Elxan Hüseynov aldatdığı şəxslərin pulunu Şirvanda Heydər Əliyev Mərkəzinin tikintisinə xərclədiyini açıqlayacaqmış
Vətəndaşların külli miqdarda pulunu mənimsəyən “Muray” tikinti şirkətilə bağlı yeni məlumatlar əldə etmişik. Xatırladaq ki, şirkət rəhbərliyi inşa etdiyi binalarda hər mənzili bir neçə nəfərə satıb. Bu yolla 300 nəfərdən artıq vətəndaş aldadılıb.
“Muray” şirkətinin rəhbəri Elxan Hüseynov adlı şəxs olsa da, bu məsələyə görə “Azərbaycan” Nəşriyyatının kommersiya direktoru, Prezident Administrasiyasının (PA) ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin bacanağı Qalib Məmmədbəyli həbs edilib. Qalib Məmmədbəyli “Muray” şirkətinin himayədarı hesab olunur. Yeri gəlmişkən, o, həm də fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumudur. Məlumatlara görə, əslində Qalib Məmmədbəylinin həbsi adıçəkilən şəxslərlə qohumluq əlaqələrinə görədir. Həm Zeynal Nağdəliyev, həm də Kəmaləddin Heydərov PA rəhbəri Ramiz Mehdiyevin “qara siyahısı”nda olan məmurlardır. Ramiz Mehdiyev də onları “vurmaq” üçün “Muray qalmaqalı”ndan yararlanıb. Şirkətin əsl sahibinin azadlıqda gəzməsi də bu məlumatların əsassız olmadığını göstərir.
Dünən isə məlumat aldıq ki, “Muray”ın əsas sahibi Elxan Hüseynovun azadlıqda gəzməsinin başqa bir səbəbi də var. Şirkət rəhbərinin aldatdığı vətəndaşların pulunu Şirvanda Heydər Əliyev Mərkəzinin tikintisinə xərclədiyi sirr deyil. Bunu aldadılan vətəndaşlar da qəzetimizə deyib. Məlumatda deyilir ki, Elxan Hüseynovu bu işə təhrik edən isə Şirvanın icra başçısı, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalov olub. Mərdan Camalov Elxan Hüseynovu inandırıb ki, o, Şirvanda Heydər Əliyev Mərkəzinin inşasını üzərinə götürərsə və tikintini uğurla başa çatdırarsa, yüksək vəzifə ilə təmin olunacaq. Bəzi məlumatlara görə, Mərdan Camalov ona müavinlik postu vəd edib. Elxan Hüseynov da həvəslənərək vətəndaşlardan aldığı pulları Mərkəzin tikintisinə yönəldib.
Məlumatlarda deyilir ki, Elxan Hüseynovun həbsi məsələsi gündəmə gələndə o, bu faktı ictimailəşdirəcəyini bəyan edib. Bununla da özünü həbsdən sığortalayıb. Məlumata görə, onun axtarışa verilməsi əslində məsuliyyətdən kənarda saxlanmasına hesablanmış addımdır. Əslində isə Elxan Hüseynovu tapmaq o qədər də çətin məsələ deyil.
İnformasiya şöbəsi