“Şərurlu İsfəndiyar”ın milyonluq dələduzluq əməli ilə bağlı ört-basdır edilməsinin sirri nədir?
“VEDİ-E” MMC və “SAFARİ-N” MMC-nin dələduzluq əməllərinin qurbanı olan vətəndaşların müraciətlərinə hələ də baxılmayıb. Bu barədə vətəndaşlar özləri “Azadlıq”a məlumat verib. Onlar bildirib ki, Baş Prokurorluqdan bu məsələni ciddi araşdırmağı tələb etsələr də, qurum adıçəkilən şirkətlərin törətdiyi cinayəti ört-basdır etməklə məşğuldur.
Məlumat üçün deyək ki, “Azadlıq”a müraciət edən bir qrup vətəndaş 2007-2008-ci illərdən etibarən “VEDİ-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar. Bu şirkətin təsisçisi Elmar Məhərrəmov, direktoru isə Qoşun Rəhimovdur. Müqavilə əsasında şirkət vətəndaşlardan toplam olaraq bir milyon manatdan çox vəsait alıb. Vətəndaşlar pul alınması barədə maliyyə arayışları da var. Lakin vətəndaşlara “VEDİ-E” MMC-nin inşa etdiyi binada mənzil almaq qismət olmayıb. Çünki şirkət tikinti işlərini bir müddət sonra naməlum səbəblərdən dayandırıb. Orada işləyən fəhlələr buraxılıb. Vətəndaşlar “VEDİ-E” MMC-nin direktoru Qoşun Rəhimovun qəbulunda olublar. Lakin o, məsuliyyəti “SAFARİ-N” MMC-nin üzərinə atıb. Bəlli olub ki, bu işdə “VEDİ-E” MMC podraçtı, “SAFARİ-N” MMC isə sifarişçidir.
Bu şirkətin direktoru İmran Axundov “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun qardaşıdır. Vtəndaşlar İmran Axundovun qəbulunda olsalar da, o, məsuliyyəti “VEDİ-E” MMC-nin üzərinə atıb. Əslində isə hər iki şirkətin arxasında “Şərurlu İsfəndiyar” dayanır.
Vətəndaşlar məsələ ilə bağlı Baş Prokurorluğuna dəfələrlə müraciət etsələr də, nəticəsi olmayıb. Vətəndaşlar hesab edir ki, qurum “Şərurlu İsfəndiyar”dan ehtiyat edir. Lakin vətəndaşlar geri çəkilmək niyyətində deyil. Onlar sona qədər mübarizə aparacaqlarını deyirlər. Yeri gəlmişkən, vətəndaşlar müqavilələrin surətlərini də redaksiyamıza təqdim ediblər. Onların sözlərinə görə, “VEDİ-E” MMC və “SAFARİ-H” MMC-nin dələduzluq əməllərilə bağlı daşdan keçən sübutlar var. Lakin faktiki olaraq Baş Prokurorluq bu şirkətləri himayə edir.