Gülnarə Abdullayeva: «Nizaməddin Quliyev bizi 60-70 min manat ziyana salıb»
Goranboyun icra başçısı mərhum Faiq Abdullayevin ailəsini susdurmaq üçün onlara təzyiq edir
Goranboyun icra başçısı Nizaməddin Quliyev rayon mərkəzi xəstəxanasının intihar edən sabiq baş həkimi Faiq Abdullayevin ailə üzvlərinə təzyiq edir. Bu barədə “Yeni Müsavat”a mərhumun həyat yoldaşı Gülnarə Abdullayeva deyib.
Mərhumun xanımı bildirib ki, ərinin ölümündən sonra icra başçısı onların üstünə bir neçə adam göndərib ki, bu işdən əl çəksinlər: “Icra başçısı vəzifəli bir şəxsi oğlanlarımın yanına göndərib ki, qadınlara qulaq asıb düşmənçilik etməsinlər. Oğlanlarım sonradan bu söhbəti mənə dedi. Icra başçısı başqa şəxsləri də üstümüzə göndərmişdi. Hədə-qorxu gəlirdilər ki, bizə pislik edə bilərlər. Evim də yansa, iki oğlum və özüm də ölsəm, ərimin heyfini onlarda qoymayacam. Çünki 1 ildən çox idi icra başçısına deyirdim ki, ərimdən əl çəkin”.
Gülnarə Abdullayeva əlavə edib ki, səhiyyə naziri onun ərini baş həkimlikdən çıxartmaq istəməyib: “Səhiyyə naziri ilə ərimin münasibətləri yaxşı idi. Icra başçısı yoldaşımı işdən çıxartdırmaq istəyəndə müharibə veteranı və şəhid ailəsi olduğuna görə nazir dörd ay onu işdən çıxartmadı. Axırda Faiq həkimi icra başçısı o qədər bezdirdi ki, özü nazirliyə zəng vurub işdən çıxarılmasını istədi. Faiq baş həkim işləyəndə də bir neçə gün işə çıxmadı. Ondan bunun səbəbini soruşanda dedi ki, icra başçısı deyib işə çıxsan, səni tutduracam.
Faiq baş həkim vəzifəsindən azad ediləndən sonra da icra başçısı ona təzyiq edirdi. Sıravi həkim işləyəndə də ona təzyiq vardı. Deyirdilər, komissiya göndərib yoxlatdıracaqlar”.
Gülnarə Abdullayeva məsələ ilə bağlı Prezident Administrasiyasında olub: “Administrasiyada məni icra hakimiyyətlərinə baxan şöbədə qəbul etdilər. Onlara hadisə haqda məlumat verdim”.
Mərhumun xanımı həmçinin deyib ki, istintaqda heç bir yenilik yoxdur. Onun sözlərinə görə, rayon prokurorluğundan bu barədə ətraflı məlumat ala bilmir: “Oradan deyirlər ki, 5-10 günə ekspertizanın cavabı gəlməlidir. Gözləyirəm cavab gəlsin, istintaqın rayon prokurorluğundan alınıb Bakıda aparılmasına çalışacam?”.
Gülnarə Abdullayeva vurğulayıb ki, Nizaməddin Quliyev onları 60-70 min manat ziyana salıb: “Faiq ona bir dəfə 21 min manat verib. Ümumən isə Nizaməddin Quliyev bizi 60-70 min manat ziyana salıb”.
Xatırladaq ki, Faiq Abdullayev martın 4-də özünü rayon xəstəxanasının 3-cü mərtəbəsindən ataraq intihar edib. 7 il həmin xəstəxananın baş həkimi işləyən Faiq Abdullayev 2009-cu ildə bu vəzifədən azad olunub və xəstəxananın travmatologiya şöbəsində həkim kimi işini davam etdirib. Gülnarə Abdullayeva da həmin xəstəxananın pediatriya şöbəsində həkim işləyir. O, sabiq baş həkimin ölümündə icra başçısını günahlandırır.