“Seçki beynəlxalq standartlara cavab verməyib; bülletenlər qutulara topa-topa atılıb…”
Dövlət Departamenti: «Azərbaycan hökuməti repressiv siyasətini seçki günü də davam etdirməkdən çəkinməyib»
ABŞ Dövlət Departamenti Azərbaycanda keçirilmiş prezident seçkilərilə əlaqədar bəyanat yayıb. Dövlət Departamentinin saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, ABŞ davamlı olaraq Azərbaycan hökumətini azad və ədalətli seçki prosesini təmin etməyə, birləşmə və toplaşma azadlıqlarına hörmətlə yanaşmağa çağırıb.
“Təəssüf hissilə qeyd edirik ki, bu seçkilər beynəlxalq standartlara cavab verməyib. ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu oktyabrın 10-da seçkilərə qiymət verərkən bəyan etdi ki, prezident seçkiləri ATƏT qarşısında götürülmüş öhdəliklərə uyğun keçirilməyib. Birləşmiş Ştatlar ATƏT-in bu qiymətləndirməsilə razılaşır və mövcud vəziyyətlə bağlı narahatlığı bölüşür.
Başqa bir qeyri-hökumət təşkilatı olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi də eyni qanun pozuntularını qeyd edib.
Dərin narahatlıq hissilə bildiririk ki, seçki günü müşahidəçilər aşağıdakı ciddi qanun pozuntularını aşkarlayıblar:
– bülletenləri topa-topa seçki qutularına atılması;
– səslərin sayılması prosesində yol verilən ciddi pozuntular;
– bir nəfərə çoxlu sayda bülletenlərin verilməsi”, – deyə bəyanatda bildirilir.
ABŞ Dövlət Departamenti eyni zamanda, Azərbaycan hakimiyyətini repressiv siyasət yürütməkdə ittiham edib: “Hökumət repressiv siyasətini seçki günü də davam etdirməkdən çəkinməyib. Hakimiyyətin mətbuatın və vətəndaş cəmiyyətinin fəaliyyətinə müdaxiləsi adi hal alıb. Bir sıra hallarda vətəndaşların dinc aksiyalarına ümumiyyətlə imkan verilməyib. Müxalifətçilər və siyasi fəallar həbs olunub. ABŞ Azərbaycan hökumətini dinc toplaşma, birləşmə və söz azadlığına hörmət etməyə çağırır. Azərbaycan hökumətinin seçkidən sonrakı dövrdə zorakı hərəkətlərdən çəkinməyə səsləyirik. Biz Azərbaycan xalqını dəstəkləmək öhdəliyinə sadiq qaldığımızı bəyan edirik. Azərbaycan hökumətilə bu ölkənin tam stabil, çiçəklənən, demokratik dövlətə çevrilməsi üçün işləməyə hazır olduğumuzu bildiririk”.
Informasiya şöbəsi