Misirin müvəqqəti prezidenti Ədli Mənsur prezident və parlament seçkilərinin keçirilmə tarixi ilə bağlı fərman verib. Sənədə əsasən 15 gün ərzində Konstitusiya Şurası çağırılmalı, Şura ölkənin əsas qanununa dəyişiklikləri hazırlamalıdır. Bu dəyişikliklərin növbəti 4 ay ərzində referendum yolu ilə təsdiqlənməsi tələb olunur. Yalnız bundan sonra fevral ayında Misirdə parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Bunun ardınca isə Misir xalqı növbəti prezidentini seçə biləcək.
Misir ordusu islamçı prezident Məhəmməd Mursini hakimiyyətdən uzaqlaşdırandan sonra əvvəlki konstitusiyanın qüvvəsini dayandırıb.
Bu arada ötən gün səhər paytaxt Qahirədə azı 51 nəfərin öldüyü bildirilir. Müsəlman Qardaşlarının iddiasına görə, təhlükəsizlik qüvvələri Mursinin saxlandığı güman olunan binanın qarşısında dinc tərəfdarlarına atəş açıb. Ordu isə silahlı təxribata cavab verdiyini bildirir.
ABŞ Misir hərbçilərini «maksimum təmkin» göstərməyə çağırıb və hələlik Misir ordusuna yardımı dayandırmayacağını açıqlayıb.