Novella Cəfəroğlu: «Belə etməklə insanları müqavimətə və qarşıdurmaya vadar edirlər»
İctimai Palatanın aprelin 2-nə təyin edilmiş mitinqi ilə bağlı hökumət də öz tədbirlərini görür. Artıq bir neçə siyasi faəlı mitinqdə iştiraklarını önləmək üçün həbs ediblər. Onların arasında aparıcı müxalifət partiyalarının funksionerləri də var. Saxlanılan şəxsləri küçənin ortasından məhkəmələrə aparıblar və onlara bir neçə sutkalıq həbs cəzası veriblər. Təqiblərin bu gün də davam edəcəyi və aksiyaya qədər saxlanılan fəalların sayının artacağı istisna olunmur.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirir ki, hakimiyyətin əsas məqsədi fəalları aksiyaöncəsi zərərsizləşdirməkdir: “Bu, olduqca yanlış taktikadır. Belə etməklə insanları müqavimətə və qarşıdurmaya vadar edirlər. Qətiyyən düzgün hərəkət deyil. Özü də necə oldu ki, bu adamlar elə mitinq ərəfəsində qanunu pozdular? Başqa vaxt niyə saxlamırlar? Demək, məqsəd, fəalların mitinqdə iştirakının qarşısını almaqdır”.
N.Cəfəroğlu məsələ ilə bağlı dünən ABŞ səfirliyinin nümayəndələrini də məlumatlandırdıqlarını deyib: “Bütün məlumatları və saxlanılanların siyahısını verdik. Daha sonra Daxili Işlər Nazirliyi ilə əlaqə saxlayıb onları da məlumatlandırdıq. Necə ola bilər ki, heç bir səbəb olmadan bu adamları küçədən tutub məhkəməyə aparırlar? Axı, onlar hansı qanun pozuntusuna yol veriblər? Nəyi dağıdıblar, kimə müqavimət göstəriblər?”.
Hüquq müdafiəçisi Səadət Bənənyarlı da hesab edir ki, belə etməklə hakimiyyət özünü daha da pis vəziyyətə salır: “Bu, ilk belə hal deyil. Bundan əvvəl də hər aksiyaöncəsi fəal gəncləri, müxalifət funksionerlərini həbs edib bir neçə sutka veriblər. Çox təəssüf ki, bu taktika hər dəfə təkrarlanır. Hakimiyyət başa düşmür ki, bu yolla özünü daha da pis vəziyyətə salır”.
Gültəkin