«Nə su, nə qaz, nə də işıq var. Proses bitənə qədər qış qurtarar, biz də soyuqdan donarıq»
“Dörd gündür köçmüşük, ancaq nə su, nə qaz, nə də işıq var. Vəziyyətimiz çox pisdir”. Bu sözləri “Azadlıq”a Bərdə rayonunda yeni salınan məcburi köçkünlər üçün qəsəbədə məskunlaşan Adil Babayev deyir.
Onun sözlərinə görə, sözügedən ünvanda 876 mənzil tikilib: “Camaatı zorla ora köçürüblər. Deyirlər ki, mənzilləriniz hazırdır, gedin yaşayın. Ancaq qaz, su, işıq yoxdur. Bu gedişlə yanvara qədər soyuqda qalmalı olacağıq. Deyirlər ki, qəsəbənin kommunal problemlərinin həll olunması üçün köçürülmə tam başa çatmalıdır. Indi 200-ə qədər ailə məskunlaşıb. 600-dən çox mənzil boşdur. Proses bitənə qədər qış qurtarar, biz də soyuqdan donarıq”.
Şikayətçi bildirir ki, yeni mənzilə köçənə qədər rayonun mərkəzində yerləşən 1 ömrəli məktəbin köhnə binasında yaşayırdılar: “Orada şərait indikindən daha yaxşı idi. 32 ailə yaşayırdı məktəbin binasında, o qədər problemimiz yox idi. Çoxu köçdü, 3 ailə köçmədi. Köçənləri də məcbur edib apardılar yeni salınan qəsəbəyə. Etdiyimiz şikayətlərə isə baxan yoxdur”.