Füzuli Ələkbərovun işçilərinin rüşvətxorluğundan cana doyan 100-ə yaxın sakin yolu kəsdi
Tovuz rayonunun 100-ə yaxın sakini fevralın 28-də ünvanlı sosial yardım ödənilməsi tələbi ilə şəhərin mərkəzində Həzi Aslanov küçəsində yolu kəsiblər. Yerli mənbədən “Turan”a verilən məlumata görə, toplaşanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsinin əməkdaşları tərəfindən aldadılıblar.
Belə ki, yarım il əvvəl onlara ilk 6 aylıq ödənişin nazirliyin yerli şöbəsinin əməkdaşlarının alacağı şərti ilə ünvanlı sosial yardım ödəməyi təklif ediblər. Indi ikinci yarımil üçün pul ödəməyin vaxtı çatanda yerli məmurlar vətəndaşların daha bir aylıq vəsaitini mənimsəmək istəyirlər. Məmurların bu dərəcədə böyük iştahı rüşvətə öyrəşmiş insanları qəzəbləndirib və küçələrə çıxarıb.
ƏƏSMN mətbuat xidmətinin əməkdaşı Ilham Məmmədov “Turan”ın müxbiri ilə söhbətində yerli məmurların vətəndaşların vəsaitini mənimsəməsi haqqında məlumatı qəti şəkildə inkar edib. O qeyd edib ki, nazirliyə daxil olan bütün şikayətlər diqqətlə araşdırılır.