Analoji tədbirlərlə müqayisədə ölkəyə gələnlərin sayı qat-qat az oldu
Hakimiyyətin uzun müddət ərzində uğur kimi təqdim etdiyi Avropa oyunları başa çatdı. Dəfələrlə qeyd etmişik ki, Avropa oyunları nə maddi baxımdan, nə də imic baxımından Azərbaycan xeyir gətirmədi. Təxminən 8 milyard vəsait havaya sovruldu və bütün dünya Azərbaycandakı avtoritarizmdən agah oldu.
Demək olar ki, bütün mötəbər təşkilatlar, nüfuzlu nəşrlər Azərbaycan hakimiyyətini insan haqlarına hörmət etməyə, siyasi məhbusları azadlığa buraxmağa səslədi. Amma hakimiyyət şəxsi hikkəsinə görə bu idman tədbirini özünün də əleyhinə çevirdi. Yəni, 8 milyardlıq maya batdı. Xüsusilə də Avropa liderlərinin açılış mərasimində iştirak etməməsi Azərbaycan hakimiyyətinin beynəlxalq aləmdə nüfuzunu itirməsinin göstəricisidir. Digər tərəfdən Avropa oyunlarına görə ölkəmizə gələn əcnəbilərin sayı proqnozlaşdırılanın əksini göstərdi. Məlumata görə oyunlar dövründə ölkəmizə 28000 əcnəbi gəlib. Amma bu 28000 adam turist kimi qəbul olunmamlıdır. Çünki, bu siyahıda minlərlə insan var ki, onlar idmançılardan və onların vasitəsilə gələnlərdən ibarətdir. Azərbaycan tərəfi bütün heyətlərin xərcini üzərinə götürdüyünə görə idmançıların xətti ilə xeyli sıravi adamlar da ölkəyə gəlmişdi.
Avropa oyunlarını hakimiyyət olimipiada kimi təqdim etdi və bütün ölkə boyu oyunların məşəlini gəzdirdilər. Yəni, bu oyunu olimpiada kimi qeyd etdilər.
Xatırladaq ki, Sidney olimpiadasında 100 min, Pekin olimpiadasında 380 min, London olimpiadasında 900 min əcnəbi iştirak edib. Afina və Soçi olimpiadalarında rəsmi rəqəmlər olmasa da 100 minlərlə insanın iştirak etdiyi bildirilir.
Təbii ki, hakimiyyət bu uğursuzluqları dərk edir və bunu sığortalamaq üçün də təbliğatı davam etdirirlər. Oyunlar başa çatsa da telekanallar, hökumət mətbuatı hələ də Olimpiya stadionundan çıxa bilməyiblər. Dəfələrlə qeyd etmişik ki, bu oyunlardan yeganə təsəllimiz idmançılarımızın uğurları oldu. Yəni, hakimiyyətin uğursuz addımlarını, qismən də olsa idmançılarımız sığortalaya bildi.
Amma yazımızım əsas məqsədi budur ki, hakimiyyət bu uğursuzluğu Avropanın üzərinə atmağa çalışır. Guya, Avropa liderlərinin Bakıya gəlməməsində Almaniya kansleri Angelə Merkelin xidmətləri olub.
Guya, etibarlı mənbə xəbər verib ki, Angela Merkel bir-bir Avropa liderləri ilə danışıb və tədbirə qatılmamağı tələb edib.
Tutalım liderləri Angela Merkel qorxudub, bəs gözlənilən turist sayı özünü niyə doğrultmadı? Göründüyü kimi hakimiyyət bütün uğursuzluqların səbəbini kənarda axtarır və öz repressiv siyasətində günah axtarmaq istəmir.
Əslində məlum olan budur ki, Azərbaycan bu qədər xərcdən sonra fürsəti dəyərləndirə bilmədi. Nə turizm , nə siyasi divident, nə də maddi gəlir baxımından uğurlu gediş oldu. Hakimiyyətin şəxsi maraqlar naminə atdığı addımlar dövlətin imicini və hakimiyyətin beynəlxalq nüfuzunu daha da aşağı saldı. Bir anlıq təsəvvür edin ki, oyunlar ərəfəsində siyasi məhbuslar azad edilir, hakimiyyət ciddi demokratik islahatların anonsunu verir. O zaman fərqli bir mənzərənin şahidi olardıq. Həm Avropa liderləri Azərbyacana əyani dəstəyini ifadə edərdi, həm də əcnəbilər üçün demokratiyaya doğru addım atan ölkədə olmaq cəlbedici görünərdi.
Amma hakimiyyət Avropa oyunları keçirdiyi mərhələdə, anti-Avropa kampaniyası apardı. Ölkəsinin təhqir olunduğunu görən Almaniya, ABŞ, Britaniya və digər ölkə vətəndaşları bu ölkəyə niyə gəlməlidir ki?
Bir sözlə, hakimiyyət bütün uğursuzluğu Merkelin üzərinə yıxmağa çalışsa da, məsuliyyət Ilham Əliyevin üzərindədir.
Bu qədər vəsaiti tələf edib, üstəlik ölkəni ən pis nümunə kimi təqdim etdiyinə görə hakimiyyət cavab verməlidir. Televizorda məşəlin gəzdiyi rayonları göstərməklə, uğura imza atmaq mümkün deyil. Öz vətəndaşına hörmət qoymayan, korrupsioner kimi ad çıxaran bir hakimiyyətə dünya da hörmətsiz yanaşacaq. Avropa oyunları hakimiyyətin özünə və dövlətə vurduğu 8 milyardlıq zərbə oldu.
Akif