MSK-nın İlham Əliyevi seçkidən bir gün əvvəl qalib etməsi dünyanı şoka salıb
«Əliyev milyardlarla dollarlıq xanədanını qoruyur»
Azərbaycanda oktyabrın 9-da prezident seçkilərinin saxtakarlıqla keçirilməsi dünya mediasının əsas müzakirə mövzularından birinə çevrilib. Bu haqda məlumat yayan nüfuzlu media orqanlarının diqqət çəkdikləri əsas məsələlərdən biri hələ səsvermədən bir gün əvvəl Mərkəzi Seçki Komissiyasının qabaqcadan hazırlanmış nəticələri yaymasıdır.
Məntəqələr açılmadan seçkinin nəticələri yayılıb
Böyük Britaniyanın dünyaca nüfuzlu «The İndependent» qəzeti yazır ki, tənqidçilər Azərbaycanda seçkilərin nəticələrinin bir qayda olaraq əvvəldən bəlli olduğunu deyirlər, lakin ölkə bu il bir az da irəli gedərək səsvermənin nəticələrini seçki məntəqələri hələ açılmadan elan edib.
Qəzet yazır ki, Mərkəzi Seçki Komissiyası “səhv ucbatından” İlham Əliyevin qələbəsini seçkidən bir gün əvvəl açıqlayıb.
Məqalədə deyilir ki, hökumətə tənqidi münasibəti ilə fərqlənən Meydan TV internet kanalı Mərkəzi Seçki Komissiyası üçün hazırlanmış mobil telefon aplikasiyasının telefon ekranlarından çəkilmiş şəkillərini nümayiş etdirib. Bu şəkillər Əliyevin səslərin 72,4, müxalifət namizədi Cəmil Həsənlinin isə 7,4 faizini topladığını göstərib.
Ekran şəkillərindən görünür ki, aplikasiya hətta adamların hansı saatlarda, necə səs verdiklərini də göstərib. Əsl seçki isə ertəsi gün başlanıb.
Meydan TV-nin meneceri Emin Milli «The İndependent» qəzetinə deyib ki, qutuların topa-topa bülletenlərlə doldurulması əvvəlki seçkilər zamanı da sənədləşdirilib, lakin bu son sızma saxtakarlığın daha ciddi şəkil aldığını göstərir.
Avropa Əliyevə niyə göz yumur?
Nəticələrin əvvəlcədən yayılması faktını ABŞ-ın ABC, CNBC telekanalları, “Reuters”, BBC və başqa xarici media orqanları da işıqlandırıblar. Həmçinin Almaniyanın “Der Spiegel”, “Stern” kimi yüzminlərlə tirajı olan jurnalları, qəzetləri telekanal və radioları da Azərbaycanda seçkinin kütləvi saxtakarlıqla müşayiət olunduğunu xəbər verərkən, MSK-nın nəticələri əvvəlcədən yayımlamasını sübut kimi təqdim edib. Almaniyanın beynəlxalq radio yayımçısı olan “Deutsche Welle”də (Alman dalğası) bildirilir ki, Azərbaycandakı seçki ərəfəsində Avropa ümumən bu ölkədəki insan haqlarının vəziyyəti barədə susmağa üstünlük verib, çünki Avropaya Bakının qazı lazımdır.
“Deutsche Welle” xəbər verir ki, məsələn, Almaniya Beynəlxalq və Təhlükəsizlik Işləri Institundan Uwe Halbach hələ Azərbaycan seçkilərindən əvvəl ədalətli səsvermənin olmayacağını bildirmişdi.
Halbach Avropa Ittifaqının ikili standrtlarından da söz açır. Qeyd edir ki, Avropa Ittifaqı Belarusa sanksiyalar tətbiq edib, prezident Lukaşenkonun Avropaya səfərlərinə qadağa qoyulub. Lakin Azərbaycan üçün yaradılan şərait fərqlidir: “Ilham Əliyev tez-tez Avropanın qonağı olur və ölkəsinin modernləşdirilməsinə görə təriflənir. Halbuki, insan haqlarının Azərbaycandakı vəziyyəti Belarusdakından çox az fərqlənir”.
Ekspert vurğulayır ki, Avropanın belə münasibəti Azərbaycanı daha təkəbbürlü ölkə edir.
“Azərbaycan tarixində ən çirkli seçki”
CNN-in reportajında da seçkidən bir gün əvvəl MSK-nın nəticələri yayması faktı öz əksini tapıb. Eyni zamanda, müxalifətin prezidentliyə vahid namizədi Cəmil Həsənlinin fikirlərinə də yer verilib. Cəmil Həsənli budəfəki prezident seçkisini “Azərbaycan tarixində ən çirkli seçki” adlandırıb.
Cəmil Həsənli kütləvi saxtakarlıq faktlarının baş verdiyini bildirərək, yeni seçkinin keçirilməsini tələb edib.
Reportajda Müsavat başqanı Isa Qəmbərin də fikirləri öz əksini tapıb. Isa Qəmbər bildirib ki, bütün ölkə boyu seçkinin saxtalaşdırılması üçün “karusel” üsulundan istifadə olunması bu hakimiyyətin insanların səsini eşitmək istəməməsi, xalqın fikrilə hesablaşmamasının göstəricisidir.
AXCP sədri Əli Kərimli “CCN”ə bildirib ki, müxalifətin vahid namizədi olan Cəmil Həsənli uğurlu kampaniya apararaq, çoxlu sayda vətəndaşın seçkidə iştirakını təmin etdi.
Cəmil Həsənli onu da bildirib ki, insanların gözü qarşısında topa-topa bülletenləri qutulara doldurublar və bu işdə vəzifəli şəxslər iştirak edib.
“Çox ağır cinayət törədiblər. Bu, hakimiyyətin qəsb edilməsidir. Azərbaycandakı seçkidə ”Exit-poll”u fəaliyyəti qeyri-şəffaf təşkilatlar kimi tanınan qurumlar keçirib.
Seçkinin nəticələri 8 saat əvvəldən bəlli idi
Türkiyənin “Hürriyet” qəzeti də yazır ki, Azərbaycanda seçkilərin nəticələri səsvermənin başa çatmasına 8 saat qalmış elan olunub və ən maraqlısı, seçki başa çatandan sonra “zor durumda qalan” MSK öz nəticələrini əvvəlcədən bəyan edilən rəqəmə uyğunlaşdırıb. Yazıda Milli Şuranın namizədi Cəmil Həsənliyə istinadən seçkilərdə qanun pozuntularına yol verildiyindən də bəhs edilir.
Neft gəlirləri Əliyevlərin cibinə axır
Türkiyənin “Milliyet” qəzeti isə seçkinin ilkin nəticələri barədə xəbərini “Əliyev milyardlarla dollarlıq xanədanını qoruyur” başlığı ilə verib. Qəzet İ.Əliyevin yenidən prezident elan olunduğunu qeyd edərək, onun ölkənin neft gəlirlərini öz hesabına axıtdığını yazır.
“Wikileaks sənədlərində ABŞ diplomatları Əliyev alisəini “Xaç atası” filmindəlki mafia ailəsi Korleoneyə bənzədirdi. Dövlətin neft şirkəti SOCAR-a görə, Azərbaycanın 2011-ci ildə neft gəlirləri 19 milyard dollar olub. Ancaq bu gəlirin çoxu birbaşa Əliyev və həyat yoldaşının ailəsi Paşayevlərin qurduğu 5 holdinqin kassalarına daxil olur. Bu kassalardan çıxarılan pullarla Rusiya və Çexiyanın turizm şəhərlərində otellər, villalar alınır, biznes qurulur, Rusiya banklarındakı şəxsi hesablara yüz milyonlar axıdılır”.