Adəm Məmmədov: «Lamiyə Quliyevanın ilkin ifadəsi ilə sonradan dedikləri arasında kəskin ziddiyyətlər var»
“Vüqar Əliyev hesab edir ki, ömürlük həbsdən qurtulmaq üçün yalnız ölüm ona kömək edə bilər. Ona görə də ölüm aclığına başlamaq qərarını verib”. Bu sözləri “Azadlıq”a Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlə yetirməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin vəkili Adəm Məmmədov deyib.
Adəm Məmmədov əlavə edib ki, Vüqar Əliyevin keçmiş nişanlısı Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsi ictimailəşəndən sonra Aslan Aslanovun oğlunun qətli ilə bağlı yenidən araşdırma başlayıb. Lamiyə Quliyeva prokurorluqda dindirilib. “Lamiyə Quliyevanın ilkin ifadəsi ilə sonradan dedikləri arasında kəskin ziddiyyətlər var. Mən bütün məqamları hələlik açıqlamaq istəmirəm. Amma bir faktı nəzərinizə çatdırım ki, Lamiyə sonrakı ifadəsində Aslan Aslanovun oğlunun Vüqar tərəfindən öldürüldüyünü yazıb. Halbuki ilkin ifadəsində cinayəti özü törətdiyini yazmışdı”, – deyə Adəm Məmmədov bildirib.
Vəkilin sözlərinə görə, istintaq materialları ilə tam tanış olduqdan sonra ictimaiyyətə baş verənlər barədə geniş məlumat verəcək. “Hələlik onu deyə bilərəm ki, prokurorluq əməkdaşları Vüqarı Qobustanda dindiriblər. Lakin hələ bir nəticə yoxdur. Vüqar Əliyev də işin obyektiv araşdırılmasını tələb edir”, – deyə vəkil əlavə edib.