Dövlət əmlakını talamaqda ittiham olunan Elçin Xəlilova şərti cəza, günahsız Intiqam Əliyevə isə 7.6 il
Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə qapalı keçirilən dünənki prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Elçin Xəlilovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (cəzanın şərti hesab olunması) tətbiq olunmaqla şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edilmə barədə hökm çıxarılmasını istəyib.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib. Müəyyən olunmuş qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2. və 341.1. (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ( Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb.
Elçin Xəlilovvun məhkəməsi ilə eyni gündə tanınmış hüquq müdafiəçisi Intiqam Əliyevə hökm oxunub. Intiqam Əliyev 7.6 il müddətinə azadlıqdan məhrum edilib. Göründüyü kimi külli miqdarda dövlət əmlakını talamaqda ittiham olunan Elçin Xəlilova şərti cəza istənilib. Amma qondarma ittihamlarla həbs olunan Intiqam Əliyevə ağır cəza verilib. Əlbəttə ki, biz Elçin Xəlilovun uzun müddətli həbsxanaya göndərilməsini tələb etmirik. Ona qarşı irəli sürülən ittihamların əsaslı, yaxud əsassız olması barədə konkret iddiamız yoxdur. Biz sadəcə diqqəti hakimiyyətin ayrıseçkiliyinə yönəltmək istəyirik. Axı necə olur ki, təxminən eyni ittihamlar üzləşən bu şəxslər fərqli şəkildə mühakimə olunur? Bu ayrıseçlik deyilmi? Bu fakt bir daha onu göstərir ki, hakimiyyət fərqli fikir söyləyənlərə qarşı düşmən münasibət bəsləyir. Ilham Əliyevin son əfv sərəncamında da belə olmuşdu. Ağır cinayət törədənlər azadlığa buraxılmış, amma heç bir təqsiri olmayan, qondarma ittihamlarla həbs olunan siyasi məhbuslar əfvə düşməmişdilər.