Ramil Usubovun məhkəməyə verdiyi Eldəniz Quliyev nazirin iddiasına münasibət bildirdi
Rustəm Ibrahimbəyov tanınmış ziyalının məhkəməyə verilməsinə sərt reaksiya verdi
“Iddia o qədər kəmsavad yazılıb ki, bunu yazanların ifadə azadlığından, insan hüquqları ilə bağlı Avropa konvensiyasından xəbərləri yoxdur”. Bu sözləri moderator.az-a daxili işlər naziri Ramil Usubov tərəfindən xüsusi ittişam qaydasında məhkəməyə verilən Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev nazirin iddiasına münasibət bildirərkən deyib. Eldəniz Quliyev daha sonra deyib ki, Ramil Usubov bu iddianı nazir kimi yox, vətəndaş olaraq irəli sürür.
Onun müraciətində isə vətəndaş Ramil Usubovun heç adı çəkilmir: “Yox əgər o, bu iddianı nazir kimi qaldırıbsa, mənim müraciətimdə onun haqqında sadəcə iki kəlmə söz işlənib ki, bu da ”hörmətli nazir” ifadəsidir. Əgər “hörmətli nazir” ifadəsi təhqirdisə, deməli, artıq dünya tərsinə dayanıb. Bu iddia ərizəsini elə DIN-də nazirə qarşı təxribat kimi dəyərləndirmək olar. Çünki bu iddia və orada yer alan fikirlər üzə çıxarılası deyil. Mənim müraciətimdə vətəndaş Ramil Usubova qarşı nə təhqir, nə də güldən ağır söz var. Hesab edirəm ki, Ramil Usubov da bu məsələyə öz mövqeyini bildirməlidir. Əks təqdirdə mən bu işlə bağlı bütün materialları ölkə başçısının diqqətinə çatdırmaq məcburiyyətində qalacam. Materiallardan da görünür ki, Ramil Usubova qarşı rəhbərlik etdiyi idarədə təxribat var. Şəxsən mən bu materiallarda məni cəzalandırmaq niyyətindən daha çox R.Usubovu ictimai rəydə gözdən salmaq cəhdini hiss edirəm”.
“Bir nazirin bir ziyalını məhkəməyə verməsi dəhşətdir”
Azərbaycanlı kinorejissor Rüstəm Ibrahimbəyov Eldəniz Quliyevin məhkəməyə verilməsinə münasibət bildirib. O, moderator.az saytına açıqlamasında baş verənləri əsl dəhşət kimi xarakterizə edib. “Mənə elə gəlir ki, Ramil Usubovun Eldəniz Quliyevi məhkəməyə verməsi Azərbaycanda yaranan vəziyyətin nəticəsidir. Normal nazir əsla belə bir vəziyyətədə belə bir addım atmağı özünə rəva görməz. Hökmən çalışar ki, vətəndaşın fikirlərini, onun tənqidlərini araşdırsın, çalışsın ki, mövcud problemləri ortadan qaldırsın. Bir nazirin bir ziyalını, bir vətəndaşı məhkəməyə verməsi dəhşətdir. Azərbaycanda vəziyyət o qədər ağır və qeyri-normaldır ki, vətəndaşın tənqidi onun məhkəməyə verilməsi üçün əsas sayılır. Halbuki, bu kimi məqmlarda vətəndaşın tənqidini əsas götürərək onun qaldırdığı problemlərin həllinə çalışılmalıdır. Bu gün Azərbaycanda baş verənlər dünyanın heç bir yerində rast gəlinməyən hadisələrdir. Hakimiyyət hər zaman deyir ki, biz analoqu olmayan hökumətik. Doğrudan da, Azərbaycanda bir-birinin ardınca analoqu olmayan hadisələr baş verir”, – deyə Rüstəm Ibrahimbəyov bildirib.
Polislər Ramil Usubova təzyiq edib?
Hüquqşünas Əyyub Kərimov isə məsələyə DIN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun proseslərə yanaşma tərzinə etirazını bildirib: “Doğrusu, mən Eldəniz bəyin fikirləri ilə tanış deyiləm. Məsələ haqqında informasiyam geniş deyil. Yəqin ki, tərəflər məhkəmədə öz mövqelərinə aydınlıq gətirəcək, kimin haqlı olduğu üzə çıxacaq. Eldəniz Quliyev cəmiyyətdə kifayət qədər tanınan və hörmət sahibi olan insandır. Onun məhkəmə prosesindən geri duracağını düşünmürəm. Lakin maraqlıdır ki, bu məsələdə daha çox canfəşanlıq edən DIN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovdur. Ehsan Zahidov özünü elə aparır ki, sanki nazirin vəkilidir. Bildiyim qədəri ilə Eldəniz Quliyevin açıqlamasından sonra Ehsan Zahidov da mövqe bildirib və orada hardasa vəkil qismində çıxış edib. Ehsan Zahidov nazirliyin mətbuat xidmətinin nümayəndəsi kimi sadəcə belə bir şeyin mövcudluğu haqqında məlumat verə bilər. Lakin nazir də, nazirin vəkili də qalıb bir kənarda, Ehsan Zahidov özünü ortaya atıb. Hansı ki, hələ məhkəmə də məsələ ilə bağlı heç nə deməyib. Mətbuat xidmətinin təmsilçisi ehtiyatla danışmalıdır. Qarşıda məhkəmə var və bu məhkəmə hələ nə deyəcək bəlli deyil. Bir sözlə, məni daha çox təəccübləndirən Ehsan Zahidovun mövqeyidir. Hansı ki, onun açıqlamaları məhkəmənin gedişinə təsir göstərən amildir”.
Əyyub Kərimovun bildirdiyinə görə, Ehsan Zahidovun səsləndirdiyi bəzi fikirlər ümumiyyətlə anlaşılan deyil:
“Hörmətli Ehsan bəy qeyd edir ki, çoxsaylı polis əməkdaşlarının müraciətindən sonra Ramil Usubov məhkəməyə müraciət edib. Belə çıxır ki, polis əməkdaşları daxili işlər nazirinə təzyiq göstəriblər və onu Eldəniz Quliyevi məhkəməyə verməyə vadar ediblər. Madam ki, Eldəniz Quliyevin fikirləri polis əməkdaşları arasında bu qədər kütləvi narazılığa və təpkiyə səbəb olmuşdu, niyə onu həmin polislərdən biri məhkəməyə vermədi? Niyə bu addımı Ramil Usubov atdı? Bir sözlə, Ehsan Zahidov elə haray çəkir ki, sanki DIN məhv olub gedir”.