Eldar Ibrahimov onları əliyevçi yox, Əliyevin ətrafında dolaşanlar adlandırdı
YAP-ın tələm-tələsik qurultayından sonra da tənqidlər səngimədi. Belə ki, qurultaya dəvət olunmayan, qocaman yapçılar, partiyanın qurucuları dəvət edilməmələrini anlamadıqlarını söylədilər.
Milli Məclisin deputatı Eldar Ibrahimov məsələylə bağlı mətbuata açıqlamasında bildirib ki, partiyanın qurultayında iştirak etməyənlər günahı özündə axtarmalıdır: “Düzdür, ”YAP-ın qurucularından biri olmuşam” deyən insanlar çoxdur. Ancaq anlamaq lazımdır ki, YAP-ın qurucusu ulu öndərimiz Heydər Əliyevdir. Başqaları isə sadəcə olaraq, H.Əliyevin kənarında dolaşmış adamlardır. Indiki halda da özlərini böyük təşəbbüskar kimi göstərirlər. Digər tərəfdən, köhnə yapçılardan mövqeyini bu günə kimi qoruyub-saxlayanlar qurultayda iştirak edirdi. Partiyadan ayrıldıqdan sonra hakimiyyətə zidd addımlar atanlar isə, dəvət olunmamışdı. Bir daha qeyd edirəm ki, qurultaya çağırılmayanlar günahı başqalarında axtarmalı deyil”.
Qurultaya dəvət olunmayan YAP-çıların nə günahı var ki, onlar kənarda qalıblar?
YAP-ın qurucularından olan Maksim Musayev “Azadlıq”a dedi ki, onun günahı yalnız günahsızlığına görədir: “Başqa bir səbəb isə hədsiz dərəcədə Heydər Əliyevçi olduğumuza görə, qısqanclıq edib, çağırmayıblar”.
Maksim Musayevin sözlərinə görə, Əli Əhmədovla Eldar Ibrahimov kimilər çoxdan çalışırlar onu antiəliyevçi kimi qələmə verələr: “Məqsədləri mənim antiəliyevçi olmağımla bağlı təbliğat aparmaqdır. Onların bu arzuları ürəklərində qalacaq. Özləri antiəliyevçi olduqları üçün partiyanı bu günə qoyublar”.
Qocaman YAP-çı, keçmiş deputat Əli Əlirzayev “Azadlıq”a açıqlamasında bildirdi ki, onun həyatda heç bir günahı yoxdur: “Kim məni təqsirləndirir, özü bilər. Mənim heç bir günahım yoxdur”.
Qeyd edək ki, Əli Əlirzayev YAP-ın qurultayından sonra mətbuata açıqlamasında heç vaxt fırıldaqçı olmadığını deyib: “YAP-ı yaradanlar kənarda qalıb, bu, artıq birmənalı qəbul olunmalıdır. Heydər Əliyevin arxasınca getməyən, onu tənqid edən, əleyhinə məqalə yazan, onunla heç vaxt kəlmə kəsməyən adamlar indi YAP-ın yaradıcıları olublar”.
Ramin DEKO