Ramiz Zeynalov, Ziya Məmmədov və Səfər Əbiyev «vurula» bilər
“Antikorrupsiya şousu” çərçivəsində bir neçə iri çinli məmurun işdən çıxarılacağı və ya həbs ediləcəyi barədə məlumat vermişdik. Bildirmişdik ki, hakimiyyət hələlik buna zəmin yaratmaqla məşğuldur. Bu günlərdə insan haqları üzrə müvəkkil Elmira Süleymanovanın Milli Məclisə təqdim edəcəyi hesabat əslində bu planı yerinə yetirmək üçün zəmin sayıla bilər.
Hesabata diqqət yetirəndə daha çox hansı məmurların hədəfdə olduğunu sezmək mümkündür. Sənəddə qeyd olunub ki, Ombudsman aparatına daha çox şikayət Dövlət Yol Polisindən, nəqliyyat müfəttişlərindən və Müdafiə Nazirliyindən daxil olub. Elmira Süleymanovanın bunu xüsusi vurğulaması Ramiz Zeynalovun, Ziya Məmmədovun və Səfər Əbiyevin “vurulmasına” hazırlıq görüldüyü anlamına gələ bilər. Yeri gəlmişkən, “antikorrupsiya şousu” çərçivəsində iqtidar mətbuatında da daha çox bu sahələrdəki nöqsanlara diqqət yetirilir.
Hesabatda, həmçinin daha çox şikayət daxil olan 5 rayonun adı xüsusi olaraq qeyd edilib. Bunlar Şəki, Imişli, Kürdəmir, Ağcabədi və Sabirabad rayonlarıdır. Ehtimal etmək olar ki, bu rayonların da icra başçıları tutduqları vəzifədən azad ediləcək.
İnformasiya şöbəsi