Vəfa Quluzadə: «Rusiya başa düşür ki, sovet ittifaqını bərpa etmək mümkün deyil və keçmiş respublikalarla münasibətləri tənzimləmək lazımdır»
“Rusiyanın milli maraqlarını müdafiə etmək üçün miqrant axını olan bir sıra qonşu ölkələrlə viza rejimi tətbiq edilməlidir”. “Modern.az” saytı bildirir ki, bu barədə Rusiya baş nazirinin müavini Dimitri Kozak “Rossiya” telekanalına müsahibəsində bəyan edib. “Hesab edirəm ki, viza tətbiqi zəruridir. Əgər biz bu miqrasiya axınını viza ilə tənzimləməsək, ölkəmizin sərhədlərini millətlərarsı münaqişələrdən müdafiə edə bilməyəcəyik”- deyə Kozak vurğulayıb.
Baş nazirin müavini qeyd edib ki, yaxın gələcəkdə artıq viza rejiminin tətbiqinə başlanılacaq. Onun sözlərinə görə, vizanın tətbiqi Rusiyanın Avropa Birliyi ilə apardığı danışıqlar baxımından da mühümdür.
“Biz Avropa Birliyi ilə vizasız gediş-gəliş tətbiqi üçün danışıqlar aparırıq. Avropanın bu danışıqlarda tələb etdiyi ən zəruri məsələ Rusiyanın özünün xarici sərhədlərini möhkəmləndirməsidir”.
Kozak qeyd edib ki, postsovet ölkələri əvvəlki kimi bir yerdə yaşamırlar və odur ki, Moskva hər şeydən əvvəl öz milli maraqlarını qorumalıdır.
Xatırladaq ki, ötən ildən etibarən Rusiya prezidenti Vladimir Putin Avrasiya Ittifaqının elan ediləcəyindən sonra quruma daxil olmayan ölkələrə qarşı viza sisteminin tətbiq olunacağını istisna etməmişdi.
Politoloq Vəfa Quluzadə qəzetimizə açıqlamasında bildirdi ki, viza rejiminin tətbiqi normal haldır və Rusiya anlayır ki, Sovet ittifaqını bərpa etmək mümkün olmayacaq: “Bu çox önəmli məsələdir və Rusiya təsdiqləyir ki, sovet ittifaqı ideyası baş tutmadı. Sovet ittifaqına daxil olmuş dövlətlər artıq müstəqil dövlətlərdi. Müstəqil dövlətlərlə də viza rejimi, sərhədlər olmalıdır və bunun vaxtı çatıb. Digər tərəfdən, Rusiyanın ərazisi keçmiş sovet respublikaları üçün ”ümumi həyət” kimi olub. Hamı istədiyi kimi qanuni və qanunsuz yollarla Rusiyada fəaliyyət göstərir. Rusiya ucuz iş qüvvəsindən çox bəhrələndi. Ancaq miqrantların Rusiyaya ziyanı da olub. Ona görə də bu məsələlər tənzimlənməlidir. Mən viza rejiminin tərəfdarıyam. Hesab edirəm ki, keçmiş respublikalar, o cümlədən biz də öz müstəqilliyimizi möhkəmləndirməliyik və viza hazırlıqları ilə bağlı bütün tədbirləri görməliyik”.
Hikmət