yürüdülən siyasət belə olmamalıdır. Azərbaycan hakimiyyəti o qədər hissə qapılıb, o qədər hikkəlidir ki, azyaşlı uşaq kimi hərəkət edir.
Dünyanın ən nəhəng dövləti ilə isti münasibət qurmaq əvəzinə, “cığal uşaq” kimi davranırlar. Müşahidə etdiklərimiz qarışqanın fildən qisas almasına oxşayır.
Axı bu çılğın, emosianal addımlarla nəyə nail olmaq olar? Təbii ki, bu tipli addımlarla hakimiyyət özünü bitirməyə xidmət edir.
Bir sözlə, ABŞ-a qarşı sonuncu münasibət hakimiyyəti gülünc vəziyyətə saldı və ölkəni idarə edənlərin hansı zehniyyət yiyəsi olduğunu bir daha təsdiqlədi.
Samir