«Zaur və Vuqar adlı gizirlərin tapşırığı ilə döyülüb. Mən bunu biləndən sonra onlara müraciət etdim, əvəzində isə onlardan çirkin təkliflərlə dolu mesajlar aldım»
Cəlalilabaddakı hərbi hissələrdən birində komandir tabeliyində olan bölükdə xidmət edən əsgərin anasına əxlaqsız təkliflər edib. Bu barədə carçı.az saytına həmin qadının özü elektron məktub yazaraq məlumat verib. Həmin şikayət məktubunda yazılır: “Mənim oğlum əsgərdir, Cəlilabaddaki hərbi hissələrdən birində xidmət edir.
Beş ay bundan əvvəl oğlum Zaur və Vüqar adlı gizirlərin tapşırığı ilə döyülüb. Mən bunu biləndən sonra onlara müraciət etdim, əvəzində isə onlardan çirkin təkliflərlə dolu mesajlar aldım. Təkliflərinə cavab almadıqlarından oğluma qarşı daha pis davrandılar və ona tələ qurdular. Mənə zənglər gəldi ki, guya oğlum kimisə döydüyünə görə ona cinayət işi açılıb. Mənə elə gəlir ki, oğlumun belə incidilməsinin səbəbi mənə edilən təkliflərə istədikləri cavabı almamaları və onlar haqqında “facebook” sosial şəbəkəsində tənqidi statuslar paylaşmağımdır.
Mən övladımı atasız böyüdürəm. Əsgər anasına edilən bu çirkin təklif və haqsızlıqların mediada işıqlandırılmasını və günahkarların cəzalandırılmasında mənə yardımçı olmağı sizdən xahiş edirəm. Mənim oğlumdan başqa heç kimim yoxdur, oğlumun da məndən başqa. Hərbi hissədə onu təhdid edirlər ki, sən əsgər yoldaşını döydüyünü boynuna al, onsuz da yetimsən, buna görə sənə heç nə etməyəcəklər. Mən dövlət başçımızı hər zaman dəstəkləyən, vətənini sevən bir anayam, ona görəmi əsgər anasına bu qədər sitəm edilir? Mənim günüm göz yaşı tökməklə keçir.
Bir neçə gün əvvəl Elçin Quliyevin qəbuluna getdim, özü yerində olmadığı üçün məni Vəli adlı bir nəfər qəbul etdi, məni dinlədi və məlumat üçün harasa zəng etdi, ona cavab verdilər ki, oğlum Turanın işində cinayət işi olmadığı üçün iş bağlanıb. Bu günsə yenidən mənə zəng edib deyir ki, yox, məhkəmə olacaq. Mən də ona dedim ki, mənə qarşı dünən edilən bu haqsızlıqlar başınızda qırılacaq, o zabitlər kimdi ki, mənə çirkin mesajlar, təkliflər etsinlər, o dedi ki, tədbir görərik, ancaq yalandan məni yola verirdi. Mən bilirəm ki, onlar özləri hər şeyi çox gözəl bilirdi, bu gün onada sözümü dedim ki, biz yiyəsiz deyilik.
Mənim əsgər oğluma edilən zülmlər barədə Mehriban xanıma, Elçin Quliyevə, cənab prezidentə, Bakı Hərbi Prokurorluğuna, cənab Eldar Mahmudova məlumat verəcəm. Bəsdirin, bu oyunlarla mənə və oğluma qarşı çirkin əməllərinizi açıqlayacam. Hər kəs bilməlidir bu gün mənim başıma gələnləri, çünki bunlar sabah hər kəsin başına gələ bilər. Dövlətimiz onlara yaratdığı hər səraitdən bu gün bəziləri qudurub, harınlayıblar və heç kəsdən qorxmadıqlarını deyirlər. Mənim arxamda duran müqəddəs Allahım və cənab Prezidentimdir. Təki bu göz yaşlarım və əsgər oğlumun göz yaşları yerdə qalmasın.
Mən igid və mərd övlad böyütmüşəm, məni tanıyanlar yaxşi bilir bunu. O, fəhləliklə mənə pul gətirirdi, 8-ci km. bazarında araba sürürdü, mənə əziyyətnən pul gətirirdi. Indi oğluma edilən bu haqsızlıqlara dözə bilmirəm, bu mənə və oğluma edilən təxribatın sifarişçiiləri tapılmalıdır, mən ancaq göz yaşlarımla Allaha yalvarıram, dua edirəm mənə qarşı bu şərəfsiz hərəkəti edən satqınlar tapılmalıdır. Hər kəs bunu görsün ki, tək bir Anaya edilən haqsızlıqlar mərd ogullarımızın sayəsində aşkara çıxsın və şərəfsizlər cəzalarını alsınlar, inşallah.
Onlar mənə deyirdilər ki, nə edirsən et, onsuz da heç nə əldə edə bilməyəcəksən. Bunlar yetim haqqına çox göz tikiblər, arxaları kimə bağlıdır deyə bilmərəm, ancaq mən onu deyə bilərəm ki, bu əsgər övladım bir Allaha, bir də Azərbaycanın mərd oğlu cənab Prezidentimə sığınıb. Allah oğlumun göz yaşını, Ananın acılarını yerdə qoymasın, sifariş verənlər tapılsın, mən bunu istəyirəm”.