«Zatulinin açıqlamasından çıxan nəticə ondan ibarətdir ki, Rusiya və ABŞ Azərbaycandakı rejimi dəstəkləmək fikrində deyil»
Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı, MDB dövlətləri Institutunun direktoru Konstantin Zatulinin Azərbaycan hakimiyyəti ilə bağlı açıqlaması maraq doğurur. Konstantin Zatulin Azərbaycan hərbi ritorikasının nəzərə çarpan dərəcədə yumşalmasını payızda keçiriləcək prezident seçkiləri ilə əlaqələndirir.
“Azərbaycan seçki gözləntisi ilə yaşayır. Ilham Əliyev narahatdir. Mən bunu hiss edirəm. Azərbaycan prezidentinin narahatlığına əsas var. Çünki daxili müxalifət hakimiyyətin qeyri-demokratikliyini ifşa edərək tələblər irəli sürür. Xarici amerikali dostlar köməyə tələsmir, əksinə, özləri müxtəlif QHT-lərlə Azərbaycan hakimiyyətinə problemlər yaradır, Azərbaycanın siyasi arenasına müxalifətin gözü ilə baxır”,- deyə Zatulin vurğulayıb.
Rusiyanın Azərbaycan hakimiyyətinə verə biləcəyi dəstəyə gəlincə, Zatulin qeyd edib ki, orada Ilham Əliyevin tam və qeyd-şərtsiz mövqeyinə zəmanət vermirlər: “Moskvada elə-belə, səbəbsiz hesab etməyəcəklər ki, Əliyev rejimi hər hansı digər hakimiyyətdən yaxşıdır. Əvvəllər Bakıda hesab edirdilər ki, Rusiya istənilən halda müxtəlif təhlükələrdən qaçmaq üçün (islamçıların, milliyyətçilərin mümkün yüksəlişi) hazırkı hakimiyyətə dəstək verəcək, bu gün bu yalnış əminlik yavaş-yavaş arxa plana keçir. Əliyevin özü son vaxtlar xeyli artıq sözlər danışıb, elə təcrübədə də göstərib ki, Moskva ilə oyun aparır. Xeyli nümunə var – Qəbələ RLS, Suriya məsələsi ilə bağli faktorlar, Iranla çəkişmə, hələ Ermənistana münasibətdə mövqeyi demirəm. Bundan əlavə, Rusiyanın özü Azərbaycanın böyük şimal qonşunun qeyd-şərtsiz dəstəyinə inamının olmasında maraqlı deyil”.
Artıq rus diplomatının açıqlamasına hakimiyyətin münasibəti də özünü çox gözlətməyib. Iqtidar yetkililəri Zatulini hədəf alan bir neçə sərt açıqlama ilə çıxış ediblər.
Rusiyalı diplomatın açıqlamasını şərh edən siyasi ekspert bildirdi ki, Zatulinin açıqlaması ilə bağlı danışarkən əvvəlcə bu şəxsin uzun müddət ərzində Rusiya parlamentində MDB işləri üzrə komissiyanın sədri olmasından başlamaq lazımdır: “Zatulin uzun müddət xarici siyasət sahəsində, xüsusilə də MDB ilə bağlı fəaliyyət göstərib. Indinin özündə də institut direktoru kimi Rusiya hökuməti ilə kifayət qədər ciddi əlaqələri olan bir şəxsdir. Əslində Zatulin qeyri-adi heç nə deməyib. Sadəcə olaraq artıq çoxlarının bildiyi məsələlər barədə danışıb. O, açıqlamasında Azərbaycan-Rusiya, Azərbaycan-ABŞ münasibətləri ilə bağlı gerçək vəziyyət haqqında obyektiv məlumat verib”.
Siyasi ekspert onu da vurğulayır ki, diqqəti cəlb edən detallar ondan ibarətdir ki, Zatulin Rusiyada Ilham Əliyev hökumətinə etimad limitinin tamamilə tükəndiyini qəti şəkildə bildirir: “Mühüm amil ondan ibarətdir ki, hətta Rusiya postƏliyev dövrünə mənəvi və psixoloji cəhətdən tamamilə hazırdır. O, eyni zamanda ABŞ hökumətinin Əliyevə münasibətinin kəskin şəkildə dəyişməsinin obyektiv gerçəklik olduğunu bildirir. Bu açıqlamadan birbaşa çıxan nəticə ondan ibarətdir ki, istər Rusiya, istərsə də ABŞ Azərbaycanda mövcud olan rejimi bundan sonra dəstəkləmək fikrində deyil”.
Xəyal