Fuad Qəhrəmanlı: «Hakimiyyət unudur ki, iftiraları orijinal deyil, digər diktatorlar da belə fəndlərə əl atıblar»
“Korrupsiyaya və işsizliyə, sosial ədalətsizliyə və büdcənin talanmasına yox deyək!”, “Rədd olsun mövcud parlament!” – bu, aprelin 2-də Ictimai Palatanın mitinqində səslənəcək şüarların bir hissəsidir. Bu barədə “Obyektiv TV”yə AXCP sədrinin müavini, mitinq komitəsinin üzvü Fuad Qəhrəmanlı bildirib. Onun fikrincə, hakimiyyət demokratik dəyişikliklərdə maraqlı deyil, buna görə sərbəst toplantılar keçirilməsinə icazə vermir. Aksiyanı Bibiheybətdə keçirmək təklifinə gəlincə, bu, icazə verməkdən imtinaya bərabərdir. Buna görə mitinqin şəhərin mərkəzində – “Fəvvarələr meydanı”nda keçirilməsi qərara alınıb.
Azərbaycan kimi avtoritar ölkələrdə mitinqlər mütləq ümummilli hərəkata çevrilir, deyə Qəhrəmanlı bildirib. Buna diktatorların 30 il və daha çox vəzifədə olduğu ərəb dünyalarında etiraz prosesləri misal ola bilər.
Mitinqin keçirilməsinə hələ iki gün qalıb, polis isə artıq fəalları həbs edib. Hökumət qəzetlərinin ilk səhifələrində AXCP sədri Əli Kərimlinin radikal islamçı şəklində kollajı dərc olunur. Lakin hakimiyyət unudur ki, onun iftiraları orijinal deyil. Qəzzafi və digər diktatorlar artıq belə fəndlərə əl atıblar, amma bu, onları xilas etməyib. Hələ heç bir avtoritar rejimin sonu yaxşı olmayıb. Ən “uğurlular” öz xalqlarının təzyiqi ilə ölkədən qaçıblar.
Azərbaycan cəmiyyəti təkcə əsaslı dəyişikliklər istəmir, həm də onları yaxınlaşdırır, deyə Qəhrəmanlı bildirib. Ictimai Palata dinc yolla dəyişikliklərə nail olmaq, vətəndaşların Avropa Insan Hüquqları Konvensiyasında təsbit edilmiş əsas hüquqlarının təmin edilməsini istəyir. “Biz bu dəyişikliklərə mütləq nail olacağıq”, – deyə o, əlavə edib.