Çox vacib bir məqamı heç kəs unutmamalıdır. Hamı bilməlidir ki, Rüstəm Ibrahimbəyovun seçkilərdə Milli Şuranın vahid namizədi olması Milli Etimad Hökumətinin qurulmasını nəzərdə tutur. Bu məqam bəzi bəhanə və tərəddüdlərə də cavabdır. Bilirsiniz ki, Milli Şurada vahid namizədin öhdəlikləri ilə bağlı memorandum qəbul olunub və sənədə görə vahid namizəd prezident olduqda Milli Şurada razılaşdırmaqla demokratik siyasi qüvvələrin təmsil olunduğu etimad hökuməti quracaq. Rüstəm bəy də bu öhdəlik sənədini imzalayıb.
Yəni siz Rüstəm Ibrahimbəyovu dəstəkləməklə, ona səs verməklə, əslində demokratik qüvvələrin Milli Etimad Hökumətinə səs vermiş olursunuz. Məgər siz Milli Etimad Hökumətinin qurulmasını istəmirsiniz?
Mən bəzi bəhanələri və uydurma dəlilləri eşidəndə deyirəm: 20 il Əliyevlərin oğru və cinayətkar nazirlərindən ibarət hökumətinə, amansız zülmlərinə, talan və yalanlarına, saxta parlamentinə, ərköyün məmur və övladlarına, Siyavuş Novruzovla xalqa müdriklik dərsi verməsinə dözdünüz, amma Rüstəm Ibrahimbəyovun rəhbərliyi ilə demokratik düşərgənin sınanmış adamlarının təmsil olunduğu etimad hökumətinə tərəddüd edirsiniz? Cəmi 2 il ömrü olacaq bir hökumətə!
Kimlərsə səmimi olaraq Rüstəm Ibrahimbəyovun hansısa cəhətini bəyənməyə də bilər, hər hansı çatışmazlığını düşünə bilər. Hətta onu sevməyə də bilər. Amma söhbət müxalif düşərgənin razılaşa bildiyi vahid namizəddən gedir və əslində siz Rüstəm Ibrahimbəyova səs verməklə birləşmiş müxalifətə səs vermiş olursunuz. Siz birləşmiş müxalifətin qarşısında öhdəliyi olan bir namizədə səs verirsiniz. Həm də 2 ildən sonra bu namizəd seçkilərə qatılmayacaq və özünün qatılmadığı demokratik prezident seçkiləri keçirmək onun son vəzifəsi olacaq.
Diqqət edin. Bu arada Azərbaycan hakimiyyəti durmadan Rüstəm Ibrahimbəyovun əleyhinə təbliğat aparır və böhtanlar yağdırır. Amma özləri də görürlər ki, böhtanlar yerimir. Onlara inanan da yoxdur. Başlayırlar, müxalif insanların “sarı siminə” toxunacaq dəlillər uydurmağa. Məsələn, deyirlər ki, niyə 20 il mübarizə aparan siyasi liderlər kinodramaturqa güzəştə getdi.
O qədər utanmaz olublar ki, bu 20 il məsələsini bizə uğur kimi qəbul etdirmək istəyirlər. Biz də bu mübarizə ilə fəxr edirik. Amma bu 20 illik mübarizə elə bu cinayətkar hakimiyyətin əngəllərinin sayəsində yaranıb. Axı kim istəyirdi ki, bu iqtidarın ömrü uzansın və biz onunla uzun illər mübarizə aparaq?! Kaş ki, həmin liderlər 2-cə ilə hakimiyyətə gələ və ölkəni zülmdən qurtara bilərdilər. Indi istədiyimiz isə odur ki, nəhayət bu mübarizə uğur qazansın, uzanmasın, xalqımız rəzil bir rejimi arxada qoysun. Milli Şura və Rüstəm Ibrahimbəyovun vahid namizəd olması da ona görədir ki, bu iqtidarla mübarizə daha uzanmasın. Bu, uğura hesablanmış bir birlik modelidir…
Son vaxtlar nəyi müşahidə edirəm? Heç bir partiya üzvü olmayan narazı insanlar arasında Milli Şura ideyasına böyük maraq və inam var. Əvvəllər dəyişikliyin olacağına heç cür inanmayan sadə insanlar öz inamlarını bölüşürlər. Maraqlıdır ki, onların arasında Rüstəm Ibrahimbəyovun namizədliyi artıq populyarlıq qazanıb və uğurlu variant sayılır. Hətta belə bir seçimə görə müxalif liderlərə təşəkkür edirlər. Insanlar birlikdən yanadır. Mən əminəm ki, bu rejim durduqca həmişə belə olacaq.