Iki həftə ərzində müraciətinə cavab verilməsə
Ehtiyatda olan polkovnik-leytenant, jurnalist Üzeyir Cəfərov Nəqliyyat Nazirliyinin müfəttişlərinin təzyiqlərinə məruz qalıb, təhqir olunub.
Yanvarın 9-da saat 16 radələrində Nərimanov rayonu ərazisində, 5 saylı Xəstəxananın qarşısında xoşagəlməz olayla üzləşən hərbi ekspert Nəqliyyat Nazirliyinə məxsus 90 AR 169 nömrə nişanlı “Daevoo Nexia” markalı avtomobilin sürücüsü heç bir səbəb olmadan onu təhqir etdiyini deyir: “Sözsüz ki, mən belə tərbiyəsizliyi cavabsız qoya bilmərəm və qoymayacağam. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəisi Namiq Həsənova bu hadisə ilə bağlı müraciət etdim. Mənə söz verildi ki, yanvarın 10-da bu hadisə ilə əlaqədar gün ərzində lazım olan ölçülər götürüləcək”.
Üzeyir Cəfərov ötən gün Nəqliyyat naziri Ziya Məmmədova məktub ünvanlayıb. Jurnalist məktubuna Ziya Məmmədovla tanışlığından başlayıb: “Biz Sizinlə hələ keçmiş SSRI zamanından – o vaxtkı Dəmir Yol Qoşunlarının Azərbaycan ərazisində xidmət etdikləri vaxtlardan tanışıq. Siz Azərbaycan Dəmir Yolunda sadə bir vəzifədə çalışırdınız və mən də cavan bir zabit kimi Ukraynadan Azərbaycana ezam edilmişdim. Hissəmiz Yevlax-Balakən dəmir yolunu inşa edirdi və bəzi məsələlərdən ötrü biz Sizinlə də görüşürdük. Bu hadisələr 1985-87-ci illərə təsadüf edir. O vaxtdan artıq xeyli müddət keçib və Siz indi müstəqil Azərbaycanın Nəqliyyat Nazirliyinə rəhbərlik edirsiniz. Bu illər ərzində şəxsi görüşlərimiz olmasa da, fəaliyyətiniz barəsində gündəlik mətbu orqanlardan kifayət qədər xəbərim var. Sizin tabeçiliyinizdə olan nəqliyyat müfətişlərinin də xeyli sayda özbaşınalıq və qanunsuzluqları haqqında həm televiziya ekranlarından, həm də elektron və yazılı KIV-dən məlumatlar alırıq. Mən fikirləşməz və inanmazdım ki, Sizin kimi bir tanınmış şəxsin rəhbəri olduğu nazirlikdə tam təsadüfi, heç bir mədəniyyəti və elementar insanlıq keyfiyyətləri olmayan xeyli sayda əməkdaşlarınız olsun. Amma buna şəxsən əmin oldum. Qısaca da olsa o hadisəni Sizin nəzərinizə çatdırmaq istəyirəm”.
Üzeyir Cəfərov müraciətinə baxılmayacağı təqdirdə Ziya Məmmədovu məhkəməyə verəcəyini yazır: “Məni tanıyanlar bilirlər ki, Qarabağ müharibəsini keçmiş və hətta ölümdən də qorxan adam olmamışam. Azdan-çoxdan mətbuatda tanınan adam kimi həm özümə, həm də ətrafımda olanlara hörmət etməyi həmişə özümə borc bilmişəm. Kimliyindən asılı olmayaraq həm qarşımdakı tanıdığım və tanımadığım insana hörmət etməyə çalışmışam və bu qaydanı onlardan da hər zaman gözləmişəm. Sizin əməkdaşlarınızın ağır formada təhqiri isə mənə neçə gündür rahatlıq vermir. Ona görə də Sizdən xahiş edirəm ki, bu məsələnin hərtərəfli araşdırılmasına göstəriş verəsiniz. Iki həftə ərzində müraciətimə qanunlar çərçivəsində baxılmayacağı təqdirdə, NN-nin rəhbəri kimi Sizə qarşı məhkəmə iddiası qaldıracağam. Inanmaq istərdim ki, Siz bu məsələnin tezliklə həll edilməsi üçün lazımı addımları atacaqsınız”.
“Məlum hadisə baş verən gün Üzeyir Cəfərov mənimlə həqiqətən əlaqə saxladı. Öz növbəmdə söz verdim ki, bu məsələ araşdırılacaq”. Bunu Modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Ictimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib. “Ancaq sonra gördüm ki, məsələ həddindən artıq ictimailəşib. Üzeyir Cəfərov bu haqda bütün saytlar, agentliklər, TV-lərdə danışıb. Bu səbəbdən də artıq məsələni hüquq mühafizə orqanları araşdırır”.
N.Həsənov bildirib ki, o, Ü.Cəfərova olayın araşdırılacağını söz verib və bu məsələ artıq həll edilib.
Nazirlik sözçüsü Zakir Əliyev, Vaqif Kərimov və Ilqar Ocaqquliyevin Dövlət Avtomobil Nəqliyyatı Xidməti aparatının əməkdaşları olduğunu və onların izahatlarının da alındığını qeyd edib. Onlar isə günahsız olduqlarını və lazım gələrsə, Üzeyir Cəfərovla üzləşəcəklərini bildiriblər.
Ramin DEKO